Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:44

Milli Şuranın sədri, tarixçi-professor Cəmil Həsənli həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov barəsində yenidən həbs-qətimkan tədbiri seçilməsini pisləyib.

C.Həsənli keçmiş nazirə bu münasibəti ölkənin hüquq sisteminin rəzalət içində olmasının göstəricisi kimi dəyərləndirib: «11 il ağır şəraitdə günə-gün cəza çəkən yaşlı bir insan həbs müddətinin bitməsinə 9 gün qalmış yeni həbs cəzası alır. Adamın həbs yerində yenidən həbs edilməsi qisasçılığın hüquq müstəvisinə transferini açıqca ifadə edir».

Daha sonra o, bir neçə ilə öncə dövlət başçısı İlham Əliyevin ölkədə hüquqi dövlətin qurulması, məhkəmələrin müstəqil olması və narazı qalanların Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilməsi haqda bəyanatını xatırladır: «Əli İnsanov etdi və Strasburq məhkəməsi dörd il öncə onun günahsızlığı haqqında qərar verdi. Bu dörd il ərzində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı icra olunmadı. Üstəlik, iki gün əvvəl heç bir hüquqa sığmayan saxta ittihamla 70 yaşlı adam haqqında Qaradağ Rayon Məhkəməsi yeni həbs-qətimkan tədbiri seçdi. Açıq-aydın görünür ki, onun azadlığa çıxmasının qarşısını almaq üçün bu gülünc şərləmə məhkəmə hökmü ilə «möhkəmləndirilib»».

C.Həsənliyə görə, görünür, kimlərsə 11 il ərzində hakimiyyətdən aman diləməyən, həbsxana divarları arasında əzmi və iradəsi daha da möhkəmlənən Əli İnsanovun azadlığa çıxmasından bərk narahatdır.

Ə.İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Ancaq azadlığa çıxmasına bir neçə ay qalmış - bu il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

Qərarda göstərilir ki, Ə.İnsanov avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb.

Ə.İnsanov ittihamları qəbul etmir. Bunu onu həbsdə saxlamaqdan ötrü düşünülmüş ssenari sayır.

Oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi bu ittihamlar üzrə Ə.İnsanov haqda yenidən 3 aylıq həbs-qətimkan tədbir seçib. Halbuki, onun 11 illik həbs cəzasının başa çatmasına günlər qalırdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG