Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:11

Cəlilabadda təcili yardım taksi kimi işləyir?


Arxiv fotosu
Arxiv fotosu

50 MANATI 30-A ENDİRİB

Avqustun 14-də Cəlilabad sakini Səxavət Fətullayev bətnindəki körpəsini itirmək üzrə olan gəlini Gülşən Fətullayevanı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparıb. Burada bildiriblər ki, Gülşən körpəsini itirməmək üçün mütləq xəstəxanada həkim nəzarətində müalicə almalıdır. Ancaq xəstəxanada onu saxlamağa şərait yoxdur:

“Əvvəla, təmirdən çıxan xəstəxanada şərait yoxdursa, niyə o qədər pul xərcləyiblər? Cəlilabadın mərkəzində maket kimi saxlayıb camaata gözdağı ediblər.

Sonrası da, həkimlərə bildirdim ki, hamilə və vəziyyəti ağır olan gəlini təkbaşına Lənkərana apara bilmərəm. Dedilər, “həyətdəki “təcili yardım”ın sürücüsünü “gör”, mindir apar”. Sürücü də 50 manat istədi. Gəlin xərəkdə inildəyir, mən sürücüylə “alver öldürürəm”.

Səxavət Fətullayev qiyməti 30 manata endirə bilib. Bundan sonra da xəstəni Lənkəran xəstəxanasına təhvil verməyə onunla bərabər getməkdən ötrü tibb bacılarına yalvarmalı olub. Deyir, tibb bacılarının “zəhməthaqqını” bu başdan istəməsi onu cin atına mindirib:

“Pul vermədiyimdən biri küsdü getdi, mənim səs-küyümdən sonra o biri gəldi mindi maşına. Bütün bunlara 1 saatdan çox vaxtımız getdi. Vəziyyəti daha da ağırlaşmış gəlinimi birtəhər gətirib Lənkərana xəstəxanaya çıxardıq. Hələ bizi aldatmışdılar ki, maşında kondisioner var. Yolun ortasında xəbər tutduq ki, kondisioner nə gəzir, xəstənin vəziyyəti getdikcə pisləşir. Yazığın ağrıları artmışdı, mənsə əsəbimdən ondan da pis vəziyyətə düşmüşdüm. Xəstəxanaya şəfa tapmağa gedərlər, biz qapısından girib əsəb tapırıq”.

Buna da baxın: Benzinin qiyməti qalxa bilər

HALLALIQ TƏLƏBİ

Həngamənin davamı gəlini xəstəxanaya yerləşdirəndən sonra baş verib. Təcili yardım maşını ilə gələn tibb bacısı elə həmin maşınla qayıtmalıdır. Ancaq burada da mübahisə düşür – Səxavət Fətullayev deyir, indi də tibb bacısı iki ayağını bir başmağa dirəyir ki, “əziyyət çəkmişəm, halallığımı verin”. Özündən çıxan Səxavət Fətullayev gözünü yumub, ağzını açınca, görür ki, qarşısında nə təcili yardım maşını var, nə də tibb bacısı...

Gülşən Fətullayeva hazırda Lənkəran Mərkəzi Xəstəxanasında həkim nəzarətindədir.

Buna da baxın: Ərzaq indi gömrükdə baha qiymətə rəsmiləşdirilir - səbəbi burada

XƏSTƏXANADAN CAVAB - YA-LAN-DIR!

Cəlilabad rayon Mərkəzi Xəstəxanasından “Qaynar xətt”ə bildiriblər ki, Gülşən Fətullayeva Lənkəran Mərkəzi Xəstəxanasına rəsmi göndərişlə və xəstəxana işçisinin nəzarəti altında aparılıb. Onu xəstəxanaya gətirən qohumlarından buna görə pul istənilməsi barədə deyilənlər həqiqətə uyğun deyil. Xəstənin müalicəyə görə qonşu rayonun xəstəxanasına göndərilməsinin səbəbi isə açıqlanmayıb.

Səhiyyə Nazirliyi isə bildirir ki, əgər vətəndaş quruma rəsmi müraciət etsə, araşdırma aparılar.

3 il öncə prezident İlham Əliyev Cəlilabad rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən bina ən müasir avadanlıqlarla təchiz olunub. Xəstəxanada digər şöbələrlə yanaşı mama-ginekoloji şöbəsi də var.

XS
SM
MD
LG