Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:17

Bu, sonuncu odun idi...


Cəlilabad rayonu, Göytəpə şəhər 1 saylı tam orta məktəbində sinif otağı.
Cəlilabad rayonu, Göytəpə şəhər 1 saylı tam orta məktəbində sinif otağı.

“Noyabrda öz cibimdən pul qoyub 4 kub metr odun aldım. Onu da işlətdik, bitdi. İndi sinifdə soba yanmır, uşaqlar soyuqdan donur”.

Bunu AzadlıqRadiosu-na Cəlilabad rayonu, Göytəpə şəhər 1 saylı tam orta məktəbinin ibtidai sinif müəlliməsi Etiraf Vəliyeva deyir. Onun sözlərinə görə, müəllimlər aldıqları cüzi maaşın bir hissəsinə sinif otaqlarını qızdırmaqdan ötrü odun alırlar.

Buna da bax:​ Məktəbdə uşağı soyuqdan xəstələnən atanın şikayəti

YAZILMAMIŞ QAYDA

Təmirsiz məktəbdə əzəldən qaz xətti olmayıb, sinif otaqları daim odunla qızdırılıb. Müəllimənin deməsinə görə, son illər hər qış gələndə ibtidai siniflərin odununu müəllimlər, yuxarı siniflərin odununu şagirdlərin valideynləri alır. Etiraf Vəliyeva:

“Bu, məktəbdə yazılmamış bir qaydaya çevrilib. Sanki belə də olmalıdır. Odun bitəndə bu, nə rayonun təhsil şöbəsini, nə də başqa qurumları qayğılandırmır. Hamı gözləyir ki, müəllimlər və valideynlər əlini cibinə salıb odun alsın”.

Müəllimə deyir, alınan odunu məktəbin həyətində şagirdlər doğrayır, daşıyıb sinfin bir küncünə yığır, gündə bir neçə dəfə sobaya atırlar ki, sönməsin. Bir sözlə, şagirdlər dərs vaxtının bir hissəsini belə qayğılara “xərcləyirlər”.

Buna da bax: 'Məhəlləmizi zəbt ediblər'

ODUN QURTARIB

Etiraf müəllimənin sözlərinə görə, hazırda odun tükəndiyindən və onun növbəti dəfə odun almağa pulu olmadığından uşaqlar sinifdə soyuqdan donur. İkinci növbələrdə 5-ci və 6-cı dərs saatları təxirə salınıb:

“Dövlət 72 sinfi olan məktəbə cəmi 20 metr odun verib, o da çoxdan tükənib. Vallah, uşaqlara dərman almaqdan yorulmuşam. Direktora deyirəm, deyir, ‘get təhsil şöbəsinə de’, təhsil şöbəsinə yazanı da çağırıb hədələyirlər, deyir, ‘deyəsən, işindən bezmisən’”.

Ancaq müəllimənin özü demişkən, bıçaq sümüyə dirənib. Artıq odun almaqdan bezmiş müəllimlər də, valideynlər də dilə gəlib.

Buna da bax:​ 'Evimiz plana düşüb, 3 ildir zirzəmidə qalırıq'

Etiraf müəllimə danışır ki, sinif otaqlarında təhlükəsizlik qaydalarına da riayət olunmur. Sobaların altına dəmir parçaları qoyulmur, qum tökülmür. Daim soba yandırılan sinif otaqlarının heç birində yanğınsöndürən balonlar yoxdur.

“UŞAQLAR AYAQYOLUNDA NƏCİSƏ BATIB ÇIXIRLAR”

Azı 120 müəllimi, 1600 şagirdi olan məktəbin həllini gözləyən başqa problemləri də var. Biri də bu təhsil ocağında tualetlərin bərbad durumda olmasıdır:

“Müəllimlərin şikayətlərindən sonra onlara ayaqyolu tikildi, ancaq şagirdlərin ayaqyolu problemi həll olunmadı. Uşaqlar o ayaqyoluya girəndə, nəcisə batıb çıxırlar. Deməklə deyil, bir kamera ola, bunları çəkib göstərə...”

Buna da bax:​ AXCP üzvü olan müəllim işdən çıxarılıb

AzadlıqRadiosu-nun əməkdaşı Cəlilabad şəhər Təhsil Şöbəsindən məsələyə münasibət öyrənməyə cəhd etsə də, alınmayıb.

Cəlilabad rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, qeyd olunan məktəbdəki durumu öyrənəcəklər: “O məktəbin kifayət qədər odunu olmalıdır. Maraqlanarıq, belə bir problem varsa, aidiyyəti qurumları məlumatlandırarıq. Yəqin ki, məsələ tez bir zamanda həllini tapar”.

XS
SM
MD
LG