Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

'Ağ qızıl'dan sonra 'yaşıl qızıl'a da növbə çatdı...


Astara. Çay tarlası. noy.2016

Astara. Çay tarlası. noy.2016

“Bizdə əvvəl yaxşı çay plantasiyaları olardı, ancaq indi yox kimidir. İrəlidə “Limonlu sovxoz” deyilən yer var, təzəlikcə orda çay da əkib-becərirlər”.

İndi Astarada çay əkilən yerləri soraqlaşa-soraqlaşa tapmaq olur. Dağ ətəyində yerləşən Kijabə kəndindəki “Limonlu sovxoz” ərazisi özünün məşhur limonu, naringisi və digər sitrus meyvələri ilə ad çıxarıb. Son vaxtlar burada çay da əkirlər.

“Bu il dörd yığım çay yarpağı topladıq”

“Mən 25 il aramsız çayçılıqda işləmişəm, indi yenə burda işləyirəm. Əllərimə bax, işləməkdən belədir...”.

Buna da bax:​ Lənkəran limonu, Gədəbəy kartofu ilə dolana bilər?

İşləməkdən, soyuqdan qaralmış əllərini göstərən 57 yaşlı Şinanaz İdrisova çoxdanın çaybecərənidir. Deyir, bir müddət çay əkilib becərilmədiyindən o da öz peşəsindən uzaqlaşıbmış. Ancaq təzəlikcə yaşıl çay plantasiyaları yenidən dirçəlməyə başlarkən, ona da yeni nəfəs gəlib. Sevə-sevə, sevinə-sevinə zəhmətli işinə yenidən qayıdıb:

Şinanaz İdrisova

Şinanaz İdrisova

“Qabaqlar “Azərbaycan gəncləri”, “Elm və həyat” qəzetlərində, Astarada, hər yerdə şəkillərim çıxardı. Çayçılıq çox sərfəlidir. Bu il dörd yığım çay yarpağı topladıq. Çətin peşədir, ancaq yaxşıdır. Kimin öz sahəsi var, ona lap yaxşıdır. Mənim öz sahəm yoxdur, başqasına çalışıram. Sahəsi olanlardan çay yarpağının kilosunu 1 manatdan alırlar. Mənim kimi fəhlə işləyənlərə hər yığılan 1 kiloya görə 20 qəpik verirlər. Mən bu yaşda gündə 100 kilo da yığa bilirəm. Adətən, 60-70 kilo yığıram... Adam var 200 kilo yığır”.

Çay yarpağı yığımı mayda başlanır. İndisə çay sahələri dincə qoyulub. Çayçı Şinanaz deyir ki, indi kollara başqa qulluq vaxtıdır:

“Şum vurulacaq, alaq otları təmizlənəcək, belləmə gedəcək. Mayın 12-16-da artıq çay yarpağı yığılmağa başlanacaq. Dekabrda şum vurulacaq, ta marta kimi”.

Buna da bax:​ Azərbaycanda çay plantasiyaları niyə məhv edildi?

“Bu tərəflərdə çaya “yaşıl qızıl” deyərdilər”

Astarada camaat danışır ki, vaxtilə çayçılıqdan qazandıqları pulla ev-eşik sahibi olublar, uşaqlarının xeyir işlərini “çaypuluyla” yola veriblər. Vaxtilə yamyaşıl çay plantasiyaları olmuş torpaqlar sonradan becərilməyib. Bölünüb, pay torpaqları kimi əhaliyə verilib:

“Neftə “qara qızıl”, pambığa “ağ qızıl”, çaya isə biz tərəflərdə “yaşıl qızıl” deyərdilər. Astarada tərəvəzçilikdən sonra ikinci təsərrüfat sahəsi çay idi. Rayon hər il 7-8 min ton çay verərdi. O vaxtlar bütün ölkə ildə 30-31 min ton çay istehsal edirdi. SSRİ dağılanacan belə olub. İndi ölkə üzrə heç min ton çay yarpağı yığılmır. Burda isə sentnerlə demək olar”.

Astara. Çay tarlası. noy.2016

Astara. Çay tarlası. noy.2016

Uzun illər çayçılıqla məşğul olmuş Sərvər Hüseynov deyir ki, bu ildən camaat təzədən çay plantasiyası salmağa başlayıb.

“Sovet dövründə bir çay koluna görə cavabdehə cəza verilirdi. Amma indi həmin sahələr yoxdur. İndi-indi əkilir. Halbuki çayın bir kolu, ən aşağısı, 70 il məhsul verir. Qulluq eləsən, bir az da artıq olar. Nə istəyir ki... Bir il əkirsən, 6-7 ildən sonra məhsul götürürsən. Aqrotexniki qulluq edirsən, gübrəsini, suyunu vaxtında ver, sənə məhsul versin. İndi prezident qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələ qaldırıb, pambıqla yanaşı çay məsələsini də qeyd edib. Bu, çox yaxşıdır, payızda yəqin yeni plantasiyalar da salınar”.

Buna da bax: Lənkəranda minlərlə çay kolu külə döndü

Sərvər kişi də çayçılığın əvvəlki şöhrətinin heç olmasa yarısına çatmasını arzulayır.

“Fermerlərə dövlət qayğısı olsa...”

Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Zaur Həsənov deyir ki, ölkədə çay yetişdirilməsinə ötən əsrin 30-cu illərindən başlanıb. Həm yerli, həm də gətirmə sortlardan istifadə olunub. 1990-cı illərdəsə bütövlükdə 30 min tona yaxın məhsul verən plantasıyalar məhv edilib:

“İndi yenidən bu sahəni canlandırmaq istəyirlər. Fermerlərə dövlət qayğısı olarsa, çayçılıq əvvəlki kimi inkişaf edə bilər. Çayçılıq iqtisadi baxımdan kəndlilərə çox əlverişli sahədir. Bəlkə də pambıqçılıqdan çox-çox önəmlidir. Bu saat pambıqçılığı gücləndirmək istəyirlər. İndi pambıq əkən fermerlərin əksəriyyəti peşmandır. Yığıma maşın söz verirlər, di gəl, maşın yoxdur. Ancaq çayçılıq sahəsi bir başqadır. Onsuz da Lənkəran-Astara bölgəsində işləmək qabiliyyətində olan insanların sayı həddən artıq çoxdur. Onlardan səmərəli istifadə etmək olsa, çayçılığı lap inkişaf etdirmək lar. Gərək hər şeyin yiyəsi ola. Yiyəsi olsa, alınacaq”.

Buna da bax:​ «Rayonlarda çay sahələri bərpa olunsa, işsizlik də azalar»

“Başqa çarə yoxdur...”

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran çay və sitrus bitkiləri filialında yaşıl çayın yeni, məhsuldar növləri yetişdirilir. Uzun illər filialın seleksiya şöbəsinin müdiri olmuş, özü də yeni çay növləri yaradan professor Fərman Quliyev deyir ki, indi ayrı-ayrı iş adamları 500 hektar ərazidə çay plantasiyaları salıb. Çayçılığın inkişafı üçün yeni konsepsiya hazırlanır:

“Çünki başqa çarə yoxdur. Çayçılığa da, çaya da ehtiyac var. Bizdə də inkişaf etdirməyə imkan var. Düzdür, əvvəlki səviyyəyə çatdırmaq çətin olacaq, axı torpaqlar başqa təsərrüfat istiqamətində istifadə olunub. Ancaq gələcəkdə istifadə üçün ehtiyat mənbəyi var. Dövlətin də dəstəyi var, kreditlər verilir. Götürüb əkmək olar. Ancaq kiçik texnikalar gətirilməlidir. “Aqroservis”lər texnikalar gətirir, intəhası, həmin texnika çaya az yararlıdır. Çay gəlir gətirən sahədir. İndi biz yeni sortlar da yaratmışıq. Yüksək məhsuldar sortlardır. Bu sortları dövlət sortları sınağına təqdim etmişik, cavab gözləyirik. Əgər pay torpağı olan adam bir hektar əksə, ordan 5-6 ton yaşıl çay yarpağı götürə bilər. Yaxşı baxsa, yaxşı sortlar əldə etsə, 7-8 ton məhsul da götürmək olar. İndi çay yarpağının, xammalın bir kiloqramını emal fabrikləri 1 manata götürürlər. Hər kiloqramdan bir manat ortalama 5 tona, 5 min manat edir. Fermerin məhsulunu alınmasına problem yoxdur, yetişdirmək problemdir. Yetişdirmək üçün suvarmaya, gübrələnməyə, becərməyə diqqət yetirilməlidir. İndi suvarmayla bağlı güzəştlər var, gübrə də güzəştlə verilir. Ancaq çətin sahə olduğundan, işləyən azdır”.

Buna da bax:​ 'Qara qızıl' öldü, yaşasın 'ağ qızıl'!

Çayçı Şinanazın bir arzusu da var

Bu ilin yayında prezident İlham Əliyev çayçılığın inkişafıyla bağlı sərəncam imzalayıb.

Astara rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda ardıcıl şəkildə yeni çay sahələri salınır. Bu il 554 ton çay yarpağı yığılıb çay emalı müəssisələrinə təhvil verilib.

25 ilin çayçısı Şinanaz İdrisova da yaşıl kolların tez böyüməsini, plantasiyaların əvvəlki kimi göz oxşamasını və bir də... həmin plantasiyalar arasında özünün də şəxsi təsərrüfatının olmasını arzulayır...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG