Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:12

Cavid Qurbanovun korrupsiya açıqlamasına iki reaksiya


Deputat Cavid Qurbanov
Deputat Cavid Qurbanov

Nadir Əzməmmədov: “Cavid Qurbanovun söylədiyinin korrupsiya faktı olduğunu deyə bilmərəm”

“Yolayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər”. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun təxminən 10 gün öncə, oktyabrın 13-də dəmiryolçuların peşə bayramında belə demişdi. “10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa”, – deyən C. Qurbanov yol infrastrukturunda rabitə sisteminin yox dərəcəsində olduğunu qeyd etmişdi.

Buna da bax:​ N.Cəfərli: 'Tonu 50 dollara da tranzit olar?'

Maraqlıdır, QSC sədri söylədikləriylə bağlı hüquq-mühafizə orqanlarına müraciət edibmi? Cavid Qurbanovun dediyi kimi, alınan bir yolayrıcı, az qala, iki dəfə baha rəsmiləşdirilibsə, dedikləri araşdırılırmı?

Nadir Əzməmmədov: 'Onun açıqlaması mətbuat üçündür, mənim bu haqda bilgim yoxdur'
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00
Direct-ə keçid

Bir neçə günlük davamlı zənglərdən sonra, “Azərbaycan Dəmiryolları” QSC-nin sözçüsü Nadir Əzməmmədov, nəhayət, AzadlıqRadiosu-na bildirib ki, C. Qurbanovun söylədiklərinin “korrupsiya faktı olduğunu deyə bilməz”.

Buna da bax: Cavid Qurbanov haqqında Heydər Əliyevin fərmanı varmış

Nadir Əzməmmədov
Nadir Əzməmmədov

– Onun açıqlaması mətbuat üçündür, mənim bu haqda bilgim yoxdur.

– QSC-dəki mənimsəmə ilə bağlı hüquq-mühafizə orqanlarına hər hansı məlumat verilibmi?

– Mən mətbuatam, mən hüquqi idarəçi deyiləm ki, onu biləm. İdarədə iş qaldırıldığı halda cavab verə bilərəm. Bilmirəm. Elə bir şey yoxdur…

– Amma yeyinti ilə bağlı fakt QSC sədrinin dilindən səslənirsə, necə araşdırılmaya, diqqətdən kənarda qala bilər?

– Mən deyə bilmərəm bu faktdır, ya fakt deyil. O haqda açıqlama da verə bilmərəm. Məlumatım yoxdur.

– Bunu Cavid Qurbanov rəsmi tədbirdə səsləndirib…

– Cavid müəllimə sual verin də onda.

– Mətbuat xidmətinin rəhbəri kimi imkan yaradın, ondan müsahibə alaq, sualımızı da böyük məmnuniyyətlə sizə yox, ona verək.

– Bir-iki günə olacaq, onda zəng edib sualınızı verərsiz…

Buna da bax:​ Azərbaycanda yollara 25 milyard xərclənib

Bir neçə gün öncə AzadlıqRadiosu QSC sədrinin səsləndirdiyi məlumatların hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb-araşdırılmaması ilə bağlı Respublika Prokurorluğuna da müraciət etdi. Araşdırma başlanıb-başlanmamasını öyrənməkdən ötrü qurumun mətbuat xidməti vaxt da istədi. İki gün sonra cavab verildi ki, “Azərbaycan Dəmiryolları” ilə dəqiqləşdirək, həqiqətən Cavid Qurbanov belə söz deyib, ya yox.

Zahid Oruc
Zahid Oruc

"Cavid Qurbanovun dediklərini şübhə altına almağa əsasımız yoxdur"

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc “Azərbaycan Dəmir Yolları” sədri Cavid Qurbanovun ondan əvvəl qurumda baş verən yeyinti halları haqda dedikləri ilə bağlı AzadlıqRadiosu-na danışıb:

– Düşünürəm ki, Cavid Qurbanovun açıqlamasında başlıca hədəf köhnə rəhbərləri suçlamaq, onları məhkəmə qarşısına çıxarmaq deyildir. Sadəcə, hardan hara gəldiyimizi dəyərləndirmək üçündür. Əlbəttə, sizin dediyiniz məsələ başadüşüləndir, hər bir halda, əvvəlki illərdə dəmiryol sisteminə ayrılan vəsaitlərlə bağlı təyinatından kənaraçıxmalar baş verib, rəqəmlər şişirdilib. Sırf buna yönəlik real hüquqi davalar açılmalıdır. Çox mümkündür ki, məhkəmə və prokurorluq orqanları da bu açıqlamanı mühüm çağırış, fakt kimi qəbul etsinlər.

Zahid Oruc: 'Əvvəlki illərdə dəmiryol sisteminə ayrılan vəsaitlərlə bağlı təyinatından kənaraçıxmalar baş verib'
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00
Direct-ə keçid

Buna da bax:​ "Cavid Qurbanovun dediyi yeyintiləri araşdırsınlar da"

–Yəni siz də bunun araşdırılmalı olduğunu düşünürsüz?

– Azərbaycan son illər beynəlxalq yükdaşımaları artırmaqdan ötrü külli miqdarda vəsaiti sözügedən sahəyə yönəldib. Amma büdcə vəsaitinin nə qədəri ora yönəlib, hansı sahələri hədəfləyib, onların xərclənməsi necə aparılıb, bunların monitorinqi aparılmadan, statistik nəticələr əlimizdə olmadan mühakimə yürütmək istəmirəm. Bir daha söyləyirəm ki, mənə hakimlik etmək çətindir. Ancaq bunlar var, danılmazdır. Konkret məsuliyyət məsələsi isə hüquq-mühafizə orqanlarının araşdıracağı işdir. Düşünürəm ki, Cavid Qurbanov məsələni ictimailəşdirərkən onu mediaya çıxararkən bu məqamları nəzərə almamış deyil.

– Amma maraqlıdır ki, Cavid Qurbanovun dedikləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmır. Hər halda, Respublika Prokurorluğu AzadlıqRadiosu-na bununla bağlı müsbət cavab vermədi. Onlar sədrin bu sözü deyib-demədiyini qurumla dəqiqləşdirməmizi istədilər. C. Qurbanov rəhbər şəxsdir və onun dedikləri araşdırılmaq əvəzinə niyə şübhə altına salınır ki?

– Konkret faktlar varsa, heç şübhəsiz ki, buna dair məsuliyyət olmalıdır. Yəni Cavid Qurbanovun mövqeyini şübhə altına almağa əsasımız yoxdur. Həm də o biri tərəfdən, bu faktları açıqlarkən maraq və niyyət nədən ibarət ola bilərdi ki? Xatırlayıram ki, Cavid Qurbanov həmin çıxışını yeni binanın açılışında demişdi. Aparılan köklü dəyişiklikləri əsaslandırmaq üçün əvvəlki illərlə müqayisələri ortaya qoymuşdu. Ona görə də burda konkret qrup davasından, şəxsi intriqadan danışmaq çox yersiz olardı. Dövlət vəsaiti təyinatı üzrə xərclənməyibsə və həmçinin külli miqdarda vəsait talanıbsa, buna görə, əlbəttə, məsuliyyət olmalıdır. Amma bunu həyata keçirməli orqan, hər halda, parlament deyil.

Buna da bax: Ziya Məmmədovu Cavid Qurbanov əvəzlədi

– Adətən, Azərbaycanda rəhbər şəxslər, məsələn, nazirlər vəzifədən getdikdən sonra qanun pozuntuları, mənimsəmə, korrupsiya halları aşkarlanır. Məsələn, MTN və ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümunəsində bunu görürük. Artıq adıçəkilən nazirliklərdən idarə rəislərinin işi məhkəməyə çıxarılıb. Nədənsə, birinci şəxslər, konkret olaraq, nazirlər məsuliyyətə cəlb edilmirlər. Bu normaldırmı?

– Belə hallar mövcuddur və onu inkar etmək olmaz. Ancaq hesab edirəm ki, külli miqdarda büdcə vəsaitləri ilə işləyən hökumət strukturlarının fəaliyyətinə parlament nəzarətini həyata keçirmək gərəkdir. O zaman bu cür hallar baş verdikdə millət vəkilləri normal izah verə biləcəklər. Bundan ötrü Milli Məclisdə hesabatlılığı, şəffaflığı, məsuliyyətliliyi, vəsaitlərin xərclənməsi ilə bağlı Hesablama Palatasının həyata keçirdiyi yoxlamaların nəticələrinə münasibəti elə şəkildə gerçəkləşdirmək lazımdır ki, gerçəkdən də hökumətin üzərində mühüm həlqəyə çevrilsin. Hansısa qüvvələr parlamentdən keçməyəcəklərini, buna görə mühakimə olunacaqlarını müəyyənləşdirmiş olsunlar. Bu problemlərimizi hər hansı şəkildə qabartmırıqsa və ya bu insanlar hökumət iclaslarında çox asanlıqla məsuliyyətdən kənarda qalırlarsa, sonrakı dövrdə sizin dedikləriniz baş verir.

–Yəni birinci şəxslər məsuliyyətdən kənarda qalır?

– Əksər generallar cəzalandırıldığı halda, keçmiş nazir Eldar Mahmudov hələ də azadlıqdadır. Dövlət başçısının siyasəti ondan ibarətdir ki, hər bir hakimiyyət qolu fəal şəkildə missiyasını, funksiyasını yerinə yetirsin. Konstitusiyaya görə həm parlamentin, həm medianın, həm də məhkəmə orqanlarının kifayət qədər səlahiyyətləri var. Onlar sizin söylədiyiniz faktları, çağırışları mediadan da götürərək normativ hüquqi aktlara əsasən araşdırma apara bilərlər. Bu, elə Milli Məclis üçün də siqnaldır. Parlamentin nəzarət funksiyası var. Bunu biz Hesablama Palatası vasitəsilə də reallaşdıra bilərik. Konstitusiya qanunverici orqana büdcə müzakirələri dövründə də, hətta hesabat dövründə də ayrıca bir hökumət strukturunun fəaliyyətini dəyərləndirmək üçün geniş səlahiyyətlər verir. Ona görə də sizin sual məntiqlidir. Ona cavabım budur ki, bu məsələdə bizim izahımız köklü şəkildə verilməyəndə də, cəmiyyət narazı qalanda da onlar haqlıdırlar.

Buna da bax: ​Azərbaycanda da korrupsiya ilə mübarizə başlanır?

– Zahid bəy, sizcə, parlament əlində yetərincə imkan olduğu halda, hökumətdən və ya onun ayrıca orqanından niyə hesabat tələb də bilmir?

– Məncə, ənənə güclü olmalıdır. Bizdə baxış belədir ki, qanunverici orqan, sadəcə, ümumi müzakirələri həyata keçirməlidir. Yəni hesab edirlər ki, hər hansı nazirin fəaliyyəti parlamentdən asılı deyil. Bax, belə bir reallıq bu nəticəni doğurub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG