Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

Sən demə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov 1994-cü ildə ozamankı prezident Heydər Əliyevin fərmanı ilə işdən qovulubmuş. Bu barədə prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilir: "Cavid Qəmbər oğlu Qurbanov (fərman haqqında ətraflı burada) işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin."

Amma sonradan Cavid Qurbanov öz karyerasını yenə də dövlət strukturlarında yüksək vəzifələördə davam etdirib. O prezidentin həmin fərmanından sonra da 1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis vəzifələrində çalışıb.

2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. Sonra isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Hələlik barədə prezident Heydər Əliyevin yuxarıda bəhs olunan fərmanı barədə Cavid Qurbanovun özü və ya yaxınlarının hər hansı şərhi səslənməyib. Amma o, bir neçə gün öncə rəhbərlik etdiyi qurumda ciddi korrupsiya ittihamları ilə gündəmə gəlib.

Cavid Qurbanov oktyabrın 13-də dəmiryolçuların peşə bayramına həsr olunmuş tədbirdə qurumun özündən əvvəlki rəhbərliyini faktiki olaraq korrupsiya cinayətlərində ittiham etmişdi:

«Mən təyinat alanadək lokomotiv parkı yox dərəcəsində olub. 10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa», - deyən C.Qurbanov yol infrastrukturunda rabitə sisteminin yox dərəcəsində olduğunu qeyd edib.

«Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70 faizi yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi», - sədr deyib.

C.Qurbanov «Azərdəmiryol»da yeyinti hallarına yol verildiyini ifadə edib. «Yolayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz», - C.Qurbanov bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG