Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10

Rasim Əliyevin anası: 'Bəs bu işi prezident nəzarətdə saxlayırdı?'


Rasim Əliyevin anası Teyfurə Əliyeva

Rasim Əliyevin anası Teyfurə Əliyeva

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə görə 4 il cəza almış futbolçu Cavid Hüseynov azadlığa buraxılıb. Qərarı Bakı Apelyasiya Məhkəməsi verib.

Rasim Əliyevin anası Teyfurə Əliyeva bu qərarı “haqsızlıq” adlandırır və qısa söhbətdə bu fikri bir neçə dəfə təkrarlayaraq soruşur: “Bəs bu işi prezident nəzarətdə saxlayırdı?”

Gözünün yaşı qurumayan ana artıq məhkəmə qərarını öyrənib: “Çox pis oldum, çox. Çox haqsızlıqdır, çox... Heç gözləmirdim. Onun maddəsinin dəyişdirilib yalançı maddəylə əvəz edilməsində, deməli, məqsəd onu aradan çıxarmaqmış. Gördünüz, həkimləri elə, Cavidi belə aradan çıxardılar. Axı buna prezident nəzarət edirdi. Mən qorxu içindəyəm ki, o beş nəfəri də azadlığa buraxacaqlar. Deməli, kim kimi istəsə öldürə bilər. Adamı varsa, pulu varsa və yaxud... Mənim kimilər də qorxa-qorxa yaşamalıdır”.

***Buna da bax:Futbolçu Cavid Hüseynov azadlıqda [yenilənib]

– Nədən qorxursunuz?

– Belə olan surətdə artıq bilirsən ki, cinayətkar cəzasız qalacaq. O həmin uşaqlar qədər iş almalı idi. İndi qorxuram ki, o biriləri də buraxacaqlar. Həkimləri elə aradan çıxardılar, Cavid də belə. O sırf təşkilatçı idi. Mən canlı şahidiyəm bunun. Bunu məhkəmədə sübut edə bilmədik. Yalançı maddə verdilər. Cavid özü məhkəmədə demişdi ki, “Mənə dedilər, 10 gün içəridə yat, sonra səni buraxacağıq, 3 ay yat, buraxacağıq. Amma bir il olub”. Gördünüz, bir ilunca buraxdılar. Haqsızlıqdır!

– Bəlkə doğrudan da bu ölüm hadisəsində Cavid Hüseynovun günahı yoxdur? Hər şey bəlkə onun iradəsindən kənarda baş verib?

– Mən canlı şahidəm ki, onu çağıran Cavid olub. Onun mesajlarından da görünür. İstintaq materiallarında da var. Cavid Elşəndən soruşur ki, harda görüşəcəksiniz? O da cavab verir ki, Bayılda. Onda Cavid yazır: “Mən də gəlim?”. Elşən də deyir ki, yox, Razin uşaqları kifayət qədər yığışıblar. Bax belə. Burdan görünür ki, həmin adam Rasimin döyülməsində maraqlı olub. Onları özü göndərib. Mesajda deyildiyi kimi, çox adam yığılmasaydı, yəqin Cavid özü də Bayıla gələrdi. Bəlkə özü də həmin ətrafda olub. Nə bilmək olar? Bilinir ki, bu işdə əli var, təşkilatçıdır o. Aradan çıxardılar. Mən necə barışa bilərəm bununla? Balamın qatili azadlıqda gəzir. Balamın qanı yerdə qalır. Necə barışmaq olar bununla?

Buna da bax:​ Jurnalist Rasimin Əliyevin vəfatından bir il ötür- [fotolar]

– Neyləmək fikriniz var?

– Bilmirəm. Hələ xəbəri təzə almışam, özümə gələ bilmirəm.

– Hardan öyrəndiniz xəbəri?

– Gələn zənglərdən. Heç bilmirdim bu gün məhkəmədir. Hamı işdədir, təkəm evdə. Yoldaşım da xəbər tutub, qızım da. İkisi də işdədir. Çox çətindir. Bacısı qardaşının qatilinin azadlığa çıxmasını necə qəbul edə bilər? Və yaxud da atası qatilin bu şəkildə buraxılmasını necə qəbul edə bilər ki? Onlar da mənim kimi... Mən Cavid Hüseynovla bağlı 4 illik həbs qərarı çıxanda da bunu qəbul edə bilmirdim. Mən sübut edə bilmirdim ki, Cavid çağırıb Rasimi. Mən canlı şahidəm. Telefon danışıqları yanımda olub. Heç nə edə bilmədik. Yenə təsəllim vardı ki, 4 il də olsa cəza aldı.

– Cavid gəlib üzrxahlıq etsə, qəbul edərsiniz?

– Qəbul edə bilmərəm. Necə edim?

– Yenidən prezidentə müraciət edəcəksinizmi? Ona nə deyərdiniz?

– Heç nə daha. İlboyu müraciət etdim, nə nəticəsi oldu? Həkim bizi aldatdı. Bizə bir söz dedi, amma... Bəlkə də Rasim həkim savadsızlığının, səhlənkarlığının üzündən getdi. Bizə dedilər ki, daxili orqanlarında heç nə yoxdur, amma vəziyyət başqaymış. Rasimi öldürdülər. Həkimlər öldürdülər onu. Orda da nəticə olmadı, bunu da çıxardılar. Qaldı beş nəfərin üstündə. Yəqin onlar da çıxar. Bunu görəndə evdə yatmağa da qorxursan, şəhərə çıxmağa da, işə getməyə də. Kim kimi istəsə öldürər, adamı, arxası, pulu olsa, aradan çıxaracaqlar. Ölən ölür gedir. Qorxuram artıq. Qızım işə gedir, yoldaşım gedir. Haqsızlqıdır.

***Buna da bax:​ 'Prezidentin çıxışında heç bir emosiya yox idi'

Ötən il avqustun 8-də bir qrup şəxsin döydüyü jurnalist Rasim Əliyev 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi. Bu ölüm işi ilə əlaqədar Cavid Hüseynov da daxil, 6 nəfər həbs olunmuşdu.

İstintaqın sonunda Cinayət Məcəlləsinin (CM-in) 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə - ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən beş nəfərin işi ayrılmışdı. Onlara Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 ildən 13 ilədək həbs cəzası kəsilmişdi.

CM-in 307.1-ci (ağır cinayətin hazırlanmasını və törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Cavid Hüseynov isə Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilmişdi.

Cavid Hüseynov məhkəmədə özünü təqsirli bilmədiyini və jurnalistin döyülməsi ilə heç bir əlaqəsi olmadığını, haqsız tutulduğunu demişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG