Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:13

Futbolçu Cavid Hüseynov azadlığa çıxdı


Cavid Hüseynov
Cavid Hüseynov

Bakı Apelyasiya Məhkəməsi oktyabrın 12-də jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi cinayət işi üzrə həbs olunmuş futbolçu, “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun azadlığa buraxılmasına qərar verib.

Məhkəmə futbolçunu 4 il azadlıqdan məhrum edən hökmündən verilmiş apelyasiya şikayətinə baxıb. Apelyasiya şikayətinin arqumentlərini haqlı sayan məhkəmə onu təmin edib.

Vəkilin deməsinə görə, məhkəmə C.Hüseynovun həbsdə qaldığı 1 il 2 ay müddəti hesablayaraq, futbolçunu cəzanın çəkilməmiş hissəsindən azad edib.

Buna da bax:​ Cavid Hüseynov: «Belə söz deməmişəm axı...»

* * *

Döyülərək ölən jurnalistin atası Məmmədəli Əliyev məhkəmənin qərarını “ağlasığmaz” adlandırıb.

“Biz Cavid Hüseynovun “məlumat verməməyə” görə həbs edilməsi ilə razı deyildik. O, cinayətin təşkilatçısı idi. O, oğlumuzun qatilidir”, deyə Əliyev bildirib.

M.Əliyev qeyd edib ki, Hüseynovun əmisi mayın 27-də barışıq xahişi ilə gəlib. Barışığı mümkün saymayan ata vurğulayıb ki, vəkillərlə məsləhətləşmələrdən sonra müvafiq addımları atacaq.

* * *

Jurnalist Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülmüş və 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi. Bu ölüm işi ilə əlaqədar Cavid Hüseynov da daxil olmaqla, 6 nəfər həbs edilmişdi.

İstintaqın sonunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə - ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən beş nəfərin işi ayrılmışdı. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 ildən 13 ilə qədər həbs cəzası almışdılar.

Buna da bax:​ Cavid Hüseynov bəraət istəyir

CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Cavid Hüseynov isə Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilmişdi.

Cavid Hüseynov məhkəmədə özünü təqsirli bilmədiyini və jurnalistin döyülməsi ilə heç bir əlaqəsi olmadığını, haqsız tutulduğunu deyirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG