Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:49

Erdoğan hökumətinin Boris Johnson barədə niyə səsi çıxmır?


Britaniyanın yeni xarici işlər naziri Boris Johnson
Britaniyanın yeni xarici işlər naziri Boris Johnson

Türkiyə hökuməti keçmiş London meri Boris Jonhnson-un Britaniyanın xarici işlər naziri təyin olunmasına heç bir reaksiya verməyib

Abbas Cavadi yazır ki, adətən tənqidə zərrəcə dözümü olmayan Türkiyə prezidentindən, ən azı onun hökumətindən Londonun keçmiş meri Boris Johnson-un Britaniyanın xarici işlər naziri təyin edilməsinə heç bir reaksiya olmayıb...

Belə bir reaksiya Türkiyə nazirlərindən, prezidentə sadiq telekanallardan, qəzetlərdən və internet saytlarından da verilməyib.

Allahdan "düzgün yol" diləyi

Abbas Cavadi yazır ki, Türkiyənin hətta müxalif mediası da bir məsələ barədə sükutu qəribə bir şəkildə pozmayıb. Söhbət Johnson-un Recep Tayyip Erdoğan, keçi və seks barədə yazdığı təhqiramiz və qaba həcvdən gedir.

Türkiyənin baş naziri Binali Yıldırım Johnson-a "Allahdan düzgün yol" diləyib
Türkiyənin baş naziri Binali Yıldırım Johnson-a "Allahdan düzgün yol" diləyib

Amma hər halda bir reaksiya olub. Türkiyənin baş naziri Binali Yıldırım BBC-nin Hardtalk proqramına müsahibəsində Boris Johnson-a "Allahdan düzgün yol" diləyib.

Lakin Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və digər hökumət rəsmiləri susublar.

Abbas Cavadi yazır ki, Türkiyə qəzetləri və telekanalları Britaniya baş naziri Theresa May-in xarici işlər naziri təyinatı, yeni nazirin dünya liderləri haqqında "hətərən-pətərən zarafatları" barədə məlumat veriblər.

Media habelə Johnson-un "anti-Türkiyə mövqeyi", onun PKK-ya rəğbətli şərhlərindən də söz açıb.

Britaniyanın şair naziri

Məqalədə deyilir ki, ötən may ayında Johnson Britaniyada çıxan "Spectator" məcmuəsinin "Erdoğan barədə ən təhqiramiz şeir" müsabiqəsinin qalibi olmuşdu.

"Spectator" bu müsabiqəni Erdoğan barədə təhqiramiz şeirinə görə Almaniyada mühakimə edilməli olan alman televiziya məzhəkəçisinin müdafiəsinə həsr etmişdi.

Türkiyə məzhəkəçi Jan Boehmermann-ın mühakiməsini Angela Merkeldən tələb edib
Türkiyə məzhəkəçi Jan Boehmermann-ın mühakiməsini Angela Merkeldən tələb edib

Almaniyalı şairin cəzalandırılmasını Türkiyə hökuməti rəsmi qaydada kansler Angela Merkeldən tələb etmişdi.

Cavadi yazır ki, Britaniyada Avropa İttifaqında qalıb-qalmamaq referendumu kampaniyasının şıdırğı vaxtlarında Türkiyə mediası əsasən Johnson-un osmanlı köklərindən söhbət açırdı.

Johnson-un ata babası, jurnalist Ali Kemal-ın qısa müddətdə Osmanlı imperiyasında nazir olduğu söylənir.

Abbas Cavadi yazır ki, bütün bunlar barədə geniş məlumatlar verilsə də, Johnson-un Britaniya mətbuatında geniş yayılmış həcvi barədə bir kəlmə də söz açılmır.

Anonim də qorxur

Məqalədə deyilir ki, Johnson-un xarici işlər naziri təyin edilməsindən sonra da bu barədə susulması daha böyük təəccüb doğurur.

"Bəlkə türklər bu xəbərdən xəbərsizdirlər? Bəlkə Britaniyanın xarici işlər naziri təyin olunmuş bir şəxs tərəfindən Erdoğan haqqında yazılmış təhqiramiz həcv barədə məlumatlara qeyri-rəsmi qadağan qoyulub? Bəlkə hazırkı xof atmosferində bu, Türkiyə mediasının özünüsenzurasıdır?" - deyə sual edir Cavadi.

Tanınmış Türkiyə jurnalistlərindın biri Abbas Cavadiyə adının anonim qalamsı şərtilə deyib ki, ola bilsin, media prezidentin şərəf və ləqyaqətinin təhqirinə görə məhkəmələrə çəkilməkdən qorxaraq susur.

"Əlbəttə, bu barədə heç kimin danışmaması qəribədir. Bu, sadəcə olaraq, ilk növbədə Erdoğandan daha çox Johnson üçün rüsvayçı və qeyri-etik məqamdır" - deyib anonim türk jurnalist.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG