Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:40

Musiqi industriyasının ilk piratları


“Radio Caroline” ilk dəfə efirə 1964-cü ilin martında gəmidə çıxıb.
“Radio Caroline” ilk dəfə efirə 1964-cü ilin martında gəmidə çıxıb.

Bu gün musiqiçilər onlayn xidmət və texnologiyanın cüzi müdaxiləsi ilə, bəzən, milyonlarla dinləyici toplaya bilirlər. Bütün bunlar, adətən, pulsuz başa gəlir.

Ancaq pop musiqinin kommersiya dəyəri qazanmağa başladığı 1950-ci və 60-cı illərdə onlar səsyazma şirkəti və radiolardan tam asılı idilər.

“Modesto” Radio Muzeyi yazır ki, Britaniyada DJ-lər, Britaniya Yayım Xidməti (BBC) və Britaniya hökuməti radionun monopoliyasına alternativ hər şeyə qarşı idilər. II Dünya Müharibəsindən sonra BBC öncə radio, ardınca televiziya üzərində monopoliyanı əlində saxlamışdı.

Buna da bax:​ 140 ilin kamançası, unikal qrammofon...

Sən demə…

Sən demə, musiqi industriyasının ilk piratları dənizdə fəaliyyət göstəriblər. İlk pirat sayılan Radio Mercur-u 1958-ci ildə bir qrup danimarkalı biznesmen yaradıb. Bu radio Danimarkanın paytaxtı Kopenhagen yaxınlığında lövbər salan bir gəmidən yayımlanırmış. 1960-cı ildə “Mercur”dan ilhamlanaraq yaradılan Radio Nord İsveç sahillərindən yayımlanmışdı. Eyni ildə Hollandiya sularından yayımlanan “Radio Veronica” da fəaliyyətə başlamışdı.

1962-ci ildə irlandiyalı menecer Ronan O’Rahilly avstraliyalı işadamı Allan Crawford-la tanış olur. O’Rahilly daha əvvəl musiqiçi Georgie Fame-in karyerasını irəlilətməyə çalışmış, ancaq buna nail ola bilməmişdi. Səsyazma şirkətləri onun səsini yazmaqdan imtina edirdilər. O’Rahilly-nin maliyyələşdirdiyi albomu isə BBC efirə verməmişdi. Beləcə, O’Rahilly və Crawford öz pirat stansiyalarını yaratmaq qərarına gəlmişdilər. Radionun adını o zamankı ABŞ prezidenti John F. Kennedy-nin şərəfinə "Radio Caroline" adlandırmışdılar.

Buna da bax:​ Mahnı sözləri yazaraq Nobel alan ilk şair Bob Dylan deyil Taqoruymuş

“20 milyondan çox dinləyiciyə çatdırır”

Onlar 1963-cü ildə "MV Mi Amigo" adlı ilk gəmilərini almışdılar. Gəmiyə iki 10 kilovatlıq AM (orta dalğa) ötürücüsü və çəkisi 13 ton, hündürlüyü 50 metr olan antena dirəyi qoymuşdular. Səhər saat 6-dan axşam 6-yadək yayımlanan Radio Caroline BBC-nin monopoliyasına son qoya bildi. Müğənni Georgie Fame-in də bəxti açıldı: o, artıq çartlara başçılıq edirdi. 1965-ci ildə Britaniyanın "Pathé" film komandası gəmini ziyarət edərək, reportaj çəkib. Reportajda deyilirdi ki, “Radio Caroline” “pop musiqisini 20 milyondan çox dinləyiciyə çatdırır" və Britaniya pop mədəniyyətini dəyişir.

“Gözdən itmə”yən radio

“Radio Caroline” ilk dəfə efirə 1964-cü ilin martında çıxıb. Efirə verilmiş ilk musiqi "Rolling Stones"un “Not Fade Away” ("Gözdən itmə") mahnısı idi. 1960-cı illərin ortalarında pirat radiostansiyalar, özəlliklə “Radio Caroline” bir sıra pop qruplarının tanınmasında ayrıca rol oynayıb.

Buna da bax: 'Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu' çıxıb

İndi “Radio Caroline” yüzlərlə onlayn radiodan biri olsa da, ötən əsrin 60-cı illərində və daha sonralar onun əməyi olmasaydı, pop musiqi bəlkə də bu qədər geniş yayılmazdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG