Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:32

►DİN Beynəlxalq Bank işi ilə bağlı bilgi yayıb

Daxili İşlər Nazirliyi (DİN) Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşına cinayət işi açılması ilə bağlı xəbərləri təsdiqləyib. Bu haqda nazirliyin saytında bildirilir.

Nazirliyin açıqlamasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində Azərbaycan Beynəlxalq Bankı ASC-yə külli miqdarda ziyan vurulması faktına görə, başlanmış cinayət işinin istintaqının bəzi epizodlar üzrə başa çatdığı bildirilir.

DİN idda edir ki, istintaq zamanı 2001-2015-ci illərdə Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin qeyriləri ilə qabaqcadan əlbir olub mütəşəkkil qrup yaratdığı müəyyən edilib.

C.Hacıyevin qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açdığı, həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsini təmin etdiyi iddia olunur.

Beynəlxalq Banka 211 milyon ziyan...

Nazirliyin açıqlamasında qeyd olunur ki, C.Hacıyev və digərləri Müşahidə Şurasının qərarı olmadan, bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat krediti rəsmiləşdiriblər. Həmin pulların mənimsənildiyi iddia olunur.

DİN-ə görə, istintaq Beynəlxalq Banka ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurulmasına şübhələrə əsaslar müəyyən edib.

Qeyd edilən epizodlar üzrə C.Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edildiyi qeyd olunur. Təqsirləndirilən şəxs qismində cəlb olunmuş Zamirə Hacıyevanın istintaqdan gizləndiyi, bu üzdən onun barəsində həbs qətimkan tədbiri seçildiyi, axtarış elan edildiyi bildirilir.

____________________________________________________________

Bunlara da bax:
«Dollar 1 manat 80 qəpiyə qədər bahalaşacaq»
Abid Şrifov: 'Onlar guya tarixi abidədir'

____________________________________________________________

Xaricdə 100-dən çox şirkət, müəssisə?

“Hazırda təqsirləndirilən şəxslər və onların müdafiəçiləri iş materialları ilə tanış edilir və cinayət prosessual qanunvericiliyin tələblərinə uygun olaraq iş məhkəməyə göndərilmək ərəfəsindədir” - deyə nazirlik bildirir.

Nazirlik həmçinin qeyd edir ki, istintaq zamanı müəyyən edilən yeni xüsusatlar üzrə ayrıca cinayət işi açılıb. İstintaqın gəldiyi nəticələrə görə, ölkə daxilində və bir sıra xarici dövlətlərdə müxtəlif layihələrin həyata keçirilməsi adı altında 100-dən çox müəssisə və şirkət yaradılıb. “Azərbaycan Beynəlxalq Bankı ” ASC-dən götürülmüş külli miqdarda pul vəsaitlərinin həmin şirkətlər vasitəsilə mənimsənilməsinə şübhələr var.

C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin iki maddəsi – 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Vəkillərdən Əfqan Məmmədov ötən ayın əvvəlində C.Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitə əvəz bankdakı 80 milyon manatlıq səhmlərindən imtina edib.

Bu yaxınlarda “Beynəlxalq Bank ” işinə görə həbs olunanlardan 10 nəfərdən çoxu azadlığa buraxılıb. Onlar bankdan götürdükləri kreditləri qaytarmamağa görə, saxlanmışdılar.

Beynəlxalq Bankla bağlı problemli kreditlərdən 400 milyon manatın qaytarıldığı bildirilir.

“Qara kəmər”in davamı...

Zamirə Hacıyevanı adı 2005-ci ildə Hacı Məmmədovun işində də hallanıb. Həmin ilin əvvəlində Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, Hacı Məmmədovun dəstəsinin onu qaçırdığı bildirilirdi. 2005-ci ilin martın 10-da Milli Təhlükəsizlik Nazirliyi “Qara kəmər” əməliyyatı keçirərək Zamirə Hacıyevanı azad etmişdi. Sonradan Hacı Məmmədov ömürlük həbs cəzası aldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG