Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:23

►Beynəlxalq Bank səhmdarlardan xəbərsiz ümumi yığıncaq keçirib

İyulun 26-da «Azərbaycan Beynəlxalq Bankı» ASC (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

Bankın mətbuat xidmətinin iyulun 27-də yaydığı məlumatda bu yığıncaqda ötən ilin maliyyə hesabatının təsdiqləndiyi də deyilir.

Maraqlıdır ki, nə Məlumatların Elektron Açıqlanması Sistemində, nə də bankın korporativ saytında ABB səhmdarlarının toplantısı haqqında məlumat yerləşdirilməyib. Kiçik səhm sahibi Şahin Əlizadənin sözlərinə görə, onun kimi digər səhmdarlar da belə yığıncaqlar barədə mediadan xəbər tuturlar:

«Səhmdarların ümumi yığıncaqlara çağrılmaması yeni məsələ deyil»

«ABB-də səhmdarların ümumi yığıncaqlara çağrılmaması yeni məsələ deyil. Keçmiş sədr Cahangir Hacıyev səhmdarların yığıncaqlara dəvət edilməməsini “1500 nəfəri bir yerə toplaya biləcək qapalı məkanımız yoxdur” fikriylə əsaslandırardı. Bir də xəbər tutardıq ki, iclas da olub, qərar da verilib».

Buna da bax: Keçmiş bankirin bacısından nazirə ittiham

Səhmdarların ümumi yığıncaqlarının keçirilmə qaydasını Mülki Məcəllə tənzimləyir. Bu məcəllənin 107.1-ci maddəsində deyilir ki, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitəndən ən geci 6 ay içində Müşahidə Şurasının qərarı ilə çağrılır və bu barədə səhmdarlara bilgi verilir. Yığıncağın çağrılmasına 45 gün qalmış bu barədə mediada məlumat verilməli, üstəlik, səhmdarlara yazılı bildiriş də göndərilməlidir.

«ABB İdarə Heyəti sədrinə həvalə olunmuşdu ki...»

Ş.Əlizadə hüquqlarının bərpası üçün bir neçə il öncə məhkəməyə üz tutduğunu və məhkəmənin onun iddiasını təmin etdiyini də deyir:

«ABB İdarə Heyəti sədrinə həvalə olunmuşdu ki, keçirilmiş ümumi yığıncaqların protokolları mənə təqdim olunsun. Amma bank rəhbərliyi məhkəmə qərarını indiyədək icra etməyib».

C. Hacıyev İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılandan bəri ABB-də səhmdarların sayca 5-ci ümumi yığıncağı keçirilib. ABB səhmdarlarının 15-i hüquqi şəxs, 1762 nəfəri fiziki şəxsdir. Qurumun səhmlərinin 54,96 faizi Maliyyə Nazirliyinə, 27,26 faizi dövlətə məxsus «Aqrarkredit» Bank Olmayan Kredit Təşkilatına məxsusdur. Səhmlərin yerdəqalan 17,78 faizi digərlərinin arasında bölünüb.

Qərar verildi, amma icra edilmədi...

Bu ilin fevralında keçirilən yığıncaqda bankın kapitalının yarım milyard manat artırılması barədə qərar çıxarılsa da, bu qərar indiyədək icra edilməyib.

Ötən il «İnter Peşəkar İdman Klubu» MMC ABB-nin mülkiyyətinə keçib. Bank o vaxtadək həmin kluba hər il, azı, 7 milyon manat həcmində sponsor yardımı göstərib. ABB-nin sığorta, prossesinq və lizinq şirkətləri, Gürcüstan və Rusiyada isə törəmə bankları var. Ötən ilin nəticəsinə görə, törəmə şirkətləriylə birgə, ABB-nin ödənilməmiş zərərləri 744 milyon manatı aşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG