Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:40

'Biz bilirdik ki, 'Çağ öyrətim' məktəblərində 'hoca dərsləri' var'


Altay Göyüşov
Altay Göyüşov

Azərbaycan prezidenti dini azadlıqlarla bağlı qanuna dəyişiklik və əlavələr təklif edir. Dini məsələlər üzrə ekspert Altay Göyüşovla bu haqda danışırıq.

– Altay bəy, ölkədə dini durumla bağlı bu qədərmi kəskindir ki, hökumət qanunlara dəyişiklik etmək istəyir?

«Biz bilirdik ki, «Çağ öyrətim» məktəblərində dini dərslər olmasa da, hoca dərsləri və ya başqa adlar altında təbliğat aparılır».

– Bu, yeni məsələ deyil. Keçən il Nardarandakı hadisələrdən sonra bu məsələ qaldırıldı. Sadəcə, görünür, tamamlanma məsələsi uzun çəkib. Hökumət gözəl başa düşür ki, ölkədə dünyəvi, demokratik müxalifət addım-addım sıradan çıxarılandan sonra yeri boş qalmayacaq. Ərəb ölkələrinin yaxın tarixinə baxsaq, görərik ki, orda da eyni hadisələr baş verib. Dünyəvi, demokratik müxalifət sıradan çıxarılıb, narazılıqlar isə qalıb, qanunun aliliyi, ölkənin inkişafı təmin edilməyib, məhkəmə hakimiyyəti formalaşmayıb, hakimiyyət bir avtoritar liderin əlində cəmləşib. Sivil müxalifət sıradan çıxarılanda onun yerini radikal dini qruplar tutur. Görünür, Azərbaycan hökuməti də başa düşür ki, radikal dini qrupların meydana çıxma ehtimalı var, xüsusən də Nardaran hadisələrindən sonra. Bütün bunlar hökuməti inzibati metodları sərtləşdirməyə sövq edir. Amma məsələnin başqa tərəfi var, bu inzibati metodlar ölkədəki dünyəvi quruluşa təhlükəni aradan qaldırmır. Korrupsiya, qanunun aliliyinin təmin edilməməsi, demokratik seçilmiş hökumətin olmaması, üstəgəl iqtisadi problemlər, dünyəvi təhsilin zəifləməsi radikal qruplaşmaların dirçəlməsinə gətirib çıxarır. Tarix də göstərir ki, sırf inzibati metodlarla bu problemi kökündən həll etmək mümkün deyil.

Buna da bax:​ Azərbaycana siyasi islam təhlükəsi varmı?

Əslində, Azərbaycanda məscidlərdə əcnəbilərin moizə oxuması, təbliğat aparması çoxdandır yoxdur.

– Təkliflərdən biri dini fanatizm, düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına yol verənlərlə bağlı cəzaların sərtləşdirilməsidir. Həmin şəxslər ömürlük azadlıqdan məhrum edilə bilərlər, ən yaxşı halda 15-20 il.

– Məqsəd radikallıqla mübarizədirsə, bu cür sərtləşmə problemi kökündən həll etmir. Bəli, müəyyən dövr üçün problemi konservasiya edə bilər. Bu inzibati metodlar, sadəcə, yaxın perspektivdə radikallaşmanı önləyə bilər, ancaq orta və uzaq perspektivə keçərli deyil. İkinci bir məqam da var. Burda məqsəd sırf radikal qruplaşmalarla mübarizə də ola bilər, eyni zamanda, cəmiyyəti qorxutmaq, xof yaratmaq da. Demokratik ölkələrdə, Avropada terror hadisələri olur, onlar buna qarşı mübarizəni elə aparırlar ki, insan haqlarının pozulması ilə müşayiət edilməsin. Burda balans ciddi qorunmalıdır. Bir tərəfdən, cəmiyyətdə azadlıqlar təmin olunmalıdırsa, o biri tərəfdən, təhlükəsizlik qorunmalıdır. İnzibati metodlar lazımdır, vacibdir, amma paralel olaraq, ədalətli toplum formalaşdırılmalıdır ki, radikal qruplar dəstək tapa bilməsinlər.

Buna da bax:​ Dövlət yeni din uydurmasın

– Söhbət azadlıqlardan düşmüşkən, dini bayraqların, atributların, şüarların ibadətgahlardan kənarda qaldırılması, səsləndirilməsi də qadağan edilə bilər. Bu, dini azadlıqların sıxışdırılmasıdır, ya bu gün lazımlı addım sayıla bilər?

Demokratik ölkələrdə, Avropada terror hadisələri olur, onlar buna qarşı mübarizəni elə aparırlar ki, insan haqlarının pozulması ilə müşayiət edilməsin.

– Baxır hansı məqsədlə bunu edəcəklər. Dini şüarlardan siyasi məqsədlə istifadəsinə yol verilirsə, dindən siyasi alət kimi yararlanırlarsa, onda sözsüz ki, bu addımlar başa düşüləndir. Din maksimum siyasətdən kənarda saxlanılmalıdır. Dini azadlıqlar o demək deyil ki, din siyasi məqsədlərdən ötrü vasitə kimi istifadə edilməlidir. Tutalım, cəmiyyət elə demokratik ola bilər ki, orda dini şüarların səslənməsi problemə çevrilməz. Amma cəmiyyət elə halda ola bilər ki, dini şüarlar onu radikallaşdırar, dünyəvilik təhlükə altına düşər. Romada Müqəddəs Pyotr kilsəsinin qabağındakı meydanda kimsə «Quran» paylayır, Amerikada özüm görmüşəm, kimsə dinini təbliğ etməkdən ötrü «İncil», «Quran» paylayır. Bu azadlıqlar var. Amma cəmiyyətə təhlükə yaradacaq səviyyədə deyil. Təhlükəyə çevrildikdə, sözsüz ki, oraya müdaxilə də olur.

Buna da bax:​ Avtoritarizm və siyasi İslamdan qurtulmağın tək yolu

– Azərbaycanda əcnəbilərin dini təbliğat aparmasına cəza tətbiqi gündəmə gətirilir. Amma belə bir qadağa var artıq.

– Əslində, Azərbaycanda məscidlərdə əcnəbilərin moizə oxuması, təbliğat aparması çoxdandır yoxdur. Bu 1990-cı illərdə mümkün idi. İrandan, Türkiyədən gələn mollalar, imamlar açıqca təbliğat aparırdılar. İbadətgahlardan kənarda xaricilərin təbliğat aparmasına da 2000-ci illərin əvvəlindən rast gəlinmir. Ola bilsin, kimsə altdan-altdan bunu edir. Bəlkə də buna görə cəza məsələsi gündəmə gətirilir. Biz bilirdik ki, «Çağ öyrətim» məktəblərində dini dərslər olmasa da, «hoca dərsləri» və ya başqa adlar altında təbliğat aparılır. Bəlkə də bu cür hallar nəzərdə tutulur?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG