Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:59

►Suraxanı sakini: “Həmin möhürlə necə saxtakarlıqlar edirlər, necə evlər yıxırlar...”

“Ailədə 22 nəfərik, 8-i azyaşlıdır. Yoldaşım və iki oğlum Qarabağ savaşında iştirak edib. Yoldaşım müharibədən qayıdandan az sonra dünyasını dəyişib. Oğlumsa əlildir. Çətin durumumuzdan istifadə edərək istifadəmizdə olan 12 sot torpaq sahəsini əlimizdən alıblar. Bu işin başında isə Suraxanı rayon icra hakimiyyəti dayanır”.

Nazilə Dəmirova Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayır.

Deyir, həyat yoldaşı və iki övladı Qarabağ müharibəsində olarkən evin yaxınlığındakı istifadəsiz 12 sot torpaq sahəsini hasarlayaraq ailənin istifadəsinə götürüb. Sahədə meyvə ağacları, tərəvəz əkib. İşıq, su xətti çəkdirib. Evin sahibi müharibədə olduğu vaxtlarda həmin sahənin meyvə, tərəvəzi ilə bütöv bir ailəni dolandırıb. Torpağa görə vergiləri də vaxtlı-vaxtında ödəyib. Ancaq 2009-cu ildə Əliabbas adlı bir nəfər ortaya çıxıb ki, “torpaq sahəsi mənimdir”:

“Dedi ki, guya sahəni ona Dəmiryol İdarəsi satıb. Başımıza gəlməyən oyun qalmadı. Evimizə hücum çəkdilər, oğlanlarımı döydülər. Bağın hasarını dağıtdılar, meyvə ağaclarını kökündən çıxartdılar. İşıq xətlərini qırdılar...”

Deyir, başına gələnlərlə bağlı Suraxanı rayon icra hakimiyyəti başçısının qəbulunda olarkən başa düşüb ki, elə bu həngamələrin başında bu qurum dayanırmış:

“Evimizə hücum edənlərdən birinin şəklini çəkmişdim. Çıxartdım şəkli göstərdim başçıya, başçı da yanında oturana ötürdü. Yanında oturan da şəklə baxıb gülməyə başladı. Bir də baxdım ki, həmin adam elə şəkildəkidir. Başçı da gülürdü. Onda anladım ki, səhv ünvana üz tutmuşam. Bizim başımıza gələn oyunların başında elə bunlar özləri dayanır”.

“TƏLƏSİK SAXTA SƏNƏD DÜZƏLTDİ”

Bundan sonra Nazilə xanım məhkəməyə müraciət edib. Suraxanı rayon Məhkəməsi torpaq sahəsinin uzun müddət onun istifadəsində olduğunu, vergisini ödədiyini, təsərrüfat sahəsi kimi istifadə etdiyini nəzərə alaraq onun xeyrinə qətnamə çıxarıb. Amma...

“Əliabbas adlı həmin adam tələsik saxta bir sənəd düzəltdi. Guya torpaq sahəsi ona 1997-ci ildə verilib. Sənədin saxtalığı baxan kimi görünürdü. Kiril hərfləri və rus dilində bir sənəd idi. Belə başa düşdüm ki, Sovet dağılandan sonra möhürlər hələ də bunların əlində qalıb. İstədikləri sənədi köhnə tarixə tərtib edib həmin möhürlə necə saxtakarlıqlar edirlər, necə evlər yıxırlar”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Torpaq sahəsinə iddialı olan Əliabbas Eminov məhkəmə qətnaməsindən apellyasiya şikayəti verib. Məhkəmə də həmin sənədə əsaslanaraq onun şikayətini təmin edib. Nazilə xanım deyir, sənədin ekspertiza olunmasını tələb etsə də, hakim qulaqardına vurub:

“Nə Apellyasiya, nə də Ali Məhkəmə bu sənədin saxtalığını yoxlamaq istəmədi. Beləcə, torpağı əlimdən alıb həmin adama verdilər”.

“MƏLUMAT AŞKARLANMAYIB”

Nazilə xanımın vəkili Dəmiryol İdarəsinə sorğu göndərib. Qurumun cavabına görə, qeyd olunan torpaq sahəsi onların ərazisinə aid deyil: “... Əliabbas Eminov adlı şəxslə əlaqədar aparılmış araşdırmalar nəticəsində onun dəmiryolunda işləməsi və ona dəmiryolu tərəfindən qeyd olunan ərazidə torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilməyib”.

Əliabbas Eminovla əlaqə yaratmaq mümkün olmadı.

Ancaq Suraxanı rayon icra hakimiyyətindən “Qaynar Xətt”ə bildiriblər ki, iddialara məhkəmələrdə baxılıb və hüquqi qiymət verilib.

Nazilə xanımsa hələ də ümid edir ki, prezidentə, ədliyyə nazirinə yazdığı məktublar bir gün kara gələcək – 22 nəfərin qarnını doyduran bərəkətli torpaq sahəsi özünə qaytarılacaq.

Buna da bax: Əfv edilən Nemət Pənahlı (Video)

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG