Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:04

Nigeriya prezidenti Muhammadu Buharinin arvadı xəbərdarlıq edib ki, əri hökuməti “yaxşıca silkələməsə”, gələn prezident seçkisində onu dəstəkləməyəcək.

BBC-yə verdiyi müsahibədə Aisha Buhari deyib ki, prezident yüksək vəzifələrə təyin etdiyi şəxslərin çoxunu tanımır.

Birinci ledinin fikrincə, prezident təyinatlarının arxasında “bəzi adamlar” rol oynayıblar.

Cənab Buhari keçən il president seçilərkən korrupsiya və hökumətdə qohumbazlıqla mübarizə aparacağını vəd etmişdi.

BBC müxbiri bildirib ki, birinci ledinin öz ərini açıq tənqid etməsi cəmiyyətdə onun hakimiyyətindən narazılığı nümayiş etdirir.

Neftli ölkənin birinci ledisi

Xəbər verilir ki, Nigeriya iqtisadiyyatı neft qiymətlərinin düşməsi və milli valyutanın devalvasiyasına görə çətin dövrlərini yaşayır və əslində böhrana daxil olub.

Nigeriyada neft satışından əldə olunan pullar büdcə gəlirinin 70 faizini təşkil edir.

Prezident özünün inaqurasiya mərasimində “mən heç kiminəm və hamınınam” kəlamı ilə yadda qalıb.

BBC-nin Hausa xidmətinə müsahibəsində birinci ledi deyib ki, əri vəzifələrə təyin etdiyi 50 nəfərdən 45-ni tanımır.

“27 ildir ona arvadlıq etməyimə baxmayaraq bunu heç mən də bilmirəm” – deyib Aisha Buhari.

Prezident xanımı gileylənib ki, hakim Mütərəqqi Konqres Partiyasının siyasətini bölüşməyən adamlar indi “bəzi şəxslərin” sayəsində yüksək vəzifələrə sahibləniblər.

Ərindən 23 yaş cavan

Həmin şəxslərin kim olduğu barədə suala birinci ledi “televizora baxsanız onları özünüz görərsiniz” cavabını verib.

BBC bildirir ki, 45 yaşlı birinci ledi prezidentdən 23 yaş gəncdir.

Onun babası Nigeriyanın ilk müdafiə naziri olub.

Aisha Buhari ərinin gələn prezident seçkilərinə qatılacağı barədə suala da “ərim hələki mənə bir söz deməyib” cavabını səsləndirib.

"O hələlik bu barədə qərarını mənə deməyib, lakin mən onun arvadı kimi qərara gəlmişəm ki, vəziyyət 2019-cu ilədək belə qalmaqda davam etsə, mən onun üçün əvvəlkitək kampaniya aparmayacağam və qadınları da ona səs verməyə çağırmayacağam” - deyib Aisha Buhari.

Nigeriyadan alınan xəbərlərdə deyilir ki, sosial media istifadəçilərindən bəziləri birinci ledinin çıxışını tənqid ediblər.

“Mən prezident Buharinin böyük azarkeşi deyiləm, amma istəməzdim ki, onu ictimaiyyət qarşıında öz komandasının üzvü, yəni arvadı tənqid etsin. İcazə verin, bunu biz edək” – yazıb Tvitterdə bir istifadəçi.

Günün bütün mövzuları

XS
SM
MD
LG