Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:45

Almaniya və Britaniya da İŞİD-i bombalaya bilər


İllüstrasiya
İllüstrasiya

►Britaniya və Almaniya da bu həftə “İslam Dövləti” qruplaşmasına qarşı hücumlara qoşula bilər

Dekabrın 2-də Britaniya parlamenti Suriyanın bombalanması məsələsini səsə qoyacaq.

Ölkənin baş naziri David Cameron hesab edir ki, Qərb dövlətlərinin Suriyada “İslam Dövləti”nin bombalanmasına qoşulmasının vaxtı çatıb.

O deyib ki, “İslam Dövləti”nin ötən ay Parisdə 130 nəfərin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürməsindən sonra Britaniya öz təhlükəsizliyini başqalarına həvalə edə bilməz.

Həm baş nazirin mənsub olduğu Mühafizəkarlar Partiyasında, həm də Leyborist Partiyasında hücumlara başlamaq məsələsinə skeptik yanaşanlar var.

Leyboristlər Partiyasının hücumlara qarşı olan rəhbəri Jeremy Corbyn millət vəkillərinə deyib ki, o, partiyasında artmaqda olan etirazı yatırtmaq üçün “azad səsverməyə” icazə verəcək.

Buna da bax: Nəinki Rəsulzadədən, öz adımdan da imtina edərəm

"AYDIN VƏ BİRMƏNALI DƏSTƏK"

İŞİD yaraqlısı
İŞİD yaraqlısı

Başqa sözlə, bu dəfə o, öz partiyasından olan parlament üzvlərinə necə səs vermələri barədə təlimat vermək ənənəsini pozacaq.

Beləliklə, leyborist deputatlar parlament müzakirələri və səsvermə zamanı partiya liderinin fikrinə zidd olmuş olsa belə, hücumları dəstəkləyə biləcəklər.

“Düşünürəm ki, parlamentdə Suriya və İraqda “İŞİD”ə qarşı hərəkət etmək barədə müttəfiqlərimizin çağırışına cavab verməklə bağlı dəstək artmaqdadır,” - deyə Cameron özünün televiziya bəyanatında deyib.

O, müzakirələrin və səsvermənin çərşənbə günü keçirilməsini tövsiyə edib.

2013-cü ildə parlament Suriya prezidenti Bashar al-Assada qarşı hücumlara başlamaq barədə təklifi rədd etmişdi və beləcə, Cameron məğlub olmuşdu.

Müharibəyə qarşı olmaqda ad çıxarmış Corbyn azad səsverməyə icazə verməklə Camerona bu dəfə də məğlub olmamaq üçün lazım olan çoxluğu təmin etmiş olur.

Leyboristlərin arasında daha çox hava zərbələrinin Yaxın Şərqdə qeyri-sabitliyi artıracağından qorxanların sayı çoxdur. Lakin partiyanın aparıcı üzvərindən bəziləri hesab edirlər ki, bu addım Britaniyanın təhlükəsizliyi üçün zəruridir.

Bir məqam da ondan ibarətdir ki, Leyboristlər Partiyası BMT-nin hava zərbələrinə “aydın və birmənalı” dəstək verməsi şərtini irəli sürüb. Leyboristlər Partiyasından olan mənbə bildirib ki, Corbyn hələ də bu şərtin təmin olunmasını tələb edəcək.

Buna da bax: "Nurçular" MTN-i "torba tikməkdə" ittiham edir

SÖZ PARLAMENTİNDİR

Almaniya hökuməti isə çərşəbə axşamı alman hərbçilərinin Suriyaya göndərilməsi barədə qərarı təsdiqləyib.

Hökumətin ilkin hesablamalarına görə, Suriyada hərbi əməliyyatlar Almaniyaya ildə 134 milyon avroya başa gələcək.

Hökumət bu barədə Bundestaqa sorğu göndərib. Qoşunların göndərilməsi barədə yekun qərarı Bundestaq verməlidir.

Əməliyyatda “Tornado” kəşfiyyatçı təyyarələri, bir qırıcı və 200 hərbi qulluqçu iştirak edəcək.

Hökumətin ilkin hesablamalarına görə, Suriyada hərbi əməliyyatlar Almaniyaya ildə 134 milyon avroya başa gələcək.

Bundesverin (Almaniya Silahlı Qüvvələrinin) baş müfəttişi Volker Wiekerin sözlərinə görə, bu əməliyyat Bundesverin hazırki xarici missiyaları arasında ən irihəcmlisi ola bilər. O deyib ki, əməliyyata mandatın əldə edilməsindən dərhal sonra start veriləcək.

Hazırda Suriyadakı hərbi əməliyyatı Rusiyadan başqa tərkibində ABŞ, Fransa, Mərakeş, Qatar, İordaniya, Bəhreyn və Səudiyyə Ərəbistanının olduğu koalisiya da dəstəkləyir.

Lakin bu dövlətlər hələlik “İslam dövləti”nə hava zərbələri endirirlər. Koalisiyanın heç bir üzvü Suriyaya qoşun göndərməyib.

Son vaxtlar Rusiya Suriyada hərbi iştirakını gücləndirib. Əssad rejiminin nəzarət etdiyi ərazilərdə ən müasir S-400 raketdən müdafiə qurğuları, Su-34 bombardmançı təyyarələri yerləşdirib.

XS
SM
MD
LG