Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:05

Britaniya şirkəti Azərbaycanda rüşvət verib?


Dollar
Dollar

Böyük Britaniyada mənzillənən «F.H.Bertling Ltd.» logistika və gəmiçilik şirkətinin Azərbaycandakı sövdələşmələri istintaqa cəlb olunub.

Məlumatı Böyük Britaniyanın Ciddi Fırıldaqlar üzrə İdarəsi (SFO) yayıb. Ötən ay isə həmin şirkətin Anqolada rüşvət verməsi iddiaları üzrə araşdırma başlanmışdı.

SFO-dan «The Wall Street Journal»a deyiblər ki, təhqiqat gedir, əlavə şərh verməyiblər.

SONUNCU MALİYYƏ HESABATI

Şirkətin ötən ilin sentyabrında «Şirkətlər evi» adlanan dövlət reyestrinə təqdim etdiyi məlumatda deyilir ki, SFO-ya özü barədə hesabat verib, həmin hesabat «Azərbaycanda tarixi ticarət fəaliyyətini əhatələyir». Məlumatda bildirilir ki, «F.H.Bertling» Azərbaycanda 2011-ci ildən işləməyə başlayıb, o vaxtdan bir sıra islahedici addımlar atıb: «Məsələn, menecmentdə dəyişikliklər olub, etik qaydalar proqramı, təlimlər həyata keçirilib».

Bu şirkət Almaniyanın «F.H.Bertling Holding GmbH» şirkətinin filialıdır. 2014-cü ildə 26.8 milyon, bir il öncə isə 23 milyon funt sterlinq gəlir əldə edib. Qəzet yazır ki, bu, «F.H.Bertling»in Böyük Britaniyada açıqladığı sonuncu maliyyə hesabatıdır.

Şirkətin direktorları Julia Burt və Colin MacIsaac şərh verməyiblər.

İyulun 13-də şirkət daha bir ittihamla üzləşib. SFO şirkəti və yeddi indiki və keçmiş rəhbərini Anqolada «Sonangol» dövlət neft şirkətinin agentinə rüşvət verməkdə suçlayıb.

MƏHKƏMƏ SENTYABRIN 1-DƏ OLACAQ

SFO bildirir ki, araşdırmaya 2014-cü ilin sentyabrında başlayıb. Anqolada iddia olunan rüşvət halı isə 2005-ci ilin yanvarından 2006-cı ilin dekabrınadək olan müddətdə baş verib. Londonun Sautuark məhkəməsi işə sentyabrın 1-də baxacaq.

Almaniyanın «F.H.Bertling Holding GmbH» şirkəti 150 ildir yaradılıb, dünyanın 35 ölkəsində 65 filialı var.

SFO ciddi rüşvətxorluq və korrupsiya iddialarını araşdırmağa məsuliyyət daşıyan qurumdur, son aylar bir sıra hay-küylü məhkəmə prosesləri başladıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG