Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:57

Merkel: "Britaniya gilasın yaxşısını seçə bilməyəcək…”


David Cameron və Angela Merkel

David Cameron və Angela Merkel

Britaniyanın baş naziri David Cameron özünün Avropa liderləri ilə son görüşünü "konstruktiv" adlandırıb

Britaniyanın baş naziri David Cameron Brüsseldə Avropa İttifaqı liderlərinə deyib ki, onun Brexit referendumunda uduzmasının səbəbi səs verənlərin Avropadan miqrasiyaya nəzarət edilə biləcəyinə inanması olub.

Avropa İttifaqı liderlərinin şam yeməyinə qatılan Cameron xəbərdarlıq edib ki, Avropa miqrasiya məsələsini görməməzliyə vura bilməz.

Baş nazir deyib ki, miqrasiya məsələsinin həll olunmaması Birləşmiş Krallıqla Avropa İttifaqı arasında yeni ticarət sazişinin bağlanması şanslarını ciddi əngəlləyə bilər.

Referendumda Britaniyanın Avropa İttifaqından çıxması üçün kampaniya aparan siyasətçilər düşərgəsi bildirirdi ki, Londonun Brüssellə yeni münasibətləri Avropadan Britaniyaya miqrasiyanın məhdudlaşdırılması üzərində qurulacaq.

Başqa sözlərlə, Britaniyanın bir müddətdən sonra tərtib ediləcək yeni kabineti ölkənin vahid Avropa bazarında qalmasını qarşısına məqsəd qoyacaq.

Mallar, xidmətlər və əlbəttə, insanlar

Lakin bundan əvvəl Almaniya kansleri Angela Merkel zərb-məsəldən istifadə edərək xəbərdarlıq etmişdi ki, Britaniya vahid bazarda qalarsa, ona “gilasın yaxşısını seçmək” imkanı verilməyəcək.

Məsələ burasındadır ki, Avropa vahid bazarına giriş hər hansı bir ölkəyə ayrılıqda yox, paket şəklində verilir.

Bu paketə bir sıra başqa müddəalarla bağlı həm də icbari qaydada “hərəkət sərbəstliyi” prinsipi daxildir.

Bu prinsip Avropa vahid bazarında “malların, xidmətlərin və insanların sərhədlər üzərindən sərbəst hərəkətini” nəzərdə tutur.

Hazırda məhz bu prinsip əsasında Britaniyada Avropa İttifaqının Polşa, Litva, Rumıniya, Bolqarıstan və Çexiyadan olan yüz minlərlə vətəndaşı yaşayır və işləyir.

Öz növbəsində Avropa İttifaqı ölkələrində 2 milyonadək Britaniya vətəndaşı var.

Köhnə bazara təzə nırx olmaz

Britaniyanın Avropadan çıxmasına çalışanlar əsasən Şərqi Avropadan olan miqrantların ölkəyə gəlişinə sədd qoyulacağını təbliğat bayrağı etmişdilər.

Ötən həftəsonu Qərbi Londonun və bir sıra başqa İngiltərə şəhərlərinin küçələrində Şərqi avropalılar üzərinə bir sıra irqçi hücumlar olub.

Londonda Polşa mədəniyyət mərkəzinin qapısında irqçi qraffiti

Londonda Polşa mədəniyyət mərkəzinin qapısında irqçi qraffiti

Onların evlərinə, biznes ofislərinə həkk edilən qraffitilərdə və plakatlarda “Evinizə qayıdın, biz Avropadan çıxdıq” kimi şüarlar yazılır.

Buna görə də indi Merkelin xəbərdarlığı Britaniyada əhalinin Brexit eyforiyalı kəsiminə əsl məyusluq gətirib.

"Əgər siz vahid bazara giriş istəyirsinizsə, Avropanın təməlhaqlarını və eləcə də bunlara bağlı Avropa öhdəliklərini qəbul etməli olacaqsınız” – deyib Almaniya kansleri.

Qərb jurnalistlərinin artıq İncildəki “Sonuncu şama” bənzətdikləri Brüssel ziyafətindən sonra keçirdiyi mətbuat konfransında Cameron referendum keçirildiyinə peşman olmadığını, lakin bu referendumda uduzduğundan pərt olduğunu söyləyib.

Bununla belə baş nazir bəyan edib ki, Britaniya Avropa İttifaqına arxa çevirə bilməz.

Çiyələk və gilas məsələsi

Britaniya mediası xəbər verir ki, vəziyyətin bütün gərginliyinə baxmayaraq, Cameron, ilkin məqsədinə çatmış kimi görünür.

Hollansiyanın baş naziri Mark Rutte Britaniyanı tələsdirməməyə çağırıb

Hollansiyanın baş naziri Mark Rutte Britaniyanı tələsdirməməyə çağırıb

Avropa liderləri, xüsusilə də Şərqi Avropanın təzyiqi altında Britaniyaya “nəfəs yeri” qoymaqda deyəsən, razılığa gəliblər.

Bundan əvvəl Fransa prezidenti Francois Hollande Britaniyanın Aİ-ni dərhal tərk etməsini tələb etmişdisə də, Almaniya kansleri Angela Merkel Londonu “karıxdırmamağa” çağırmışdı.

Brüssel görüşündə belə çağırışlar az səslənməyib.

Hollandiyanın baş naziri Mark Rutte deyib ki, “Britaniya ilə tələm-tələs vidalaşma müdrik bir addım olmazdı”.

Britaniya mediası baş nazir Cameron-un son Brüssel şamının menyusunu da dərc edib.

Qızardılmış bildirçin və dana can ətinin pörtləməsi, yaşıl lobya salatı, təzə-tər göyərti…

Bu masada Britaniyanı xatırladan yalnız çiyələk çərəzi olub…

Bir də əlbəttə, gecədən xeyli keçmiş Londona qayıdan Cameron Merkelin dediyi “gilas məsələsini” yaddan çıxara bilməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG