Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:09

Erdoğan-ı ələ salmışdı, indi türklərə sevgi izhar edir


Obama və Erdoganı aşağılayan mer nazir vəzifəsində
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Obama və Erdoğan-ı aşağılayan mer nazir vəzifəsində.

Referendum zamanı səslənən çıxışlara baxmayaraq, Britaniya indi Türkiyənin Avropa Birliyinə (AB) qoşulmasına kömək edəcək. Bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Johnson Türkiyədə səfərdə olanda deyib.

Britaniyada AB-də qalıb-qalmamaqla bağlı referendum keçirilərkən Boris Johnson Türkiyənin birliyə qəbulunun əleyhinə danışır, Türkiyə AB-nin üzvü olarsa, milyonlarla miqrantın Britaniyada yaşamaq və işləmək haqqı qazanacağını deyirdi.

NƏ OLURSA-OLUN

Bundan başqa, xarici siyasətçiləri aşağılayan yumorlarıyla tanınan Johnson Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın da haqqında təhqiramiz şer yazmış, səfərdən əvvəl də, sonra da bu şerinə görə üzr istəməmişdi.

Sentyabrın 27-də «The Independent», «The Telegraph» kimi aparıcı nəşrlər Boris Johnson-un Erdoğan-ın əlini sıxdığı şəklini dərc edib. Johnson sentyabrın 26-da Ankaraya ilk rəsmi səfərini edərək, Türkiyə rəsmiləriylə görüşüb və Türkiyənin xeyrinə çıxışlar edib.

Hər şeydən əvvəl o, AB-yə qəbul məsələsində ölkəsinin Ankaraya yardım edəcəyini bildirib. «Biz Avropa Birliyini tərk edə bilərik, amma Avropanı tərk etmirik və Britaniya nə yolla olur-olsun, Türkiyəyə kömək edəcək». Boris Johnson belə deyib.

ŞEİRDƏN DANIŞAN OLMAYIB

Səfəri ərəfəsində Johnson Türkiyənin Birləşmiş Krallığın (Worldbulletin) mühüm partnyoru olduğunu bildirib.

«Reuters»in yaydığı məlumata görə, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında Johnson Türkiyəylə azad ticarət barədə böyük razılaşmaya nail olmaq istədiyini, Ankaranın Suriya siyasətini dəstəklədiyini deyib.

«The Telegraph»ın yazdığına görə, Boris Johnson-un Ankaradakı görüşlərində onun əvvəlki çıxışlarına, o cümlədən təhqiramiz şeirinə toxunan olmayıb. Qəzet Johnson-un özünün şeri «boş şey» adlandırdığını, danışıqlarda bu məsələnin xatırlanmamasından məmnun olduğunu bildirib. Johnson, görünür, münasibətləri yumşaltmaq məqsədilə Türkiyə istehsalı olan, «çox gözəl və çox yaxşı işləyən» paltaryuyan maşını ilə fəxr etdiyini vurğulayıb.

ÇİRKİN SƏHİFƏNİ BAĞLAMAQ

Buna cavab olaraq, Türkiyənin AB məsələləri üzrə naziri Ömər Çelik Boris Johnson-un çevriliş cəhdindən sonrakı proseslərdə də Türkiyənin güclü tərəfdarı olduğunu bildirib və onu «Osmanlı» adlandırıb. Johnson-un atasının babası Ali Kemal I Dünya Müharibəsindən sonra Türkiyədə qısa müddətə nazir vəzifəsində işləyib. Mətbuat konfransında Johnson özü də bunu xatırladıb: «Bilirsiniz ki, bura mənim babalarımın vətənidir».

Ömər Çelik deyib ki, onlar Britaniyanın birlikdən çıxmaq qərarına hörmətlə yanaşırlar. Ö.Çelik referendumqabağı kampaniya zamanı Türkiyəylə bağlı tənqid səsləndirsə də, «biz bu çirkin səhifəni bağlamalı, gələcəyə baxmalıyıq» deyib.

Türkiyə rəsmiləri ölkədə çevriliş cəhdindən sonra Qərbin soyuqluğundan şikayətlənir, baş verənlərə lazımi reaksiya verilmədiyini, Türkiyəyə dəstək görmədiklərini deyirdilər. Ona görə də Boris Johnson-un Ankaraya səfəri türk rəsmilərini məmnun edib. «The Independent» belə yazır.

XS
SM
MD
LG