Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:47

Rus general Qarabağ barədə danışdı


Nikolai Bordyuzha
Nikolai Bordyuzha

-

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ötən ilin dekabrında Moskvada keçirilmiş sammitində Ermənistan prezidenti Serzh Sarkisian Rusiyanın təşəbbüsü ilə yaradılmış bu təşkilatı kəskin tənqid etmişdi. Təşkilatı Azərbaycanın hücumlarının intensivləşdiyi bir şəraitdə öz nizamnaməsinə əməl etməməkdə ittiham etmiş və NATO-dan nümunə götürməli olduğunu söyləmişdi.

AzadlıqRadiosunun Ermənistan xidməti Serzh Sarkisian-ın bu bəyanatından sonra KTMT-nin mövqeyində hər hansı dəyişiklik olub-olmayacağını təşkilatın Baş katibi Nikolai Bordyuzha-dan soruşub.

«Mən KTMT-nin bu cür çox həssas məsələylə bağlı mövqeyində hansısa şəkildə dəyişiklik etməyə ehtiyac görmürəm. KTMT Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə cəlb olunmayıb. Biz Ermənistan kimi vacib müttəfiqimizə aidiyyəti olduğuna görə vəziyyəti müşahidə edirik. Amma münaqişənin həlli ilə ATƏT-in və BMT-nin yaratdığı digər beynəlxalq təşkilatlar məşğul olur» - Nikolai Bordyuzha bildirib.

1994-cü ildə atəşkəs sazişi imzalanandan ötən müddət ərzində 2015 ən gərgin il olub. Azərbaycan nəinki Qarabağ, hətta Ermənistan istiqamətində də ağır silahlardan istifadə edib. Nəticədə həlak olan erməni hərbçilərinin sayında kəskin artım olub. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatına görə, 2015-ci il ərzində 41 belə hal qeydə alınıb. Bu da əvvəlki illərlə müqayisədə rekord sayıla bilər. 2014-cü ildə 26, 2013-cü ildə 5, 2012-ci ildə 12, 2011-ci ildə isə 11 hərbçi həlak olmuşdu.

SARKISIAN: «BİZƏ AÇILAN ATƏŞ HƏM DƏ MOSKVAYA AÇILAN ATƏŞDİR»

Bordyuzha bildirib ki, hərbi blokun bütün üzvləri Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin tərəfdarı olmaqla, gərginliyin artmasına qarşıdır. O, bu cür mövqeyin təşkilatın nüfuzuna xələl gətirdiyinə inanmadığını söyləyib.

Sarkisian həmin çıxışında təşkilatın prestiji məsələsinə də toxunmuşdu: «Hər dəfə Azərbaycanın silahlı qüvvələri bütün kalibrli silahlardan, minomyotlardan və artilleriya qurğularından Ermənistana atəş açanda, onlar həm də Astanaya, Düşənbəyə, Bişkekə, Moskvaya və Minskə atəş açmış olurlar. Xatırladım ki, bununla bağlı Nizamnamədə müvafiq maddə var. Biz bu maddəni nəinki tətbiq etmirik, heç yaranmış vəziyyəti belə müzakirə etmirik. Dəstəyi qaldırıb müttəfiq Ermənistanda nə baş verdiyi ilə maraqlanmağı lazım bilmirik. Amma əvəzində beynəlxalq təşkilatlarda müttəfiqin maraqlarına qarşı səs veririk, üçüncü tərəflərlə müttəfiqlərə qarşı yönəlmiş ikitərəfli bəyanatlar qəbul edirik. Bununla da bütün təşkilatımızı, onun prestijini və əhəmiyyətini açılan həmin atəşin altına atırıq».

«ERMƏNİSTANDAKI BAZA TÜRK ORDUSUNA QARŞI DAYANMAQ ÜÇÜN DEYİL»

Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının potensialının mümkün rus-türk müharibəsi zamanı Türkiyə ordusuna qarşı dayanmaq üçün yetərli olub-olmadığı barədə suala isə Bordyuzha belə cavab verib: «102-ci bazanın potensialı onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün kifayətdir. Onsuz da bu hərbi baza Türkiyə ordusuna qarşı vuruşmaq üçün deyil, regionda sabitliyi təmin etmək üçündür».

XS
SM
MD
LG