Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:05

Normal çalışan tək institut korrupsiyadır («Borc və Azadlıq» silsiləsindən 5-ci yazı)


Korrupsiya

Korrupsiya

Kreditor gərdəyində gəlin («Borc və Azadlıq» silsiləsindən 1-ci yazı)

Soyunan borclular... («Borc və Azadlıq» silsiləsindən 2-ci yazı)

Azərbaycanda qanun zəiflər üçündür? («Borc və Azadlıq» silsiləsindən 3-cü yazı)

Yoxsul olmaq qəbahətdir? («Borc və Azadlıq» silsiləsindən 4-cü yazı)

Hüquq hamıya gərəklidir, hətta oğrulara da. Buna görə də Azərbaycanda iqtisadi amnistiya həyata keçirilməli, hamının indiyədək qazandığı əmlak leqallaşdırılmalıdır (halal sayılmalıdır). İslahatlarda, ilk növbədə, məmurlar maraqlı olmalıdırlar (etiraf etməliyik ki, cəmiyyətimizin elitası onlardır). Bu gün onların da gələcəyə əminliyi yoxdur. Çünki ölkədə korrupsiyadan başqa normal işləyən institut yoxdur, qanunlar işləmir, mülkiyyət hüququ qorunmur və s. Nəticədə hamı zərər çəkir.

Sarsıntısız, inqilabsız inkişaf yolu yalnız iqtisadi amnistiyadan və bundan dərhal sonra hüququn üstünlüyünə təminatdan keçir. Biz hüquqi dövlət qurmalıyıq. Həmin dövlətdə ilk növbədə müstəqil və ədalətli məhkəmə sistemi olmalıdır. Adi kredit ekspertindən, az maaş alan hakimdən necə müstəqillik və ədalət gözləmək olar? Qərarlarını dərc etməyən məhkəməyə necə etibar etmək olar? Demək, məhkəmənin utandığı, çəkindiyi məqamlar var. Bu baxımdan bizdə 3-cü hakimiyyət – məhkəmə hakimiyyəti, əslində, real hakimiyyətə malik deyil. Qeyri-rəsmi 4-cü hakimiyyətin –mətbuatın indi hakimiyyətə daha çox təsiri var.

ZƏNGİNLƏR VƏ YOXSULLAR...

Yenə deyirəm: məhkəmələrimiz bəzi eyni məsələlərə fərqli yanaşma nümayiş etdirir. Elə borca görə həbs məsələsində də. Borclu vətəndaş kiçik borc məbləğinə görə həbs edilir (bu, əslində, işgəncədir, axı real məqsəd borclunu, nə yolla olursa olsun, hətta cinayət törətmək bahasına, borcunu ödəməyə məcbur etməkdir). Amma əhalinin və sahibkarların xeyli vəsaiti banklarda batsa da, bağlanmış bankların sahibləri və rəhbərləri buna görə məsuliyyətə cəlb olunmur. Halbuki burada da söhbət borcun qaytarılmamasından gedir (lakin əmanətlərin qaytarılması haqda məhkəmə qərarları, bir qayda olaraq, icrasız qalır). Özü də açıq-aşkar dələduzluq və mənimsəmə ucbatından.

XVIII əsrin ilk yarısında İngiltərənin Flit və Marşalsi adlanan borc həbsxanaları 2 bölümə ayrılırdı. Birinci bölümdə borcunu ödəməyən zadəganlar saxlanılırdı. Onları orada çox saxlamırdılar. Xidmətçilər qulluqlarında durur və vaxtaşırı yanlarına fahişələr də gəlirdilər. İkinci bölümdə isə borcunu ödəyə bilməyən kasıblar saxlanılırdı - dar kameralarda, əliqandallı, antisanitariya şəraitində. Göründüyü kimi, bu məsələdə də bizdə yeni bir şey yoxdur. Borcluların statusundan asılı olaraq, onlara fərqli münasibət inkişaf etmiş ölkələrdə də olub, ancaq... Ancaq 3 əsr öncə...

«DÖVLƏT KÜFRLƏ DEYİL, ZÜLMLƏ DAĞILAR»

Müflis borcluya münasibət bizim hüquqi şüur səviyyəmizin göstəricilərindən biridir. Digər məsələlərə də münasibət belədir. Bütövlükdə təhsil ocaqlarının aşağı səviyyəsinin də bunda böyük rolu var. Nəinki xoşbəxt gələcəyimiz, ümumiyyətlə, dövlət kimi hər hansı gələcəyimiz sual altındadır. Ədalətli hüquq sistemi olmayan dövlət ölümə məhkumdur. Çünki özünü idarə edə bilməz. Makiavellinin «Hökmdar» əsərindən 5 əsr əvvəl Nizamülmülkün qələmə aldığı «Siyasətnamə»də deyilir: «Dövlət küfr ilə dağılmaz, zülmlə dağılar». Bu, iqtidar-müxalifət məsələsindən və dövlətin idarəçilik formasından da geniş məsələdir. İqtidarda kimin olması, ölkənin idarəçilik forması önəmli deyil (müqayisə üçün monarxiya və eyni zamanda hüquqi dövlət olan Birləşmiş Ərəb Əmirliklərinə baxın). Xalqın şüuru dəyişməsə, istənilən iqtidar uğursuzluğa məhkumdur. Çağdaş qlobal dünyada belə xalqların uzunmüddətli perspektivdə müstəqil olması mümkünsüzdür.

«NƏLƏR DƏYİŞMƏLİDİR» SUALINA CAVAB

Xalqın şüuru, ilk növbədə, hüquqa, qanuna münasibətdə dəyişməlidir. Bundan ötrü hüquqi təhsilin və elmin gücləndirilməsi (yalançı elmi dissertasiyalara son qoyulması), hüquqşünasların cəmiyyətdəki rolunun artırılması, məhkəmələrin həqiqi müstəqilliyinin təmin edilməsi tələb olunur. İnsanlarımız hüquq sisteminə güvənməli, haqlarını tələb etməyə başlamalıdır. Heydər Əliyevin sözləri yada düşür: «Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar».

Haqqını tələb etməyən fərdlərin cəmiyyəti, nəticədə, iğtişaş və inqilablara məhkumdur. Fikir verin, Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniyada cəmi bir dəfə və qansız inqilab olub (1918-ci ildə). Niyə? Çünki almanlar haqlarını tələb edən xalqdır. Fransada isə əks mənzərədir. Buna görə Fransa inqilablarının sayı-hesabı yoxdur.

Amerikalı alim Devid Qreber «Borc: ilk 5 min il» əsərində yazır: «…son beş min il boyunca xalq üsyanları hər dəfə eyni şeydən başlanırdı – cədvəl, papirus, hesab kitabları və ya məkan və zamandan asılı olaraq, digər formadakı borc yazılarının məhvindən (üsyançılar daha sonra, bir qayda olaraq, torpaq mülkiyyətçiləri haqqında yazılara və əmlak qiymətləndirilməsi kitablarına keçirlər). Antik dövrün böyük tarixçisi Mozes Finlinin tez-tez təkrarladığı kimi, Qədim dövrdə bütün inqilabi hərəkatların bir şüarı olub: «Borcların silinməsi və torpağın yenidən bölünməsi»». Yeri gəlmişkən, hətta ABŞ-ı da, əsasən, qaçaq borclular yaradıb.

AH, AMNİSTİYA, AMNİSTİYA...

Hələ miladdan neçə min il öncə Şumer, Babil və Misirdə əhalinin borclanma həddinin və kreditorların əlindən qaçıb quldurlara qoşulan borcluların say artımı və nəticədə, cəmiyyətdə baş verə biləcək çaxnaşma və üsyanların qarşısını almaq üçün borc amnistiyaları tətbiq olunurdu. Əhalinin borc öhdəlikləri etibarsız sayılır, borca görə alınmış torpaqlar özlərinə qaytarılır, borc üzündən kölə olanlar azad edilirdi.

Bizdə isə nəinki hər hansı amnistiyadan söhbət də getmir, tam tərsinə, bank və kollektorlar, icra məmurları və məhkəmələr barbarlıq ənənələrindən əl çəkməyərək və cəmiyyətdə qarşıdurmanı dərinləşdirərək, Azərbaycanı uçuruma sürükləyirlər...

REDAKSİYADAN
Əkrəm Həsənov

Əkrəm Həsənov

Diqqətinizə yetirilən bu yazı silsiləsini bəyənə də bilərsiniz, bəyənməyə də. Bəzi düşüncələri aşırı subyektiv də saya bilərsiniz, amma... Amma əmin olun ki, qaldırılan məsələlərin aktual, faydalı və ertələnməz məqamlarını dana bilməyəcəksiniz. Axı bu yazılar silsiləsi bir peşəkarın qələmindən çıxıb.

İndi daha çox vəkil kimi tanınan Əkrəm Həsənov hüquq və iqtisad təhsili alıb. O, Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2008-ci ildə Avropa Şurası Siyasi Biliklər Məktəbindən də məzun olub. 2001-2011-ci illərdə bank sistemində çalışıb. Mərkəzi Bankın ümumi qanunvericilik şöbəsinin rəisi, «Bank of Baku» ASC hüquq departamentinin direktoru və Bank VTB (Azərbaycan) ASC İdarə Heyəti sədrinin müavini olub. 2011-ci ilin sonundan bəri müstəqil hüquqşünas kimi çalışır. Vəkillər Kollegiyasının üzvüdür. Bu ildən etibarən, «Antikollektor» MMC-nin də həmtəsisçi və rəhbəridir. Mülki Məcəlləni açıqlayan iki kitabın, eləcə də «Azərbaycanın bank hüququ» monoqrafiyasının (rusca) və 50-dən çox elmi məqalənin müəllifidir. Evlidir, 4 qızı var. Azərbaycanda hüquqi dövlətin qurulmasını, övladlarımızın bizdən daha rahat yaşamasını və Vətənlərindən qürur duymasını özünün ali məqsədi sayır.

XS
SM
MD
LG