Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:22

Vaxtı keçmiş kredit problemi necə həll oluna bilər?


 Manat
Manat

Problemli kreditlərin həcmi artmaqda davam edir. «Moody's» reytinq agentliyi hesab edir ki, Azərbaycan banklarında bu, kredit portfelinin 20 faizini təşkil edir.

Mərkəzi Bankın məlumatında isə problemli kreditlər 7,4 faizdir.

Mayın 1-ə vaxtı keçmiş kreditlər 1 milyard 381 milyon manatdır.

Mərkəzi Bankın (MB-nin) açıqladığı statistikaya görə, mart ayı ilə müqayisədə apreldə problemli kreditlərin həcmi 54,8 milyon manat və ya 4,13 faiz artıb.

MB bildirir ki, manatla 9 milyard 723,1 milyon kredit verilib. Bunun da 726,2 milyon manatının ödəmə vaxtı gecikir. Xarici valyutada da 9 milyard 35,6 milyon manatlıq kredit verildiyi qeyd edilir. Xarici valyutada problemli kreditlərin həcmi 655,1 milyon manat göstərilir.

Vaxtı keçmiş kreditlər probleminin həlli ...

Bank məsələri üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov deyir ki, problemli kreditlərin qaytarılmasının qanuni həlli yolları mövcud olsa da, banklar bir çox hallarda bunun qanundan kənar həll etməyə çalışırlar:

“Banklar bir qayda olaraq vaxtı keçmiş kreditlərin qaytarılmasını məhkəmədən kənar olaraq müştəridən tələb edirlər. Amma müəyyən müddətdən sonra məhkəmə qaydasında iddia qaldırırlar. Əslində ən düzgün yolu budur.

Bank 3 il ərzində iddianı qaldıra bilər. 3 il ərzində bunu etməsə artıq iddia qaldıra bilməyəcək. Məhkəmələr bir qayda olaraq faiz dərəcəsi hesablanmayıbsa bank verdiyini müştəridən tələb edir. Bank artıq istəyirsə borc məbləğini birqədər azaldır. Əsas problem məhkəmədə yox, məhkəmədən sonra olur. Yəni məhkəmə qərarının icrasında. İcra belə olmalıdır ki, Mülki məcəllənin 556-cı maddəsinə əsasən əgər borcun ödənilməsi mümkün deyilsə, ödənilmir. Ödənilə bilərsə və ya borclunun əmlakı varsa həmin əmlakdan tutulur. Əslində qanuna görə belə olmalıdır. Amma bizdə təəssüf ki, qanundan kənar hallar olur. Yəni müştəridən istənilən yollarla tələb edirlər, qorxudurlar və.s.”

Gözlə

No media source currently available

0:00 0:01:24 0:00
Direct-ə keçid

BİR NEÇƏ YOL

Vəkil Müzəffər Baxışov isə deyir ki, borcunu ödəmək imkanına malik olmayan şəxslərin probleminin bir neçə yolla həll etmək mümkündür.

“Banklara kredit borcu olan və borcunu ödəmək imkanına malik olmayan şəxslərin probleminin bir neçə həlli yolu ola bilər. Həlli yollarından biri ondan ibarət ola bilər ki, banklar müqavilə bağladıqları şəxslərin vəziyyətini yoxlasınlar. Müəyyən etsinlər ki, həqiqətən bu şəxslərin ödəmə qabiliyyəti yoxdur. Ödəmə qabiliyyəti olmadığına görə birtərəfli qaydada həmin kreditlərdən imtina etsinlər.

Müzəffər Baxışov
Müzəffər Baxışov

Digər bir həlli yolu o ola bilər ki, dövlət özü bu məsələni obyektiv araşdırsın. İcra hakimiyyətləri vasitəsilə yox ki, kimlərdən ki, rüşvət alacaqlar deyəcəklər ki, bunun imkanı yoxdur, kimlər ki, rüşvəti ödəyə bilməsin, desin ki, bunun imkanı var. Bu yollarla yox, obyektiv yollarla bu məsələni araşdırsın. Ödəmə qabiliyyəti olmayan insanların xərclərini öz üzərinə götürsün. Banklar da bundan əziyyət çəkməsin.

Digər bir yol o ola bilər ki, fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul olunsun. Belə bir qanunu Azərbaycan dövləti qəbul etməkdən çəkinir. Həmin qanunun tələblərinə görə kreditləri ödəyə bilməyən fiziki şəxslər məhkəməyə müraciət edə bilərlər və müflis elan oluna bilərlər. Bundan sonra bu kreditləri ödəmə öhdəliyindən də azad oluna bilərlər. Belə hüquqi yollarla bu məsələləri çözmək mümkündür. Amma mən inanmıram ki, hakimiyyət bu problemin çözülməsinə çalışsın. Çünki Azərbaycanda fəaliyyət göstərən bütün banklar oliqarxlara məxsusdur. Həmin oliqarxlarda hakimiyyətdə ən yüksək vəzifələrdə təmsil olunurlar. Və onlar öz pullarının batmasına imkan verməzlər. Ona görə də qeyri-qanuni yollardan istifadə etməklə, insanlara təzyiq göstərməklə pulların qaytarılmasına nail olacaqlar”.

ƏGƏR HƏLL OLUNMASA

İqtisadçı ekspert Rəşad Həsənov isə bildirir ki, əgər bir sıra addımlar atılmasa borcunu ödəyə bilməyən vətəndaşların sayı çoxalacaq və nəticədə bankların özü də defoltla üzləşə bilərlər.

Rəşad Həsənov
Rəşad Həsənov

“Problemin həlli yolu ondan ibarətdir ki, Azərbaycanda birinci qanunvericilikdə düzəlişlər edilməlidir. Vətəndaşın iflası haqqında qanun hazırlanmalıdır. Bu qanun qısa müddətə qüvvəyə minməlidir. Hökumət devalvasiyalardan sonrakı dövrdə məzənnə dəyişikliyindən əziyyət çəkən vətəndaşlara və biznes subyektlərinə yardım üçün kompensasiya haqqında qərar qəbul etməlidir. Bu məqsədlə Mərkəzi bankda dövlət büdcəsindən vəsait ayrılmalıdır.

Üçüncüsü, maliyyə tətilləri elan olunmalıdır. Banklar hazırda kredit öhdəliyini yerinə yetirməkdən əziyyət çəkən vətəndaşlar və biznes subyektləri üçün bir neçə aylıq və ya bir neçə illik kredit tətili verməlidir. Daha sonra hər bir bankda müştərilərlə fərdi münasibətlərdə müştərilərin vəziyyətini öyrənməklə bağlı komissiyalar yaradılmalıdır. Hər bir müştərinin maddi vəziyyəti fərdi şəkildə öyrənilməlidir və buna uyğun olaraq ədədli güzəşt şərtləri tətbiq olunmalıdır.

Bundan başqa faiz güzəştləri ilə bağlı banklar daha düzgün strategiya nümayiş etdirməlidir. Kreditlərin rekonstruktivizasiyası zamanı manata transfer edilməsi təklifi ortaya qoyulmalıdır.

Bu kimi addımlar atılmayacaqsa, son nəticədə vətəndaşlar və biznes subyektləri kütləvi şəkildə kredit öhdəliklərini kütləvi şəkildə yerinə yetirməkdən imtina edəcəklər. Banklar qısa müddət sonra ciddi təhlükələrlə üzləşəcəklər. Hətta defolta qədər gedib çıxa bilərlər, bir neçə bank bağlana bilər.”

XS
SM
MD
LG