Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:30

-

Rüşvət, korrupsiya, ailədaxili zorakılıq, zorla ərə vermə, təhsil problemləri... Səfər etdiyi ölkələrdə sosial cəhətdən ən aktual mövzunu seçib yerli tələbələrin iştirakı ilə tamaşaçıya çatdıran ABŞ-ın Bond Strit Teatrı Azərbaycandadır. Mövzunu yerli tələbələr seçib, teatr isə onlara dəstək verib.

Nyu-York teatrı əvvəlcə tələbə gəncləri bir araya gətirib bir həftəlik məşqlərdən sonra 8 nəfəri seçib. Bond Strit Teatrı ilk dəfə olaraq Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə «Ay dövriyyələri» adlı tamaşa hazırlayıb.

PƏRDƏ AÇILIR

Tamaşa iki ailənin təsviri ilə başlayır. Ailənin birində ər arvadını döyür. Digərində anayla qızı evlərini səliqəyə salır. Bir azdan ata evə öz tanışını, varlı şəxsi dəvət edəcək, qızını onun oğluna ərə vermək istəyir. Ailənin qızı tələbədir, oxuduğu institutda hamı rüşvətlə təhsil alır. Ancaq hər gün pulla bağlı söz-söhbət eşidən bu qız sevdiyi kasıb oğlana qoşulub qaçır.

Bir müddət sonra yeni ailədə maddi sıxıntılar üzə çıxır. Gənc ər-arvad rüşvətlə aldıqları diplomla heç yerdə iş tapa bilmirlər. Atalarından pul istəyirlər, ancaq atalar gənclərə yardım etmir. Qızın ərə getmədiyi varlı oğlan isə rüşvətlə işə düzəlir. Gənc ailədə işsizliyə görə vəziyyət gün-gündə ağırlaşır. Gərginlik gənc ailə başçısının həyat yoldaşına əl qaldırmasına gətirib çıxarır.

Bu oğlanın atası da həmişə anasını döyür, günün birində həmin qadın xəstəxanalıq olur.

TANIŞ JEST

Ananı xəstəxanaya aparırlar. Burda da rüşvətsiz keçinmək mümkün deyil. Hamı həkimə rüşvət verir. Həkim döyülən qadına baxıb deyir ki, təcili əməliyyat olunmalıdır. Sonra da baş və şəhadət barmaqlarını bir-birinə sürtüb ailənin əməliyyata hazır olub-olmadığını soruşur. Biləndə ki, ailənin maddi imkanı yoxdur, deyir ki, qadının həyatına təhlükə sovuşub: ««Aspirin» verim, sonra da itburnu dəmləyib için, keçib gedəcək». Ancaq qadın elə xəstəxanada ölür.

Oğlu anasının ölümünə görə atasını ittiham edir. Həyat yoldaşı isə ondan soruşur ki, «bəs mənim günahım nədir?». Bu vaxt arxadan səs gəlir: «Sənin günahın yoxdur». Tamaşa «bəs günah kimdədir» sualına belə bir cavab verir:

«Günah səndədir, günah məndədir, günah hamıdadır. Hamı bir olsa, bu problemlər həllini tapar».

«BU TAMAŞAYA MÜƏLLİMLƏR BAXSAYDI...»

Tamaşaçıların çoxu tələbələr və gənclər idi. Güllü Mehdiyeva deyir, diqqətini daha çox təhsildə korrupsiya məsələsinin qaldırılması çəkdi: «İlk dəfədir ki, bu mövzuya toxunulduğunu görürəm. Məncə, bu tamaşaya tələbələri rüşvət verməyə məcbur edən müəllimlər baxsaydı, daha yaxşı olardı».

Eldar Bağırzadə söyləyir ki, qaldırılan problemlər onu qane etsə də, aktyorlardan daha güclü iş gözləyirmiş: «Bəlkə də məşqləri az olub, ona görə. Tamaşa mənə bir az zəif təsir bağışladı. Həm də bədən hərəkətlərindən və tablolardan çox istifadə olunur, yəqin ondandır. Ancaq mövzu maraqlı seçilmişdi».

Adətən Azərbaycan teatrları tamaşaçı qıtlığından əziyyət çəkdiklərini deyir. Ancaq bu tamaşaya gələn çox idi. Bir səbəb onun pulsuz göstərilməsi ola bilərdi. Hər halda, tamaşaçının alqışları gur səslənirdi.

BOND STRİT TEATRI

Layihə ABŞ-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Səfirləri Proqramı və Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə əməkdaşlığının məhsuludur. ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə hazırlanıb.

İlk tamaşa fevralın 15-də «Yarat» Yaradıcılıq Mərkəzinin səhnəsində oynanıldı. Fevralın 16-dan 20-ə qədər tamaşa Sumqayıtda, Şəkidə, Zaqatalada, Gəncə və Bərdədə göstəriləcək.

Bond Strit Teatrı 1976-cı ildə Joanna Sherman və Patrick Sciarratta, eləcə də innovativ teatr həvəskarları olan, sosial cəhətdən məsuliyyətli aktyorlardan ibarət qrup tərəfindən yaradılıb.

Teatr vaxtının çoxunu beynəlxalq tədbirlərə sərf edir. Dünyanın müxtəlif ölkələrindən olan yerli teatr aktyorları ilə əməkdaşlıq edir. Teatr əsaslı layihələr yaratmaq və incəsənət-humanitar proqramların dayanıqlığının təmin edilməsi məqsədilə təlimlər təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG