Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:26

LƏNG ADDIMLARLA UÇURUMA DOĞRU...

Hər cəmiyyətin sosial-iqtisadi böhranlara özünəməxsus reaksiyası olur. Cəmiyyətlər var ki, hətta kiçik iqtisadi böhranlar belə tez bir zamanda ciddi siyasi etirazlara transformasiya olunur.

Cəmiyyətlər də var ki, çıxış yolunu yalnız passiv şəkildə bahalaşmaya və inflyasiyaya uyğunlaşmaqda görürlər. Azərbaycan da prinsip etibarilə sonunculara aiddir – burada, hələ ki, devalvasiya və böhran dalğalarını sıralamaqda davam edir. Hansı dalğanın sonuncu olacağını müəyyən etməyə cəhd göstərirlər...

İndi ölkədə sayca üçüncü devalvasiya dalğası gedir. İkinci devalvasiya dalğasından sonra yazmışdıq ki, bundan sonra şok xarakterli sıçrayışlar olmayacaq. Çünki manatın «üzən» məzənnəsi nisbətən kiçik variasiyalara imkan verir. Elə belə də oldu, indi milli valyuta azacıq ləng templə özünün real kursuna doğru irəliləyir...

Amma məsələnin mahiyyəti özlüyündə qalır. İstəyirsən sosial-iqtisadi uçuruma doğru iri addımlarla get, ya da bir az ləng hərəkət elə, gec-tez baxıb görəcəksən ki, uçurumun kənarındasan.

Buna da bax-'Dollar bahalanmaqda davam edəcək'

TƏK «ÜZƏN» MƏZƏNNƏ HƏR ŞEYİ XİLAS EDƏ BİLMƏZ...

Prinsipcə, belə olmaya bilərdi. Əgər hökumət böhranı cilovlamaq üçün ciddi addımlar atsaydı. İnsanların böhranın fəsadlarına qarşı sosial immunitetini artıra biləcək tədbirlər görsəydi, hər şey başqa cür də ola bilərdi.

Amma bu müddət ərzində hökumətin nəzərəçarpan addımı milli valyutanın «üzən» məzənnəsini təmin etmək oldu. Bu isə, ən yaxşı halda, real maliyyə hüdudlarına keçməkdə yardımçı ola bilər.

Düzdür, bu günlərdə daha bir özəlləşdirmənin anonsu verildi. Fəqət, bu da daha çox batmaqda olan qayıqdan bəzi artıq şeyləri tullamağa daha çox bənzəyir, nəinki qayığın özünü xilas etməyə.

Hələ də hökumət özünə bəraət qazandırmağa cəhd edir. Amma dünya ölkələrində elə bir ciddi böhran və ya kataklizmlər yoxdur. Böhran daha çox neft ölkələrində yaşanır, özü də onların hamısında yox, yalnız bir hissəsində. Təəssüf ki, Azərbaycan da bu son hissədə qərar tutdu.

TAKTİKA VƏ STRATEGİYA OLMASA...

Bəlkə də böhranı cilovlamağa yönələn addımlardan çox söhbət açmaq olardı. Amma təhlil ediləsi ciddi bir şey yoxdur. Düzdür, ikinci devalvasiya dalğasından sonra hökumət möhkəm «işgüzarlıq» göstərdi. Fəqət, hələ o vaxt iqtisadi siyasət iki hissəyə bölünməli idi – strateji və taktiki siyasətə. Taktiki siyasət böhranı cilovlamağa və insanların sosial – iqtisadi immunitetinin artırılmasına yönəlməli idi. Strateji siyasətin isə bir adı olmalı idi: qeyri-neft sektorunun inkişafı.

Birinci hissəyə təcili və təxirəsalınmaz addımlar aid edilməli idi. Amma belə bir iş görülmədi. Ən çox dilxorçuluq yaradan isə odur ki, bu günə qədər hökumətin ciddi sosial paketi yoxdur. Əvəzində böyük bahalıq və müdafiəsizlik var.

Strateji addımlara gəldikdə isə, əvvəldən aydın idi ki, qeyri-neft sektorunun inkişafı bir ilin, iki ilin işi deyil. Bu məsələ ilə bağlı da ciddi iqtisadi paket və proqram olmalı idi. Demirik ki, heç nə yoxdur. Yox, bəzi qərarlar qəbul olunub, müəyyən addımlar atılıb, amma bunlar çox azdır.

Buna da bax-3-cü devalvasiya nə vaxt ola bilər

ÖLKƏ ÖZ ƏVVƏLKİ BİÇİMİNDƏ QALIR

Azərbaycan kiçik ölkədir. Burada real vəziyyəti dəyərləndirmək və qiymətləndirmək üçün elə də böyük əziyyət çəkmək lazım deyil. Məsələn, biznes mühitinin vəziyyətini bir-iki işadamı ilə söhbət etməklə də öyrənmək olar. Belə cəhdlər isə heç də ümidverici nəticələrə gətirib çıxarmır – bütün vədlərə rəğmən, ölkə öz əvvəlki biçimində qalır.

Bunun səbəbləri haqqında çox düşünülüb. Ölkədə avtoritarizmdən nə qədər iqtisadi effekt əldə etmək mümkündürsə, bu, artıq edilib. Bundan sonra iqtisadi islahatlar aparılmalı, bu da siyasi islahatlarla tamamlanmalı idi.

Amma bu olmadı. Əvəzində məmurların işinə nəzarət etmək və onların iqtisadiyyata müdaxiləsini minimuma endirmək üçün ekzotik mexanizmlər fikirləşməyə başladılar.

Hətta kiçik demokratik islahatlar aparılacağı təqdirdə belə onlara ehtiyac qalmazdı. Fəqət, belə islahatlar nəinki aparılmır, hətta əksinə, ölkəni bir az da avtoritarlaşdırmağa cəhd edilir.

Sentyabrda referenduma çıxarılacaq konstitusiya düzəlişlərində prezidentə hətta parlamenti buraxmaq səlahiyyətini vermək nəzərdə tutulur. Buna nə lüzum vardı? Məgər parlamentin formalaşma qaydaları və onun tərkibi hamıya bəlli deyilmi? Belə parlament ali icra hakimiyyəti üçün hər hansı problem yarada bilərdimi? Əlbəttə ki, yox. Sadəcə, məsələ bundadır ki, Azərbaycandakı hakimiyyət bir partiyanın, bir siyasi qrupun hakimiyyəti olmaqdan çıxaraq tamamilə bir neçə adamın hakimiyyətinə çevrilir...

Ona görə də böyük ümidlərə qapılmırıq. O səbəbdən ki, çox təəssüf, kiçik ölkənin böyük problemləri hələ öndədir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG