Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:18

BMT-də Azərbaycan rəsmilərinə verilən suallar


Gənc fəal Nəcmin Kamil
Gənc fəal Nəcmin Kamil

Bu həftə BMT-nin İnsan Haqları Komitəsində Azərbaycan da daxil olmaqla, 8 ölkədə insan haqlarının durumu qiymətləndirilib. Müzakirələr 3 gün davam edib. Bu haqda AzadlıqRadiosu-na həmin müzakirələrdə iştirak edən gənc fəal Nəcmin Kamil məlumat verib.

Onun sözlərinə görə, birinci gün hökumətlər, vətəndaş cəmiyyətinin nümayəndələri, beynəlxalq qurumlar öz bəyanatlarını səsləndiriblər. Növbəti iki gündəsə Komitə üzvləri hökumətə suallar ünvanlayıblar. Qeyd edək ki, axırıncı dəfə Komitədə Azərbaycanla bağlı belə bir müzakirə 2009-cu ildə olub.

Buna da bax:​ BMT-də Azərbaycanda insan haqlarının durumu müzakirə edilir

– Azərbaycan BMT-nin Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktına qoşulub. Bununla da üzərinə bir sıra öhdəliklər götürüb. Suallar da daha çox bu öhdəliklərin necə yerinə yetirilməsi ilə bağlıydı. Bu toplantının keçirilməsi üçün hökumətin təşəbbüsünün olması vacibdir.

– Hökumətə suallar nəylə bağlıydı, nəyə diqqət yetirirdilər?

– Daha çox siyasi motivli həbslərlə bağlı suallar verirdilər. Jurnalistlərin, siyasi fəalların, hüquq müdafiəçilərinin üzləşdikləri çətinliklərlə, fəalların ailələrinə təzyiqlər, işgəncələrlə bağlı suallar verirdilər. Bu zaman da onlar beynəlxalq qurumların, xüsusən də Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına istinad edirdilər. Buna görə də hökumət təmsilçiləri məhkəmə qərarında əksini tapmış faktlardan imtina edə bilmirdilər. İşgəncələrlə bağlı müzakirələrdə İlqar Məmmədovun və Leyla Yunusun həbsxanada üzləşdikləri insidentlərlə bağlı suallar var idi. AXCP sədri Əli Kərimlinin xarici pasport məsələsi, ictimai fəal Emin Hüseynovun vətəndaşlıqdan çıxarılması, eləcə də sentyabrda keçirilən referendum da diqqətdən yayınmadı.

Buna da bax:​ İntiqam Əliyev: Yükün bir hissəsini öz çiyinlərimə götürəcəm- [fotolar]

– Referendumla bağlı nə deyildi?

– Onlar maraqlanırdı ki, həqiqətən də bu referendum prezidentin səlahiyyətlərinin genişləndirilməsinə, hakimiyyətinin gücləndirilməsinəmi xidmət edir. Korrupsiya, məhkəmələrin effektiv fəaliyyəti, müstəqil vəkillərin Kollegiyadan uzaqlaşdırılması ilə bağlı da suallar verildi.

– Bəs hökumət nə cavab verdi?

– Hökumətin cavabı bəlliydi. Onlar deyirdilər ki, sadalanan sahələrdə problemlər yoxdur. Məsələn, Leyla Yunus işgəncə ilə üzləşməyib, əksinə polisə qarşı fiziki zorakılıq göstərib. Hökumətin adından xarici işlər nazirinin müavini Xələf Xələfov, baş prokurorun müavini Rüstəm Usubov, Ombudsman Aparatının nümayəndələri orda idi. Ümumiyyətlə, rəsmi qurumlardan 15-ə yaxın nümayəndə iştirak edirdi. Komitə üzvləri bu müzakirələrdən sonra hesabat hazırlayacaqlar. Müzakirələrdə diqqət çəkən bu idi ki, Komitə üzvləri Azərbaycandakı duruma həddindən artıq tənqidi yanaşırdılar. Bu da son müzakirələrdən sonrakı yeddi ildə ölkədə vəziyyətin kəskinləşməsi ilə bağlıydı.

Buna da bax: «Atam daha çox oxuduğu kitablardan danışır» (Video)

– Hökumətdən başqa, müstəqil mənbələrin də fikirlərini dinlədilərmi?

– Birinci gün vətəndaş cəmiyyətinin üzvləri, beynəlxalq təşkilatlar çıxış etdilər. Azərbaycandan Emin Hüseynov, Ziya Quliyev danışdı. Komitə üzvləri ilə görüşlərdə də müəyyən məlumatlar verildi. Hökumət də bəyanatla çıxış etdi. Bir də onu deyim ki, rəsmilərə verilən suallar daha geniş idi, nəinki cavablar. Sualların hamısına cavab verilmədi. Xüsusən də siyasi baxımdan həssas olan məsələlərlə bağlı cavablar tam aydın deyildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG