Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

BMT-nin xüsusi məruzəçisi Michel Forst bu il sentyabrın 14-dən 22-nə kimi insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdırmaq məqsədilə Azərbaycanda olacaq.

Michel Forst BMT-nin İnsan Haqları Şurasının dünyada hüquq müdafiəçilərinin himayə və müdafiəsini nəzərdən keçirməkdən ötrü səlahiyyət verdiyi müstəqil ekspertdir. Səfər çərçivəsində o, Azərbaycanda vətəndaş cəmiyyətinin üzləşdiyi problemlərlə bağlı birinci əldən məlumatlar toplamalı və demokratiyanın yayılmasının yollarını araşdırmalıdır. Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutacaq.

BMT-nin Bakı nümayəndəliyinin yaydığı məlumata görə, Michel Forst deyib ki, insan hüquqlarının müdafiəsi hüququ universal bir hüquqdur: «Bu səfər mənə, xüsusən də vətəndaş cəmiyyəti təşkilatlarının üzləşdiyi məhdudiyyət və problemlərin artdığı bir şəraitdə Azərbaycanda insan hüquqlarının müdafiəsinə nə dərəcədə təminat verildiyini dəyərləndirməyə imkan verəcək. Mən demokratiyanın möhkəmləndirilməsi yolları və azərbaycanlı hüquq müdafiəçilərinin öz dəyərli fəaliyyətlərini həyata keçirmək üçün əlverişli mühitin yaradılması barədə konstruktiv müzakirələrin baş tutacağını gözləyirəm».

Buna da bax-Bəzi QHT-lərə qarşı cinayət işi ləğv edilib?

Səfər müddətində xüsusi məruzəçi bir sıra dövlət rəsmiləri, məhkəmə nümayəndələri, insan hüquqları müdafiəçiləri, vətəndaş cəmiyyətinin və diplomatik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək.

Xüsusi məruzəçinin yekun hesabatı 2017-ci ilin martında BMT-nın İnsan Hüquqları Şurasına təqdim olunacaq. O, araşdırmalarının ilkin nəticələrini və tövsiyələrini sentyabrın 22-də BMT-nin Ofisində keçirəcəyi mətbuat konfransında ictimaiyyətlə bölüşməlidir.

Michel Forst (Fransa) 2014-cü ildə BMT-nin xüsusi məruzəçisi təyin olunub. O, insan hüquqları ilə bağlı məsələlərdə böyük təcrübəyə malik şəxs sayılır. Michel Forst «Amnesty İnternational» təşkilatının baş direktoru və İnsan Hüquqları Müdafiəçiləri ilə bağlı ilk Dünya sammitinin baş katibi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG