Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

BMT Təhlükəsizlik Şurası BMT-nin yeni başçısını seçib. Bu, gözlənildiyi kimi, Portuqaliyanın keçmiş baş naziri və BMT-nin qaçqınlar üzrə keçmiş rəsmisi António Guterres-dir.

Bu gün, oktyabrın 6-da BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının seçimiylə bağlı səsvermə olacaq. Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin António Guterres-in qalib gələcəyinə inandığını deyib. Təhlükəsizlik Şurasının buaykı sədri Vitaly Churkin-dir.

MÜKƏMMƏL SİYASƏTÇİ

«The Washington Post» qəzetinin yazdığına görə, Təhlükəsizlik Şurasının veto hüququ olan bütün üzvləri António Guterres-in namizədliyini dəstəkləyiblər. Halbuki Rusiya indiyədək BMT-nin baş katibi vəzifəsində Şərqi Avropadan olan qadın siyasətçini görmək istədiyini, NATO ölkəsindən namizədə veto qoyacağını deyirdi.

BMT-nin hazırkı katibi, CənubiKoreyadan olan Ban Ki-moon bu vəzifəyə iki dəfə seçilib. İlin sonunda onun ikinci 5-illik müddəti başa çatır.

İngilis, fransız, ispan və portuqal dillərində danışan, bir vaxtlar Portuqaliyanın Sosialist Partiyasına liderlik edən Antonio Guterres-in mükəmməl siyasətçi olduğunu deyirlər. Tərəfdarları onun dünyanın ən qaynar nöqtələrindən olan Suriyanı yaxşı tanıdığını, qaçqınların problemlərinə bələd olduğunu bildirirlər. Antonio Guterres 10 il, o cümlədən Suriyadan qaçqın axını dövründə BMT-nin qaçqınlar üzrə rəsmisi vəzifəsini yerinə yetirib.

«FIRTINANIN İÇİNƏ GEDİR»

«Onun üçün bir nömrəli sınaq Suriya olacaq». BMT-nin keçmiş baş katibi Kofi Annan-ın köməkçisi olmuş, indi isə Kolumbiya Universitetinin Qlobal Siyasət Layihəsinin direktoru vəzifəsində çalışan Michael Doyle «The Washington Post»a müsahibəsində belə deyib: «Burda görüləcək iş çoxdur. O, fırtınanın içinə gedir. Amma Guterres sınaqlardan keçməyi sevən adamdır».

Guterres namizədliyini irəli sürərkən dəfələrlə zülmə məruz qalanların durumuna diqqət edəcəyini bildirib. Gender bərabərliyi də Guterres üçün prioritetlərdəndir. Əvvəlkirəhbərliyi zamanı o, qadınları da vəzifə başına qoyması ilə yadda qalıb. İndi də Guterres –in müavini vəzifəsinə qadın siyasətçini təyin edəcəyi gözlənir. BMT-nin baş katibini qadın görmək istəyən Rusiyanın Antonio Guterres-in namizədliyinə etiraz etməməsinin səbəbi yəqin ki, budur. «The Washington Post» belə yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG