Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:15

'Yanğınsöndürənlər gəlmişdi, amma su yox idi'


►“Yaralanandan sonra bir ay işsiz-gücsüz qaldım. Xəstəxanaya sarğıya gedib-gəlirdim. Bir adam maraqlanmadı. Mənə dəymiş ziyanın ödənilməsini istəyirəm”

Ötən il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında yanğın zamanı sakinləri xilas etməyə cəhd göstərənlər arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı, sadə vətəndaşlar da olub. Bunlardan biri də Səxavət Əliyevdir. O, iyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə zərərçəkmiş qismində ifadə verib.

“GÜNÜ 20 MANATA İŞLƏYİRDİM”

Səxavət Əliyev deyir ki, hadisə baş verən binanın yaxınlığında fəhlə işləyirdi:

"Bir azərbaycanlı olaraq, kömək eləmək istəyirdim. Girdim bloka, ikinci mərtəbəyə qalxdım, gördüm daha yuxarı çıxmaq mümkün deyil. Huşumu itirib yıxılmışam, sınmış şüşələr ayağımı kəsib".

Xəsarət alsa da, heç bir köməklik göstərilmədiyini deyən Səxavət Əliyev ona kompensasiya ödənilməsini istəyir:

"Fəhlə adamam, günü 20 manata işləyirdim. Yaralanandan sonra bir ay işsiz-gücsüz qaldım. Xəstəxanaya sarğıya gedib-gəlirdim. Bir adam maraqlanmadı. Mənə dəymiş ziyanın ödənilməsini istəyirəm".

Bina sakinlərindən zərərçəkmiş Səfurə Mazanova deyir ki, yanğın başlayandan sonra çox qısa müddətdə bütün binanı alov bürüyüb. Zərərçəkmişin sözlərinə görə, hadisə yerinə ilk gələn yanğınsöndürən maşınlarda su yox idi.

Buna da bax: 'Müharibəyə gedib şəhid olsaydı, məni belə yandırmazdı'

“SİQARET O ÜZLÜYÜN ÜSTÜNƏ DÜŞƏNDƏ YERİ QARALIRDI”

"Bina üzlənəndən sonra yuxarıdan atılan yanıq siqaret o üzlüyün üstünə düşəndə yeri qaralırdı. Dəfələrlə elə mənim pəncərəmdə də olub. Elə ona görə də bu materialla üzlənmə gedən vaxtlarda qonşular şikayət elədi, 5-6 ay iş dayandı. Çünki binanın o cür üzlənməsinə heç razı deyildik", - Səfurə Mazanova bildirib.

Zərərçəkmiş qismində dindirilənlər arasında bina sakinləri ilə yanaşı, hadisə nəticəsində xəsarət almış polis əməkdaşı Şahin Qocayev də olub. Deyir ki, hadisə yerinə ilk gələnlərdən biri olub:

"Mən və bir əməkdaşımız yanğın olduğunu bilib, Binəqədi Rayon Polis İdarəsinə məlumat verdik. Oradan da artıq bütün aidiyyəti qurumlara xəbər verildi. Hadisə yerinə çatıb insanların xilas edilməsinə başladıq. Maşında əleyhqaz var idi. 3 nəfəri xilas etdik. 4-cü adamı xilas edəndə artıq tüstüdən halsız vəziyyətdə idim. 1 saat 30 dəqiqə xilasetmə işlərində iştirak etmişəm. Huşumu itirəndə məni xəstəxanaya aparıblar".

“BAŞI PARTLAMIŞDI”

Polis yanğın zamanı özünü binadan atan Yaşar Nəcəfzadəni də görüb: "Qışqırdılar ki, “kimsə özünü atdı”. Bizim yanımıza, binanın həyətinə düşdü. Başı partlamışdı. Suyun içində idi. Camaat qorxmasın deyə, üstünü örtdük. Sonra təcili yardımın yanına apardıq".

Növbəti məhkəmə iclası avqustun 9-da keçiriləcək.

Xatırladaq ki, 15 nəfərin ölümüylə nəticələnmiş yanğına görə məhkəmə qarşısına "Global Construction" və "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Hovruzov, İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, "Dərnəgül Boru" zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG