Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:51

'Ölən bacı-qardaşımın hər birinə görə 100 min istəyirəm'


16-mərtəbəli bina yandı
Gözlə

No media source currently available

0:00 0:07:43 0:00

16-mərtəbəli bina yandı

►“Bizə dəymiş maddi ziyan inflyasiyadan əvvəl hesablanıb, xahiş edirəm, inflyasiya nəzərə alınaraq yenidən hesablansın"

Binəqədidə ötən il mayın 19-da yanan 16 mərtəbəli binanın sakinləri hələ binaya üzlük vurulan zaman bu işin dayandırılmasından ötrü uyğun orqanlara şikayət ediblər. Bununla əlaqədar binanın üzlənməsi prosesi bir müddət dayandırılsa da, sonradan yenidən davam etdirilib.

Sözügedən yanğından ziyan çəkmiş sakinlər iyulun 12-də məhkəmədə bu barədə ifadə veriblər.

15 nəfərin ölümüylə nəticələnmiş bu yanğınla əlaqədar araşdırmalar Bakı Ağır Cinayətlər Məhkəməsində aparılır.

Bu gün məhkəmə prosesində zərərçəkmişlərin dindirilməsi mərhələsi başlayıb. İfadə verən zərərçəkmişlər təqsirləndirilən 8 nəfərdən yalnız birini - binanın yerləşdiyi ərazi üzrə 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucovu tanıdıqlarını bildiriblər.

O da məlum olub ki, zərərçəkmişlərə mənəvi ziyana görə 20 min kompensasiya ödənilib. İstintaq zamanı hesablanmış maddi ziyan isə verilməyib.

“İNFLYASİYA NƏZƏRƏ ALINSIN”

Dindirilən zərərçəkmişlərdən bir neçəsi, o cümlədən İdris Xəlilov yanğınsöndürənlərin hadisə yerinə gec gəlməsindən narazılıq edib. O, binaya üzlük vurularkən edilən şikayətlərdən də danışıb:

"Binanın üzlənməsi üçün dəmirlər qurulmuşdu, materialları gətirib tökmüşdülər. Həmin vaxt yerdə olan poliuretan materiallar yanmışdı. Biz şikayət elədik ki, bu materialla üzləməsinlər. 2-3 ay dayandırdılar, sonra yenə davam elədilər".

Özü qonşu binanın sakini olan, yanan binadakı mənzildə yaşayan bacısını və qardaşını itirmiş Feyzulla Bağırov itirdiyi əzizlərinin hər birinə görə 100 min manat təzminat istəyib:

"Mən burada oturan adamların nə dərəcədə təqsirli olub-olmadığını bilmirəm. Gərək məhkəmə prosesində onların təqsirli olub-olmadığını bilim ki, sonra onlara qarşı iddia məsələsini də müəyyənləşdirim. Amma bu hadisəyə görə təqsirkar kimdirsə, o şəxslərə qarşı iddiam var. Ölən bacı-qardaşımın hər birinə görə 100 min manat tələb edirəm. Həm də bizə dəymiş maddi ziyan inflyasiyadan əvvəl hesablanıb, xahiş edirəm, inflyasiya nəzərə alınaraq yenidən hesablansın".

Zərərçəkmiş Xanım Məmmədəliyeva da bina üzlənərkən sakinlərin uyğun orqanlara şikayət məktubu göndərdiyini bildirib:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

"Bizdən əvvəl Sumqayıtda, ardınca da Xətaidə o üzlüklərdən bina yananda artıq fikirləşirdik ki, bizim bina da yanacaq. Üzlənəndən sonra bina kənardan yaxşı görünürdü, amma içəridən kobud iş görmüşdülər, elə bil türmədə idik. Pəncərələrimizin qarşısı bağlanmışdı. Bizim binada 3-4 ay lift işləmirdi".

“CİBİMƏ ƏL ATIB GÖRDÜM Kİ, NƏ PUL VAR, NƏ QIZILLAR”

Vəkillər bu zərərçəkmişdən binadakı 25A saylı mənzildən yanğın zamanı özünü atmış naməlum şəxs barədə soruşublar. Xanım Məmmədəliyeva bildirib ki, həmin oğlanı hadisədən əvvəl təxminən dörd ay olardı görürdü:

"Deyirdi ki, həmin mənzildə qohumu kirayə qalır, onun yanına gəlib-gedir".

Başqa bir zərərçəkmiş Mələk Hüseynova deyir ki, hadisə günü səhər saatlarında evdə naqil yanığına bənzər iy hiss edib, pəncərəni açıb və bu zaman aşağıda qeyri-yaşayış obyektinin damında ayrı-ayrılıqda üç yerdə alov başladığını görüb. Bu zərərçəkmiş də yanğınsöndürənlərin hadisə yerinə gec gəldiyini bildirib.

Zərərçəkmiş Heyvagül Əfəndiyeva isə ifadəsində göstərib ki, yanğın başladığını görəndə evdəki pul, qızıl-zinət əşyaları və telefonunu götürüb aşağı düşüb:

"Qapını açanda bloku tüstü bürümüşdü. Bir az düşdüm, tüstüdən boğulurdum, pilləkənlərdə oturdum. Sonra lift açılıb düşmüşəm. Aşağıda qarışıqlıqda birdən cibimə əl atdım ki, oğluma zəng eləyim, gördüm ki, nə pul var, nə qızıllar, nə də telefon. Bilmədim pilləkənlərdə düşüb, liftdə düşüb, ya götürüblər".

“QAYNAQ ZAMANI MATERİAL ALIŞMIŞDI”

Heyvagül Əfəndiyevanın sözlərinə görə, bina üzlənərkən qonşular Fövqəladə Hallar Nazirliyinə şikayət etmişdilər:

"Üzlənmə başlayanda eşitmişdik ki, tez alışan materialdı. Qaynaq zamanı həmin materialın üstünə od düşmüşdü, alışmışdı. Bundan sonra qonşular Fövqəladə Hallara yazmışdılar. Bir müddət dayandı, sonra yenə davam elədi. İcazəsiz daşı-daş üstə qoymaq olmur, deməli, icazə verildi ki, davam etdirildi. Hacıbala müəllim bizimlə görüşdə dedi ki, “Bakıda bu materialla üzlənmiş 141 bina var və hamısı söküldü. Əgər yanmayan material idisə, niyə söküldü?” Yox, yanan material idisə, niyə üzləyirdilər?"

Məhkəmə prosesi iyulun 14-də digər zərərçəkmişlərin ifadələrilə davam edəcək.

Xatırladaq ki, bu iş üzrə məhkəmə qarşısına "Global Construction" və "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra Binəqədi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, "Dərnəgül Boru" zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG