Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:04

'Oğlumu səhvən meyitlərin arasına qoyublar'


►"Binanı yandırdılar, övladımı öldürdülər. Başqa heç nə demək, suala cavab vermək istəmirəm"

"Ötən il Binəqədidə 16 mərtəbəli yaşayış binasındakı yanğının söndürülməsində ümumilikdə 27 maşın və 115 yanğınsöndürən iştirak edib. Bakı qarnizonunun hamısı ora cəlb olunmuşdu".

Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisinin müavini Xudat Nəbiyev sözügedən binadakı yanğınla bağlı iyulun 21-də keçirilən məhkəmə iclasında bildirib.

Hadisə zamanı binaya daxil olmasa da, aşağıdan yanğınsöndürənlərə göstərişlər verdiyini, prosesi idarə eləyənlərdən biri olduğunu deyən Xudat Nəbiyevin özü də bu iş üzrə zərərçəkmiş kimi tanınıb. Onun sözlərinə görə, yanğın zamanı pəncərə şüşəsi üstünə düşüb: "Başımda "kaska" var idi, amma çiynimə 9 tikiş qoydular".

Hadisə zamanı xəsarət almış yanğınsöndürənlər Denis Cavadov, Əsəd Hüseynli, Qurban Əliyev də məhkəmədə dindiriliblər. Bəlli olub ki, onlar binadakı sakinləri xilas edərkən tüstüdən zəhərləniblər.

Buna da bax: Yanan bina işi: 'Deyirlər, Miryusif müəllimi vurmaq üçün ediblər'

MEYİTLƏRİN ARASINA QOYUBLARMIŞ

Zərərçəkmiş qismində dindirilən Anar Şirinov bildirib ki, yanğın nəticəsində bacısı Zülfiyyə Şirinova iki övladı ilə birlikdə həlak olub.

Hadisə zamanı həlak olmuş 2 yaşlı Ayxanın anası Nigar Hüseynova da məhkəmədə dindirilib. Onun ifadəsi bir cümlədən ibarət olub: "Binanı yandırdılar, övladımı öldürdülər. Başqa heç nə demək, suala cavab vermək istəmirəm".

Zərərçəkmiş Gündüz Sadıqovun atası ötən məhkəmə iclasında demişdi ki, bir xeyli müddət oğlunu ölmüş biliblər. Surxay Sadıqovun dediyinə görə, oğlunu meyitlərin arasına qoyublarmış. Amma sonradan həkimlər sağ olduğunu görüb, reanimasiyaya yerləşdiriblər. Oğlu reanimasiyada olanda onun sağ qalmasından xəbər tutublar.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Amma Gündüz Sadıqov deyir ki, yanğın zamanı ikinci mərtəbəyə qədər özü düşüb, oradan da polislərin köməyilə binadan çıxıb. Sonra bir müddət binanın qarşısında dayanıb, ardınca onu xəstəxanaya aparıblar.

FOTOSU ÖLƏNLƏRİN ARASINDA OLUB

Rəsmi məlumatlarda yanğın nəticəsində 15 nəfərin həlak olduğu bildirilsə də, hadisə zamanı yuxarı mərtəbədən düşərək ölmüş daha bir naməlum meyitin olduğu barədə söz-söhbət var. Vəkillər bu məsələni aydınlaşdırmaq məqsədilə Gündüz Sadıqova çoxsaylı suallar veriblər.

O, binanın qarşısında meyitlərin yanına qoyulduğu haqda atasının ötən iclasda dediklərinə aydınlıq gətirə bilməyib. Amma qeyd edib ki, Bakıdakı bina yanğını ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında ölənlərin şəkilləri sırasında onun da fotosu olub.

Məhkəmə prosesi iyulun 26-da davam edəcək.

Xatırladaq ki, 15 nəfərin ölümüylə nəticələnmiş yanğına görə məhkəmə qarşısına "Global Construction" və "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Hovruzov, İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, "Dərnəgül Boru" zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG