Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:25

-

«Deyir, arxamda dayananım var, istəsəm, binanın üstündə bir bina da tikərəm».

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsindəki 56a saylı binanın sakinləri AzadlıqRadiosuna danışırlar ki, təqribən 1 il əvvəl binanın damında ikiotaqlı mənzil tikilib. Onlar əvvəl fəhlələrin damda müəyyən təmir, bərkitmə işləri apardıqlarını zənn ediblər. Bir də baxıblar ki, damda əməllicə ev tikilir. Qarşısını almaqdan ötrü həmin vaxtdan müraciət etmədikləri qurum qalmayıb. Ancaq demələrinə görə, artıq mənzildə yaşayış da var. Bina sakini Paşa Hüseynov binanın üstündə mənzil tikən şəxsin elə həmin binanın sakini olduğunu bildirir:

«QAPIYA STUL DÜZMƏK OLMAZ»

«Köhnə binadır, mümkün olsaydı, elə vaxtında 4-mərtəbəli tikərdilər. Bu bina üstündəki əlavə tikiliyə tab gətirmək qabiliyyətindədirmi? Özülü əlavə yüklənməyə dözəcəkmi? Divarları çat verirsə, əlbəttə ki, dözməyəcək. Adam açıq şəkildə deyir, «tikirəm, yaxşı eləyirəm, əliniz hara çatır, gedin deyin». Hər halda, şəhərin mərkəzində binanın üstündə ev tikən bunu özbaşına etmir. Tələb edirik ki, qarşısı alınsın».

Bina sakini Roza Səmədova: «Bizim yaşadığımız ərazi elədir ki, götür burdan kərpici, apar qoy o biri kərpicin üstünə, polislə icra hakimiyyətinin işçiləri artıq qapında olacaq. O günlərdə nəvəm çıxardıb «taburetka»nı binanın ümumi girişinin qarşısına qoymuşdu, uşaqdır da, qayıdanda unudub. Sahə müvəkkili gəlmişdi ki, bura şəhərin mərkəzidir, qapıya stul düzmək olmaz. Deməyim odur ki, gedirik icra hakimiyyətinə, deyirlər, guya binanın üstündəki tikintidən xəbərsizdirlər. Halbuki, icra hakimiyyəti binanın beş addımlığında yerləşir».

DAMA QALXMAĞA PİLLƏKƏN

Bina üçmərtəbəlidir. Roza xanım deyir, tikinti aparılandan bəri mənzillərinin tavanları zərər çəkib: «Yağış yağır, evləri su götürür. Tavanlar, divarlar çat verib. Binada elə evlər var ki, sahibləri yeni təmir etdiriblər. Əziyyətləri, çəkdikləri xərcləri hədər olub».

Sakinlər deyir ki, damın üstündə tikilən əlavə ev ağırlıq salaraq, günbəgün təhlükəyə çevrilir. Üstəlik, damdakı mənzilin sahibi binanın qarşısından dama qalxmağa xüsusi pilləkən də quraşdırıb.

«DAM ABADLAŞDIRILIB»

Səbail rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, binanın damında otaqlar tikilməyib, abadlaşdırılıb. Qurumun bu cavabı sakinləri daha da hiddətləndirib. Sakin Seyfəl Məcidov:

«Təzə mənzilə əlavə pilləkən qoyulub, içərisində də yaşayış var. Camaatın qarajını, evini, bağını sökürlər, deyirlər, «abadlaşdırma aparılır». Bircə binanın üstündə ev tikmək qalmışdı ki, onun da adını abadlaşdırma qoydular. Polis tutduğunun cibinə atmağa narkotikdən başqa heç nə tapmadığı kimi, bunlar da haranı satırlarsa, adını «abadlaşdırma» qoyurlar».

Bina sakinləri icra hakimiyyətini və tikilini aparan qonşunu məhkəməyə verəcəklərini bildirirlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG