Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:40

►"Gecələr yata bilmirik. Hara da gedirik, deyirlər, gündüzlər şəhərə beton daşımaq qadağan olduğu üçün şirkətlər tikintini gecə aparır."

“16 ildən çoxdur ki, qeyd etdiyimiz ünvanın ətrafında hündürmərtəbəli binalar tikilir. Bu tikintilərin üzündən məhəllə sakinləri çox dözülməz vəziyyətdə yaşayırlar. Bu ilin fevralından isə məhəllədə yeni tikinti bumu başlayıb. Əlavə yeni hündürmərtəbəli binaların inşası gedir. Çox az məsafədə yükqaldırıcı kranlar qoyulub. Bu isə həyatımız üçün çox təhlükəlidir”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Məhəmməd Naxçıvani küçəsinin sakini Tahir Əsədov deyir.

YÜKDAŞIYAN KRANLAR BAŞIMIZIN ÜSTÜNDƏ HƏRLƏNİR

Məhəmməd Naxçıvani küçəsi, 25 və Murtuza Muxtarov, 182 saylı ünvanların sakinlərinin şikayəti məhəllədə aparılan irimiqyaslı tikinti işlərindəndir. İddia edirlər ki, sağ-sollarında aparılan bu işlər həyatlarına təhlükə yaradır. Murtuza Muxtarov küçəsinin sakini Mətin Abbasov deyir, iri kranlar yükləri sakinlərin başlarının üstündən o tərəf-bu tərəfə daşıyırlar. Necə deyərlər, bu məhəllədə hərə öz başını qoruyur:

“Uşaqları həyətə buraxa bilmirik. Qorxu içərisində yaşayırıq. Evlərimiz silkələnir, divarlarımız yarıq-yarıqdır. Şəhərin mərkəzində bu boyda özbaşınalıq olmaz…”

Sakinlər deyir, tikinti meydançasının ortasında qalıblar. Hətta bu yaxınlarda yükdaşıyan iri kran yaxınlıqdakı xəstəxananın damındakı navalçaları sıradan çıxarıb.

Buna da bax: "Tale Bağırzadənin üzərində çox ciddi xəsarətlər var idi"

“QARA CAMAATI DÜŞÜNƏN YOXDUR”

Naxçıvani küçəsinin sakini Mədinə Abbasova əlaqədar təşkilatlardan kömək istəyir:

“Gecələr yata bilmirik. Hara da gedirik, deyirlər, gündüzlər şəhərə beton daşımaq qadağan olduğu üçün şirkətlər tikinti işlərini gecə həyata keçirməyə məcburdular. Hər kəs başının rahatlığını istəyir, qara camaatı isə düşünən yoxdur. Xəstəsi, qocası, körpəsi var. Xahiş edirik, bir əncam çəksinlər”.

Yasamal rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, qeyd olunan ünvanda yaşayan sakinlər bir müddət əvvəl quruma da müraciət ediblər. İcra hakimiyyəti ərazidə tikinti işləri aparan şirkətlərə xəbərdarlıq edib.

2007-ci il avqustun 28-də Murtuza Muxtarov və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində tikilməkdə olan 16 mərtəbəli binanın uçması nəticəsində ölən və yaralananlar olmuşdu. Hazırda sakinlərin narazılıq etdikləri məhəllə həmin ərazinin yaxınlığındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG