Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:10

Bu binada 'Allahu Akbar', 'Sübhan Akbar' və 'Məhəmməd' sözləri yazılıb


«Xruşşovka»nın divarında Quran
«Xruşşovka»nın divarında Quran

Almatının əsas prospektlərinin birində naxışlarıyla diqqət çəkən bir bina var. Bu naxışlar, ilk baxışda, Şərq ornamentlərinə bənzəyir. Ancaq mütəxəssislər onları naxış deyil, ərəb xəttatlığına bir örnək sayırlar. Bu yazılar Allahın uca, saf və rəhmdilliyini tərənnüm edir.

İndi o naxışlar Almatı dinşünaslarından ötrü yeni müəmmaya çevrilib. Bu sahədə mütəxəssis sayılan Asılbek Orınbasarov iddia edir ki, beşmərtəbəli binanın fasadını bəzəyən bu naxışlar, əslində, ərəbcə yazılardır. Mütəxəssisin sözlərinə görə, ilk baxan onları adi naxışlara bənzətsə də, orada qədim «kufi» tərzində Allahı vəsf edən yazılar yer alıb.

«SÜBHAN ALLAH» - ALLAH HƏR CÜR QÜSURDAN XALIDIR

«Ərəb dilindən çevirəndə, orada «Sübhan Allah» yazılıb. Yəni Allah hər cür qüsurdan xalidir. Baxın, burada «Məhəmməd» yazılıb», - deyən Asılbek Orınbasarov barmağını o yerə tuşlayır.

Yeri gəlmişkən, söhbət sovetlər dönəminin ən çox yayılan və bəzən ürək bulandıran «Xruşşovka» layihəli bir binadan gedir. Sakinlər bina fasadının sirli məzmunundan indiyədək xəbərsiz olduqlarını deyirlər. Onun adi, yoxsa dini məzmunlu naxış olmasından da xəbərsizdirlər. Nə bu barədə düşünüblər, nə də ağıllarından keçiriblər: «Baxın, üzbəüz binanın fasadını tam dəyişdilər, amma nədənsə növbə bizə çatmadı. Yəqin binamız çox köhnə olduğuna görə».

Sakinlər ardından bu fikri də dilə gətirirlər: «İndi eşitdiklərimiz çox maraqlıdır, axı bu, evimizin tarixidir».

Bir başqa sakin deyir ki, «Burada peyğəmbərimizin adı və başqa müqəddəs məqamlar əksini tapıbsa, heç bir etirazım yoxdur, qoy fasad elə belə də qalsın və heç təmir olunmasın».

Başqa biri onunla razılaşmır: «Məncə, belə fikirlər insanın qəlbində yer tapmalıdır, ev və dükanların divarları - ictimai yerlərdə yox. Belə olanda, bunlar təşviqata, öz fikrini başqasına aşılamağa bənzəyir. Camaatın hamısı eyni deyil, axı. Bizdə müxtəlif dinlərə və inanclara inananlar var. O səbəbdən, belə düşünürəm ki, həmin yazıları yığışdırmaq daha doğru olar».

Maraqlıdır ki, sözügedən bina keçmiş Sovet İttifaqında - ateizimin tüğyan etdiyi bir quruluşda, ateist sovet respublikalarından biri olan Qazaxıstanın o zaman paytaxt sayılan şəhərində tikilib. Ekspertlərin fikrincə, o vaxt memarlar bu naxışların dini məzmunlu yazılar olduğunun fərqinə varmayıblar. Sadəcə, elə xarici görünüşündən də oxşadığı kimi, onları ecazkar Şərq ornamenti sayıblar.

«BU YAZILARDA HANSISA MƏNA GİZLƏNİR»

«Nur-Mubarak» Misir və İslam Mədəniyyəti Universitetinin əməkdaşı, xəttat Serik Tacıbayev başqa versiya irəli sürür. Onun sözlərinə görə, bu yazılar çoxmərtəbəli binada təsadüfən peyda olmayıb: «Orada, ard-arda «Allahu Akbar», «Sübhan Akbar» və «Məhəmməd» sözləri yazılıb. Həm üfüqi, həm də şaquli xətt boyunca. Bu yazılarda hansısa məna gizlənir. Özü də kimsə bunu məqsədli şəkildə göstərmək istəyib».

Hələlik, Qazaxıstanın nə dini, nə də dünyəvi hakimiyyət dairələri beşmərtəbəli binanın divarlarındakı müqəddəs sözlər haqqında hər hansı açıqlama verib.

Dinşünaslarsa elə bəribaşdan bildirirlər ki, yazılarda heç bir neqativ məzmun, yaxud ekstremist çağırış yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG