Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə İtaliyanın ünlü futbol klublarından olan «Yuventus» arasında əməkdaşlıq üzrə saziş imzalanıb.
ABB-nin sentyabrın 21-də yaydığı xəbərə görə, imzalanma mərasimində İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo, AFFA təmsilçiləri, «İnter» Futbol Klubunun rəhbərliyi, «Yuventus» Klubunun rəsmiləri və keçmiş hücumçusu David Trezeguet iştirak edib.
Azərbaycan Beynəlxalq Bankı idarə heyəti sədrinin müavini Ülvi Mansurov nəzərdə tutulan əməkdaşlıq istiqamətləri haqqında məlumat verib. O, bildirib ki, saziş çərçivəsində «Yuventus» klubu ilə bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk addım kimi artıq «İnter Arena»nın bazasında «Yuventus» Futbol Akademiyası yaradılıb.
Akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və «İnter» Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir. «Bütün dünyada məşhur olan «Yuventus» klubu ilə əməkdaşlıq Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətlərinin beynəlxalq arenada təbliği baxımından da geniş imkanlar açır»,-deyə o vurğulayıb.
«Yuventus» rəsmiləri isə qeyd ediblər ki, bu saziş bütünlükdə Azərbaycan futboluna uğur gətirəcək.
İmzalanma mərasimindən sonra italiyalı qonaqların iştirakı ilə «Yuventus» Futbol Akademiyasının açılışı olub.
Ancaq bankın yaydığı məlumatda sazişin maddi detalları açıqlanmır.
Azərbaycan Beynəlxalq Bankı Bakının «İnter» klubuna sponsorluq edir. Bank ətrafında kredit qalmaqalı yaşandığından və keçmiş rəhbər Cahangir Hacıyev həbs edildiyindən, «İnter» klubuna bir müddət maliyyə dəstəyi dayandırılmışdı. Nəticədə klub futbolçuların maaşlarını ödəyə bilmədiyindən, bir il Avrokuboklarda oynamaqdan kənarlaşdırıldı.