Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:17

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Moskva filialı çirkli pulların yuyulmasında ittiham olunur. Xeyli vaxtdır ki, Rusiyanın hüquq-mühafizə orqanları bu istiqamətdə araşdırma aparır.

Sankt-Peterburq şəhərində yerləşən «Azərbaycan Beynəlxalq Bankı-Moskva» ASC-nin fəaliyyəti ilə əlaqədar Rusiyanın Daxili İşlər Nazirliyi Mərkəzi Bankın Şimal-Qərb Baş İdarəsinin rəhbərliyinə müraciət edib. Məktubda deyilir ki, hüquq-mühafizə orqanları «InTransServis» ASC ətrafında araşdırma apararkən bankın fəaliyyəti ilə bağlı bir sıra qanunsuzluqlar aşkarlayıblar.

«Araşdırma nəticəsində üzə çıxarılıb ki, bank cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması), terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qanunlara əməl etmir», –məktubda deyilir.

«BİRGÜNLÜK» ŞİRKƏTLƏR

Məlumata görə, eyni adamların yaratdığı «birgünlük» şirkətlər vasitəsilə ölkədən böyük həcmdə vəsaitlər çıxarılıb. Həmin pul köçürmələrini də «Azərbaycan Beynəlxalq Bankı-Moskva» gerçəkləşdirib.

Məktubda Mərkəzi Bank rəhbərliyindən xahiş olunur ki, «Azərbaycan Beynəlxalq Bankı-Moskva»ya vəzifə öhdəlikləri, o cümlədən çirkli pulların yuyulmasını əngəlləyən qanunlara əməl olunmasının vacibliyi xatırladılsın, şübhəli əməliyyatlar haqda hüquq-mühafizə orqanlarına məlumat verilsin.

Məsələyə Mərkəzi Bankdan açıqlama almaq, hələlik, mümkün olmayıb.

Beynəlxalq Bankın sabiq rəhbəri, bu yaxınlarda 15 il həbs cəzası alan Cahangir Hacıyev də məhkəmədə son sözündə bu məsələyə toxunmuş, bankın Moskva filialının vəzifəli şəxsləri barədə cinayət işi başlandığını demişdi. O, baş verənlərə görə bankın indiki rəhbərliyi ilə yanaşı, həm də Maliyyə naziri Samir Şərifovu ittiham edirdi.

«CİNAYƏTKAR ALƏMLƏ ƏLBİR OLUB...»

«Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri onu öyrədən Samir Şərifovun adından ictimaiyyətə fantastik rəqəmlərlə pulların ofşor zonalara köçürüldüyü iddiası ilə yalan məlumatlar verib təqsirsizlik prezumpsiyamızı pozmaqdansa, açıqlama versin ki, nəyə görə dövlət adından təyinat alan «Azərbaycan Beynəlxalq Bankı-Moskva»nın rəhbərliyi barəsində «çirkli pulların yuyulması» ittihamı var? Bəlkə Samir Şərifovun adamı olan şəxslər barəsində açılan cinayət işini də təcridxanadan mən idarə etmişəm? Sizlər onsuz da Hollivud kinolarında olmayan fantaziyanızdan istifadə edib, məni və digər saxlanılan şəxsləri «cinayətkar qrup» kimi təqdim etməyə öyrəşmisiniz. Maliyyə Nazirliyinin rəhbərliyi bu gün leqal yollarla deyil, cinayətkar aləmlə əlbir olub, «Azərbaycan Beynəlxalq Bankı-Moskva»nı ayaqda tutmağa çalışır», – Cahangir Hacıyev son sözündə demişdi.

Bu il oktyabrın 14-də Cahangir Hacıyevə 15 il həbs cəzası kəsilib. O və daha 7 nəfər mütəşəkkil dəstə kimi külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə təqsirləndiriliblər.

2012-ci ilin söhbətidir –Mətbuat xidməti

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən verilən açıqlamada ittihamların bankın 2012-ci ildəki fəaliyyət dövrünə aid olduğu bildirilib.

Məlumatda qeyd edilir ki, bunu surəti yayılmış məktubun tarixindən və məzmunundan da görmək mümkündür: «Belə ki, məktub 12 yanvar 2016-cı il tarixində təqdim olunub. Məzmununda isə 2012-ci ildə aparılmış əməliyyatlardan bəhs edilir».

Mətbuat xidmətindən o da bildirilib ki, hazırda «Azərbaycan Beynəlxalq Bankı-Moskva» ASC-nin fəaliyyəti tam qanunvericilik çərçivəsində qurulub və burada hər hansı şübhəli əməliyyatların aparılması mümkünsüzdür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG