Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:18

Xırda xuliqanlıqda günahlandırılan siyasi fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Yasamal Rayon Məhkəməsi Avqustun 17-də B. Hacıyevi 100 manat cərimə edib.

Məhkəmədən sonra B.Hacıyev qərarın əsassız olduğunu deyib. Onun fikrincə, cərimə qərarı yalançı şahid ifadələri əsasında qəbul edilib.

Siyasi fəal qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Bəxtiyar Hacıyev avqustun 15-də Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparılmışdı. Siyasi fəalın saxlanması Dövlət Yol Polisi əməkdaşları ilə mübahisə zəminində baş vermişdi.

B.Hacıyevin deməsinə görə, avqustun 14-də yol polisi heç bir qanuni əsas olmadan onun barəsində protokol tərtib edib. Avqustun 15-də siyasi fəalla həmin polis əməkdaşları arasında mübahisə yaranıb.

Polis əməkdaşlarından şikayətçi olmaq istəyən B.Hacıyev qeyd edib ki, onun özünü post-patrul xidmətinin əməkdaşları zorla bölməyə aparıblar.

Bölmədə B. Hacıyevin deməsinə görə, bəlli olub ki, yol polisi əməkdaşları artıq ondan şikayətçi olub. Polis əməkdaşı B.Hacıyevin qanuni tələblərinə əməl etməməsindən, onunla qaba rəftar etməsindən şikayət etmişdi. Bəxtiyar Hacıyev isə əksinə polis zorakılığı ilə üzləşdiyini bildirirdi.

Şikayət elə avqustun 15-də Yasamal Rayon Məhkəməsinə göndərilmişdi.

Bəxtiyar Hacıyevlə bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə irəli sürülən iddiaya baxış beş saatadək davam etmişdi.
Məhkəmə siyasi fəalın vəkillərinin olayın əks olunduğu videokamera görüntülərinə baxışla bağlı vəsatətini təmin edərək, prosesi avqustun 16-na ertələmişdi.
Avqustun 16-da da məhkəmə başa çatmamışdı.
İctimai Siyasət İnstitunun rəhbəri, Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında da saxlanmışdı. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

XS
SM
MD
LG