Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:20

Uilyam Berrouz narkotikin yaradıcılığa təsiri haqda danışır

"Hallüsinasiyalarım olardı. Məsələn, kosmosda yüksək sürətlə uçmaq hissi..."

"Meksikada narkotik tapmaq asan idi, özümü oda-közə vurmağa ehtiyac yox idi"

"Meskalinin çox pis lomkası olur"

Məşhur Amerika yazıçısı, "beat" nəslinin görkəmli nümayəndəsi Uilyam Berrouzla (1914-1997) müsahibədən

- Necə oldu ki, yazmağa başladınız. Və nə vaxtdan?

- Hardasa 1950-ci ildən. O vaxt artıq 35 yaşım vardı və elə bir güclü motivasiyam da yox idi. Sadəcə, narkotikdən asılılığım və narkotik aludəçiləri ilə ünsiyyətim haqda təsviri, jurnalist stilində nəsə bir şey qaralamağa çalışırdım.

- Öz təcrübənizi kağıza köçürmək tələbatı nədən yarandı?

- Heç bir tələbat hiss etməmişdim. Sadəcə, ayrı bir işim yox idi. Yazmaq mənim üçün hər gün nəsə bir işlə məşğul olmaq imkanı idi. Heç o fikirdə də deyiləm ki, nəticədə ortaya parlaq bir əsər qoyuldu. "Junky"*əslində heç kitab da deyil. Mənim o zaman yazı-pozudan çox az anlayışım vardı.

_______________

*canki - ingiliscə "şeyxor" anlamını verən jarqon söz

- Harda yazırdınız?

- Mexikoda. Sears, Roebuck univermağı yaxınlığında, Mexiko Universitetinin beş addımlığında yaşayırdım. 4-5 ay hərbi xidmətdə olub qayıtmışdım və "G.I. Bill"in* verdiyi imtiyazla Meksikada yerli dialektləri öyrənirdim. Ora həm də ona görə getmişdim ki, Amerikada narkotiklərlə bağlı vəziyyət getdikcə çətinləşirdi. Meksikada isə narkotik tapmaq asan idi, özümü oda-közə vurmağa ehtiyac yox idi. Qanunlar sərt deyildi.

- Səbəb nə oldu ki, narkotik qəbul etməyə başladınız?

- Belə deyim də: darıxdıcı həyat. Mənim uğurlu reklam meneceri-filanı olmağa, ya da məsələn, Harvardın cızdığı həyat yolu ilə getməyə xüsusi bir həvəsim yox idi. Aludəçiliyim 1944-cü ildə Nyu Yorkda başlandı, bundan sonra həyatımda bəzi hadisələr baş verdi. Qanunlarla problemim yarandı, evləndim, Nyu Orleana köçdüm, sonra da Mexikoya getdim.

- Belə görünür ki, bu ölkədə orta təbəqənin narkotik aludəçiliyinə xeyli dərəcədə vuayeristik** yanaşması var. Ədəbiyyat aləmində isə narkotik aludəçilərinə açıq-aşkar hörmət hiss olunur. Yəqin siz belə yanaşmanı, fikirləri bölüşmürsüz.

- Yox, çoxu absurddu. Mən hesab edirəm ki, prinsipcə, narkotik maraqlı şeydir. O mənada ki, bir kimyəvi vasitə olaraq maddələr mübadiləsini alt-üst edir, bununla bir yerdə də bizim reallıq adlandırdığımız nəsnəni. O şey ki, mən ona "ətrafımızdakıların davamlı vizual əksi" deyirəm.

_______________

*ABŞ-da veteranlara bir sıra imtiyazlar verən (o cümlədən təhsillə bağlı) qanun. Berroruz 1942-ci ildə Amerika ordusunda xidmət etmişdi.
**başqa insanların özəl həyatını gizli müşahidə etməkdən həzz almaq.

- Hallüsinogenlər və yeni psixoaktiv maddələr, məsələn, LSD-25 haqda nə düşünürsünüz?

- Məncə, onlar çox təhlükəlidi, heroindən də xeyli təhlükəli. Çox güclü qorxu-həyəcan doğura bilir. Mən özünü pəncərədən atmaq istəyən adamlar görmüşəm. Heroin aludəçisini isə daha çox öz ayağının baş barmağına baxmaq maraqlandırır. Onun üçün əsas təhlükə bir heroinsiz qalmaqdı, bir də aşırı doza. Mən hallüsinogenlərin çoxunu sınaqdan keçirmişəm, xoşbəxtlikdən məndə həyəcan-filan yaranmayıb. LSD-25 mənə meskalin* kimi təsir edir. Bütün başqa hallüsinogenlər kimi LSD-nin də təsiri məndə anlaqlı vəziyyətlə müşayiət olunub. Bu, hallusinasiyanın özündən çox hallüsinasiya nöqteyi-nəzəri olub. Yəni, sən qapının dəstəyinə baxırsan, onun fırlandığını görürsən, amma anlayırsan ki, bu, narkotikin təsiriylə gözünə görünür. Vanqoqsayağı rənglərə - kainatdakı bütün o burulğanlara, çatlara da elə baxırsan.

- Anri Mişonun meskalin haqda kitabını oxumusunuz?

- Onun çatdırmaq istədiyi ideya budur ki, gir otağa, bağla qapını, uy özünçün. Mənsə meskalinlə bağlı ən maraqlı təəssüratlarımı çöldə-bayırda gəzib-dolaşanda almışam - rənglər, Günəşin batması, bağ-bağat. Amma çox pis lomkası** olur. Xəstəlik kimi. Adam hərəkətini də nizamlaya bilmir. Mən onun yaratdığı bütün maraqlı təəssüratları artıq yaşamışam və daha o cür xoşəgəlməz fiziki təsirləri ilə əlləşmək istəmirəm.

William Burroughs

William Burroughs

- Narkotikin təsiriylə gözə görünənlər bədii obrazlara qarşımır ki?

- Heç vaxt. Hallüsinogenlərin təsirindən gözə nələrsə görünsə də, morfin və ondan sintez olunanların təsiri ilə insan öz iç proseslərinə, düşüncəsinə, hisslərinə tədricən biganələşir. Niyəsi aydındır, sadədir, bunlar ağrıkəsicilərdir. Onların təsiri yaradıcı proseslə daban-dabana ziddir. Mən buraya bir çox alkoqollu içkiləri, morfini, barbituratları, trankvilizatorları - sakitləşdirici dərmanların bütün spektrini də daxil edərdim. O ki qaldı görüntü və heroin məsələsinə, mənim heroin aludəçiliyimin ilk dövrlərində hallüsinasiyalarım olardı. Məsələn, kosmosda yüksək sürətlə uçmaq hissi. Amma elə ki məndə heroindən asılılıq yarandı, görüntülər də yox olub getdi. Hətta yuxu görməyim də nadir hala çevrildi.

________________

*psixoaktiv maddə
**narkotik aludəçisinin "paxmel"i

- Narkotiki necə tərgitdiniz?

- 1957-ci iliydi, Tanjerdə* yaşayırdım. Bir ay idi, Kasbahdakı** darısqal otaqda günlərimi ayağımın baş barmağına baxmaqla keçirirdim. Otaq boş Eukodal*** qutuları ilə dolu idi: Birdən anladım ki, mən heç nə eləmirəm. Eləcə, ayağımı uzadıb ölürəm. Axırım çatıb. Durub Londona uçdum, müalicə üçün özümü Dr. John Yerbury Dent-in ixtiyarına verdim. Apomorfinlə müalicənin uğuru haqda eşitmişdim. Apomorfin, sadəcə, hidrogen-xlorid turşusunun təsirinə məruz qoyulan morfindir. İnsanda asılılıq yaratmır. Maddələr mübadiləsini tənzimləyir. Apomorfin mənim metabolizmimi qaydaya saldı. O zaman mən artıq Lexington-da müalicə kursu keçmişdim Düzdü, müalicə başa çatanda narkotiklərlərdən üzülüşmüşdüm, amma fizioloji təsirləri hələ də qalırdı. Apomorfin onu da aradan qaldırdı. Mən çox çalışdım, bu ölkədə insanların diqqətini apomorfinə cəlb edim, amma çox müşkül imiş. Çoxluq - sosial işçilər, həkimlər - narkotik aludəçiliyinə polis təfəkkürü ilə yanaşır. Bu yaxınlarda Kaliforniyadan probasiya xidmətinin*** əməkdaşı mənə sorğu göndərib apomorfinlə müalicə haqda məlumat istəmişdi. Mən də ona uzun bir cavab yazdım. Mən məktublara həmişə belə cavab verirəm.

- Sizdə heç residiv***** olubmu?

- İki dəfə. Amma çox çəkməyib. Hər ikisnin öhdəsindən apomomorflə gəlmişəm. İndi məndə heroinə qətiyyən meyl yoxdu. Sadəcə, mənə maraqlı deyil. Mən onun küpünə girmişəm. Onun bəs qədər aludəçisini tanıyırm. Amma mənim daha iradənin gücünə güvənməyimə ehtiyac yoxdu. Dr. Dent deyir ki, ümumiyyətlə, iradənin gücü deyilən şey yoxdu. Sadəcə, elə bir ruhi vəziyyətə gəlib çatırsan ki, daha onu meylin çəkmir, ona ehtiyacın olmur.

_____________________

*Mərakeşdə şəhər
**Tanjerin "İçəri şəhər"i
***Başqa bir adı oksikodondur - ağrıkəsicidir, morfinin əvəzləyicisidir
****cinayət törədən, amma azadlıqdan məhrum edilməyən, reabilitasiya imkanı verilən şəxslərə nəzarət edən xidmət.
*****tərgidəndən bir müddət sonra yenidən narkotikə aludə olmaq

Berrouzun portreti

Berrouzun portreti

​​- Siz narkotikdən asılılığa təkcə xəstəlik yox, həm də insan həyatına xas olan bir dram kimi baxırsız, elə deyilmi?

- Düppədüz. Bu məsələ insanların alkoqolikə necə çevrilməsi qədər bəsitdir. Onlar. sadəcə, içməyə başlayırlar, vəssalam. Xoşlarına gəlir, içirlər və alkoqolik olurlar. Mən heroindən ilk dəfə Nyu-Yorkda istifadə etmişəm. Bu qədər bəsit. O zaman heroin aludəçiləri ilə oturub-dururdum. Mən də "dadına baxdım". Ləzzət elədi. Başladım istifadə eləməyə. Və beləcə, aludəsi oldum. Onu da bilin ki, əgər nəyisə əldə eləmək asandırsa, onun nə qədər desən aludəçisi olacaq. Narkotikdən asılılığın psixoloji pozğunluq olması fikri isə mənə çox gülünc gəlir. Malyariya nə qədər psixoloji pozğunluq hesab oluna bilərsə, bu da o qədər sayıla bilər. Sadəcə, yoluxub-yoluxmamaq məsələsidir bu. Ümumilikdə, əgər əli çatarsa, insan həzz ala bildiyi istənilən içkini, ya da nartkotiki qəbul etməyə başlayacaq. Məsələn, İranda tiryək bu yaxınlaracan açıq şəkildə dükanlarda satılırdı. Orada 20 milyonluq əhalinin 3 milyonu narkotik aludəçisidir. Bundan başqa ruhi asılılığın da cürbəcür formaları da var. Kimyəvi reaksiya səviyyəsində gedən hər bir proses başqa səviyyələrdə də baş verə bilər, əgər prosesin mahiyyətinə vara biliriksə. Polislərin və narkotiklərlə mübarizə idarəsində çalışanların bir çoxu eyni qaydada hakimiyyət aludəsidirlər. Köməksiz insanlar üzərində hökmranlığın müəyyən bir çirkin formasının aludəsidirlər. Həmən o ağ toz kimidi hakimiyyətin bu çirkin forması. Mən buna "haqlılıq" deyirəm. Onlar haqlı, haqlı, haqlıdırlar. Və əgər hakimiyyəti əldən verirlərsə, aludəçilikdən qurtarmağın ağrılı bir yolunu keçməli olurlar. Rusiya bürokratiyasının ümumi mənzərəsinə diqqət edək, insanlarda hakimiyyət və imtiyaz asılılığı yaranıb. Əsl aludəçilikdi. Bundan məhrum edilsələr, neyləyərlər. Yəni ömür boyu əllərində olan bir şeydən...

- Marşall Maklüenə* görə, siz əminsiniz ki, heroin sizə insan bədənini kainatı içərən bir mühitə çevirməkdən ötrü lazımdır. Amma dediklərinizdən belə anladım ki, siz insan bədənini mühitə çevirməkdə heç maraqlı deyilsiniz.

- Yox. Narkotik düşüncəni korşaldır. Yazıçı kimi narkotikin yeganə xeyrini (böyük bir karnavalı xatırladan həmin o dünyanın insanları ilə ünsiyyətimi saymasaq) onu tərgidəndən sonra görmüşəm. İndi istədiyim odur ki, ətrafımda baş verənləri tam anlamaq üçün daha uzağa boylanıb daha çox şey görməyə çalışım, mümkün qədər uzaqlara gedim. Bekket öz içinə baş vurmaq istəyir. Əvvəllər o, butulkadaydı, indi isə palçığa batıb. Mənim yolum isə əks istiqamətədir - dışarıya...

__________

*Kanadalı filosof, ədəbiyyatşünas

Paris review (1965)

İngiliscədən tərcümə: Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG