Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 12:45

Bələdiyyə sədrinin qətlində torpaq qalmaqalı


Vəsilə Həsənova həyat yoldaşı ilə

Vəsilə Həsənova həyat yoldaşı ilə

►Belə qalmaqalları məhkəmədə izlərkən, istər-istəməz, “Kimdir gerçək günahkar” sualı ağla gəlir

Ər-arvadın - Saray bələdiyyəsinin sədri Vəsilə Həsənova ilə həyat yoldaşı Vəfadar Həsənovun evində öldürülməsi olayı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Bu qətl hadisəsinə görə ailəyə gediş-gəlişi olan, bələdiyyə sədrinin sürücüsü Fədai Hüseynov məhkəmə önünə çıxarılıb.

"Adamlara torpaq satırdı, sənəd vermirdi"

Fədai Hüseynov məhkəməyə geniş ifadə verməsə də, Vəsiləni yox, Vəfadar Həsənovu öldürdüyünə görə özünü günahkar sayır.

Deyir, onu öldürmək niyyəti olmayıb:

"Vəsiləni yataq otağında vurub çıxanda, Vəfadarla üzləşdim. Üstümə gələndə, özümü itirdiyimdən, onu da vurdum. Vəsilə isə ölməli idi, öldü də...".

Buna da bax: Mülkiyyət sahibləri torpaqlarını itirə bilərlər

Bıçağı da elə Həsənovların evindən götürdüyünü söyləyən Fədai Hüseynov bələdiyyə sədrini nədən öldürdüyünü qısaca belə açıqlayır:

"Adamlara torpaq satırdı, mən də onlardan pulu alıb verirdim. Təbii ki, pul verib torpaq alan adamlar torpağın sənədlərini tələb edirdilər. Bu da nə sənəd verirdi, nə də adamların pulunu qaytarırdı. Arada mən qaldığımdan, adamlar mənim üstümə gəlib-gedirdilər".

"Sənədləri kim götürübsə, yanğını da o törədib"

Cinayət işinin materiallarında yazılıb ki, bələdiyyə sədri və həyat yoldaşı öldürüləndən sonra onlara məxsus başqa bir ev də yandırılıb. Fədai Hüseynova qəsdən adamöldürmə ilə yanaşı, bu yanğına - özgənin əmlakını məhv etməyə görə də ittiham verilib. Amma o, evi yandırmadığını deyərək, ittihamı rədd edir:

"Mən saat 11-də o evdən getmişəm, yanğınsa saat 4-5-də olub. Kim o evdəki sənədləri götürübsə, evdəki yanğını da o törədib".

Avqustun 5-də keçirilən məhkəmə iclasında dindirilən şahidlər də torpaq almağa pul verdiklərini, amma son nəticədə nə torpaq, nə də pullarını geri ala bildiklərini deyiblər.

"Pulu şəxsən bələdiyyə sədrinə verdim, kitabçasına qeyd elədi"

"Ayrı-ayrılıqda iki sot torpaq almaq üçün şəxsən Vəsilənin özünə pul vermişdim. Hər birinə görə də 10 min. Pulu alanda mənə heç bir sənəd vermədi. Amma özünün kitabçası vardı, ora qeyd elədi. İndiyədək nə torpağın sənədini almışam, nə də pulumu qaytarıblar", - şahid Elvin Əliyev məhkəmə ifadəsində belə deyib. Üstəlik, bələdiyyə sədrini Fədai Hüseynov vasitəsilə tanıdığını da sözlərinə artırıb.

Şahid Salman Məmmədov deyir ki, özünə və qohumlarına bütövlükdə 98 sot torpaq almaq məqsədilə Vəsilə Həsənovaya pul verib: "Təkcə özümə aldığım torpaq üçün 56 min manat pul vermişəm. Qohumlarımın pulu bura daxil deyil. Amma nə torpağı verdi, nə də pulu qaytardı".

Şahid Alim Yaqubov da eyni məzmunlu ifadə verib.

Məhkəmədə bələdiyyə sədrinin müavini Məhid Həsənov, bələdiyyənin sürücüsü Elşad Əhmədov da dindirilib. Onlar Fədai Hüseynovu mülayim insan kimi xarakterizə edərək, ara-sıra, bələdiyyəyə gəlib-getdiyini də söyləyiblər.

Vəsilə Həsənova və həyat yoldaşı ötən il iyunun 8-də axşam qətlə yetiriliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG