Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:36

Sabirabadlı fermer: «Başımıza oyun açırlar»


Fermer təsərrüfatı (arxiv fotosu)

Fermer təsərrüfatı (arxiv fotosu)

«Əvvəl torpaq icarəyə götürürsən, əlində müqavilən, hər cür sənədin, başlayırsan pul xərcləyib işini qurmağa. Məsələn, mənim kimi 300-500 qoyun alıb tökürsən icarəyə götürdüyün torpağa ki, pul qazanıb xeyrini görəsən. İşlərin qaydasında gedir. Ancaq bir də görürsən biri, ikisi çıxdı, ora-bura puldan «basdı», bir günün içində torpağını da əlindən aldı, aylarla, bəlkə illərlə qurduğun işi də məhv elədi».

«TORPAĞIMA GÖZÜ DÜŞÜB»

Sabirabad rayon Yenikənd kənd sakini Qanı Cəlilov yerli məmurların onun sahibkarlıq fəaliyyətinə mane olmasından gileylənir.

Sahibkar yazır ki, 2011-ci ilin sentyabrında Quruzma bələdiyyəsinə müraciət edərək Yenikənd kəndi ərazisində yerləşən 30 hektar torpaq sahəsini subicarəyə götürüb. Bələdiyyə ilə onun arasında bağlanmış 15 illik subicarə müqaviləsinə uyğun olaraq torpaq sahəsində qoyunçuluğu inkişaf etdirməyə başlayıb. Ancaq elə işlər yenicə yoluna düşüb ki, bələdiyyə sədri müqaviləni səbəb göstərmədən ləğv edib:

«Bir kənd sakininin torpaq sahəsinə gözü düşdü. Gördü işlərim yaxşı gedir, bir məmur qohumunun vasitəsilə bələdiyyəyə təzyiq göstərməyə başladı. Bələdiyyə də səbəbsiz müqaviləni birtərəfli ləğv elədi. Mənim iştirakım olmayan iclasda torpağı boşaltmağım barədə qərar verdi. Halbuki, hər şey qanuni idi, torpağı qanunlarımıza uyğun şəkildə icarə müqaviləsi əsasında icarəyə götürüb nəzərdə tutulan fəaliyyətlə məşğul olurdum».

«YARIMADIQ»

Fermer bələdiyyənin qərarından Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Deməsinə görə, rayonun icra hakimiyyətinin başçısı ona təklif edib ki, iddiasını geri götürsün, əldən çıxmış torpaq sahəsinin əvəzinə ona başqa kənddən torpaq ayrılsın. O da razılaşıb. Ancaq həmin vaxt bələdiyyə sədri ağır xəstələnərək işdən çıxıb və yerinə başqası sədr əvəzi oldu. Sahibkarın deməsinə görə, sədr əvəzi də ona qonşu kənddəki torpaq sahəsindən istifadə etməyə imkan verməyib. Bələdiyyənin sədr əvəzi fermeri məhkəməyə verib. Ancaq məhkəmə bitməmiş özü ərizə ilə müraciət edərək məhkəmənin dayandırılmasını istəyib:

«Bələdiyyə sədrlərindən yarımadıq. Bu adam da bələdiyyə seçkilərində sədrlikdən uzaqlaşdırıldı. Nəcəf Allahverdiyev adlı birisi Quruzma bələdiyyəsinə sədr seçildi. İki bələdiyyə sədri ilə çəkişmələrimiz az idi, üçüncüsü də başımıza bəla oldu».

«Yeni bələdiyyə sədrimiz Nəcəf Allahverdiyev mənə sahibkarlıq fəaliyyətimdə uğurlar arzuladı. Dedi, nə kömək lazımdırsa, bələdiyyə sədri kimi qulluğumda olacaq. Ancaq bir də eşitdim ki, əvvəlki sədr kimi bu da məni məhkəməyə verib. Tələb qoyub ki, torpaq boşaldılaraq bələdiyyəyə qaytarılsın».

«QƏRƏZÇİLİYİ YERƏ QOYMUR»

Fermer bildirir ki, Quruzma bələdiyyəsi min hektarlarla torpaq sahəsini məmurların ailəsi, qohum-əqrəbası arasında paylaşdırıb. Kənddə yalnız «arxasında adamı olanın» torpaqdan istifadə etmək imkanı var:

«Konkret mənə gəlincə isə, hər üç bələdiyyə sədrinə təzyiq göstərən bir məmurdur. Həmin məmur hələ ilk dəfə icarəyə torpaq götürəndə mənimlə mübahisəsi olmuş şəxsləri himayə edib. Mənimlə qərəzçiliyi yerə qoymur, hər dəfə bələdiyyə ilə aramda müqavilə bağlanandan sonra ortaya düşüb qarşı tərəfə təzyiq göstərir, qarşı tərəf də məni məhkəməyə verib müqaviləni pozur».

Fermerin yazdığına görə, həmin məmur ədliyyə orqanında idarə rəisi vəzifəsində çalışır.

Şikayətçi yazır ki, fermerlik fəaliyyətinə süni əngəllər nəticəsində minlərlə manat zərər çəkib. Banklardan və şəxslərdən götürdüyü borcları vaxtında qaytara bilməyib, faizlər artıb və bir neçə dəfə artıq borclanıb.

ORTADA MÜQAVİLƏ VARSA...

Quruzma bələdiyyəsindən Qanı Cəlilovun bələdiyyənin məmur təzyiqi altında olması ilə bağlı dediklərini təkzib ediblər. Bildiriblər ki, Qanı Cəlilov bələdiyyəyə məxsus torpaqlardan qanunsuz istifadə etdiyindən məhkəməyə verilib.

Hüquqşünas Fuad Hüseynov deyir, əgər ortada müqavilə varsa, hər hansı qanunsuz fəaliyyətdən söhbət gedə bilməz.

«Fermer özü həmin müqaviləni də təqdim etməklə bələdiyyə sədrinin hərəkətlərindən məhkəməyə müraciət etməlidir, bələdiyyə sədri müqaviləyə birtərəfli xitamın səbəbini izah etməlidir», - hüquqşünas bildirib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG