Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:22

Məqsədimiz Bashar Assada qarşı cihad olub


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

"Mən bu məhkəməni qəbul etmirəm. Bütün hökmlər Allahındır" - deyə Suriyadakı islam yaraqlılarına qoşulmaqda ittiham olunan şəxslər özlərini müdafiə etmək üçün Quran kəlamlarına istinad edirdilər.

Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qoşulmaqda günahlandırılan 10 nəfərin məhkəməsi keçirilib.

"HÖKM YALNIZ ALLAHA MƏXSUSDUR"

Hakim Ramella Allaqhverdiyeva müttəhimlər Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və Elvin Dursunəliyevə sərbəst ifadə vermələrini təklif etsə də, təqsirləndirilən şəxslər bundan imtina etdilər.

Onların çoxu həm yaxınlarının tutduğu vəkillərdən, həm də dövlətin təyin etdiyi müdafiədən imtina etdilər.

Təqsirləndirilən şəxs Vüqar Dursunəliyev bunu belə əsaslandırdı:

"Hökmü yalnız Allah verə bilər, bundan başqa hökm tanımıram".

Digər təqsirləndirilənlər də məhkəmə boyu susacaqlarını dedilər.

Vüqar Dursunəliyevin döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərdiyi və hazırda onunla birlikdə mühakimə olunan 15 yaşlı oğlu Elvin Dursunəliyev də məhkəməyə etiraz etdi.

Müttəhim Vüsal Bayramov:

“İstintaq zamanı sərbəst ifadə vermişik. Doğru olanı da yazıblar, olmayanı da. Bizim heç bir günahımız yoxdur. Bizi açın, buraxın”.

Daha sonra dövlət ittihamçısı Rahil İsmayılov ittiham aktını elan etdi.

Müttəhimlərin ifadə verməkdən imtina etdiklərini görən hakim onların ibtidai istintaqa verdikləri ifadələrini elan etməli oldu.

SURİYAYA KEÇMƏK ÜÇÜN 50 DOLLAR

Hakimin oxuduğu ibtidai istintaq sənədlərində yazılıb ki, Vilayət Həsənli Tərtər rayonunda anadan olub. 4 ildir ki, əhli-sünnə məzhəbi üzrə namaz qılır:

“2012-ci ildə Suriyada gedən döyüşləri izləmişəm və cihada qoşulmaq qərarına gəlmişəm. Məqsədim kafirlərə qarşı vuruşmaq olub. Suriyada aparılan cihadlarla bağlı internetdə yayılan videolara baxmışam. Bundan sonra Suriyaya getmək barədə fikrim qətiləşdi. Ənvər adlı həmyerlim ilə söhbət etdim, o mənə düz yolda olduğumu, Suriyada aparılan cihada getməyimi dəstəklədi. Ənvər Suriyaya özbaşına getməyin mümkünsüzlüyünü, oradakı camaatlardan birini tapmaq lazım olduğunu bildirdi.

Bir neçə gün sonra Ənvər Suriyada cihad aparan təşkilatlardan birinin əmiri “Abu Hafsa” ləqəbi ilə tanınan şəxslə əlaqə saxlamağın mümkün olduğunu bildirdi. O, həmin əmirlə sosial şəbəkədə danışdığını, bir həftəyə ora getməyin mümkün olacağını qeyd etdi. Ənvərə həmyerlim İsrail Əliyevlə birlikdə gedəcəyimi bildirdim.

Mart ayının 22-də onunla rayon mərkəzindəki çayxanada görüşdük. Ənvər mənə 300 ABŞ dolları verdi və Bakı Avtovağzalından Azərbaycan-Türkiyə avtobusuna bilet almağı tapşırdı. Bildirdi ki, mən avtobusa Bakıda minəcyəm, İsrail Əliyev isə məni Goranboy rayonunda gözləyəcək. O, planın belə olmasını təhlükəsizliklə izah etdi. Plana əsasən, martın 30-da Azərbaycan-Türkiyə avtobusuna bilet aldım və həmin istiqamətdə yola düşdük. İsrail Əliyevi isə Goranboy rayonundan götürdük.

Türkiyədə olduğumuz zaman İsrail “Hasan” adlı şəxslə əlaqə saxladı. Onun Hasanı haradan tanımasını bilməmişəm. Türkiyədən Suriyaya keçməyimizə köməklik göstərməsi üçün Hasana 50 ABŞ dolları verdim. Suriyada isə bizi İntiqam Əliyev adlı şəxs qarşıladı. Onun vasitəsi ilə silahlı dəstənin tərkibinə qoşulduq. Orada Abu Hafsanın camaatına qatıldım. Abu Hafsaya biət etdik. Sonradan eşitdim ki, İsrail İŞİD-ə qoşulub.

Bizim məqsədimiz Bəşər Əsədə qarşı cihad olub. Çünki camaatına zülm edirdi, bu zülmün qarşısını almaq istəyirdik. Abu Hafsa mənə silah verdi. Orada fabrikə mühafizəçi təyin etdi. Mən 4 milyon manatlıq əmlakı olan fabriki qoruyurdum. Fabrikdə nə olduğunu dəqiq bilmirdim”.

“Əsirlikdə zülmlər çəkdim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2013-cü ilin dekabr ayında oradan ayrılıb. Həmin vaxt İŞİD-lə Cəbrat-ül-Nüsra arasında döyüş başlayıb: “Həmin vaxt əsir düşdüm. Mənim onlar tərəfdən döyüşməyimi istəsələr də, qəbul etmədim. Əsirlikdə olmazın işgəncələrə məruz qaldım. Bizi videoya çəkdilər, bir daha Suriyaya qayıdacağımız təqdirdə öldürəcəklərini dedilər. Əsirlikdə azərbaycanlılar da vardı. Dursunəliyevgili əsirlikdə tanımışam. 20 gündən sonra bizi Türkiyə ilə sərhədə gətirdilər. Bizi Türkiyə polisi tutdu və Azərbaycana deportasiya etdilər”.

HAKİM: "BİLMİRƏM, SİZƏ SUSMAĞI KİMLƏR ÖYRƏDİR.."

İfadəsi elan olunandan sonra prokuror Vilayət Həsənlidən ifadənin ona məxsus olub-olmadığını soruşub. Vilayət Həsənli başını aşağı salaraq sualı cavabsız qoyub.

Hakim:

"Siz susursunuz. Deyirsiniz ki, ifadə verməyəcəksiz. Ancaq məhkəmə araşdırmasının aparılması, sübutların təkzib olunması üçün təqsirləndirilən şəxslər fikirlərini bildirməli, ittihamları təkzib etməlidir. İstintaqda dəfələrlə sərbəst ifadə verilib. Amma burada ifadə verməkdən imtina edilir. Bilmirəm, sizə susmağı kimlər öyrədir”.

Bu zaman Vilayət Həsənli bunları deyib: “Qurulan məhkəməni qəbul etmirəm. Mən Allahın quluyam. İşimə şəriət məhkəməsində baxılmasını istəyirəm”.

Daha sonra sərbəst ifadə üçün Vasif Hacıyevə söz verilib.

O da ittiham üzrə danışmaqdan imtina etdiyini deyib. Bildirib ki, tanrı yolunda döyüşüb və ancaq onun verdiyi cəzanı qəbul edə bilər. Hacıyev deyib ki, onunla müttəhim kürsüsündə oturanlar da eyni fikirdədirlər.

Vasif Hacıyev prokurorun da suallarını cavablandırmaq istəməyib. Bundan sonra onun ibtidai istintaqdakı ifadəsi elan edilib.

“Heç bir dini icmanın üzvü olmamışam, heç kimə itaət etməmişəm. Bir müddət İstanbulda yaşamışam, orada qaynaqçı işləmişəm. Suriyada gedən döyüşlərlə bağlı internetdə yayılan videoları izləmişəm. Videolara baxandan sonra Suriyada gedən cihada qoşulmaq qərarına gəlmişəm. Türkiyədən Suriyaya keçmək üçün Hasan adlı Türkiyə vətəndaşına 100 ABŞ dolları vermişəm. Hasan da həmin pul müqabilində məni Suriyaya keçirib. Orada Liviya vətəndaşına məxsus qruplaşmaya qoşulmuşam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, silahlı qruplaşmanın tərkibində olsa da, hər hansı silahlı cinayətdə iştirak etməyib.

Hakim ifadələri elan etdikdən sonra növbəti məhkəmə iclasını aprelin 16-a təyin edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG