Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

►Bal qiymətinə bişən mürəbbə

Kənd Təsərrüfatı Nazirliyi: “10-15 günə qiymət ucuzlaşacaq”

Ərik, armud, gilas, şaftalı, alça... Bazarda hər çeşiddə, hər bölgədən və hər qiymətdə mal var.

Elə mövsümün meyvəsi gilasın qiyməti 2 manat yarımdan başlayıb 5-6 manatda bitir. Xaçmazdan, Qusardan paytaxt Bakıya gətirilən öküzürəyi, ağ gilas, ala gilas “gəl-gəl” deyir, amma qiyməti müştərini yanında çox saxlaya bilmir.

“5 MANATA GİLAS BAHA DEYİL”

– Neçəyədir bu?

– 5 manata.

– Bahadır.

– Baha-zad deyil. Tovuzun, Qazaxın qurdlu gilası deyil. Bu, Xaçmaz gilasıdır. Görürsən nə boydadır?

Başqa satıcı 10 kiloluq gilas yeşiyini müştəriyə satmağa çalışır və söhbətə “Görürəm yaxşı mal alansan” deyərək başlayır, sonra da alıcının məhsula qiymət qoymasını istəyir:

– Bir qiymət de görüm. Neçə verərdin bu gilasa?

– Nə deyim vallah. Satan sənsən. Sən de qiyməti.

– 3 manatdan kilosunu götür. 10 kilodur təqribən, tərəzidə çəkərik.

– Hamısına 15 manat verim.

– Bəs deyirsən yaxşı mal alırsan? Sən deyən qiymətə qurdlu gilasdır.

– Allah bazar versin.

“SEL APARDI MEYVƏNİ”

Satıcı kefini də pozmur. “Hər malın öz alıcısı var” deyib növbəti müştərini haraylayır. 8-ci kilometr bazarında satıcılar bahalığı mayda-iyunda bölgələrə intensiv yağış yağması, dolu düşməsi ilə izah edirlər:

– Yağiş məhv etdi hər şeyi. 15-20 gündür rayonlarda sel-su gedir. Hər şeyi yuyub aparır.

“7-8 NƏFƏRLİK AİLƏDƏ 2 KİLO ƏRİYİ KİM YESİN?”

Gülşən Paşayeva deyir ki, indiyədək cəmi iki kilo ağ gilas mürəbbəsi bişirə bilib:

“Əvvəl gilası, “vişnə”ni yeşiklə götürərdik. İndi babat gilasın qiyməti 3 manatdır. Onun da yarısı qurdlu çıxar. 3 manatdan 10 kilo gilas al, üstəlik bunun şəkəri-qəndi də var, qazda bişirməyin də. Neçəyə başa gələcək bu mürəbbə? Az qala balın qiymətinə”.

Bazarda ərik də bahadır. Əriyin qiyməti 3-4 manatdan başlayır, 7-8 manatda bitir. Ağsaçlı, kasıbyana həyat yaşadığı hər halından bəlli Mehriban Hümbətova danışır:

“Ucuz düşəndə uşaqlar yeməyə ərik ala bilirəm, o da 1-2 kilo. 7-8 nəfərlik ailədə iki kilo ərikdən kimə nə düşər? Evdə hamilə gəlin, körpə uşaq var, yaşlı xəstəmiz var. Hamı öz payını onlara verir ki, tamarzı qalmasınlar. 4-5 manata da ərik olar? Əriyin qiyməti çox bahalanıb”.

Artıq iyun ayı bitməkdə olsa da, pomidorun qiyməti də ucuzlaşmır. Bazarda ən ucuz pomidor 1 manat, 1 manat 30 qəpiyədir. Alıcılar bunun səbəbini meyvə-tərəvəzin Rusiyaya daşınması ilə izah edirlər.

____________________________________________________________

Bunlara da bax:
'İnəyi gözdən qoymağa peşmansan…'
Üçəmlərdən sağ qalan körpə Bakıya gətirilir

____________________________________________________________

“MEYVƏ MÜŞAVİRƏSİ”

Cavid İsmayıl adlı istifadəçi facebook-da yazır: “SOCAR-ın başı Avropa çempionatına, hökumətin başı Formula1-ə qarışıb, bazarlardakı qiymətlərdən xəbərləri yoxdur. Gilasla gilanarın qiyməti 3 manatdan, əriyin qiyməti 4 manatdan aşağı düşmür. Əvvəlki illər olsaydı, buna göz yummaq olardı bəlkə də. Amma biz rəsmən etiraf olunan böhran ilində yaşayırıq və bu qiymətə uşaqlarına meyvə ala bilməyən çox kasıb ailələr var. Bu ölkədə istehsal olunan meyvə niyə bu qədər baha satılmalıdır? Axı rayonlarda bu meyvələri yerli əhalidən çox ucuz qiymətə alıb Bakıya gətirirlər. Bizim növbəti "yumurta nüşavirəsi"nə ehtiyacımız var, daha doğrusu, "meyvə müşavirəsi"nə...”

İqtisadçı Natiq Cəfərli dövlət başçısının bu işə müdaxiləsini mümkünsüz sayır. Onun qənaətincə, bazar özü qiymətləri tənzimləməlidir.

“FERMERİN BAĞINDAN BAZARADƏK MƏHSUL BİR NEÇƏ ƏL DƏYİŞDİRİR”

Natiq Cəfərlinin fikrincə, hökumətin bu durumda görə biləcəyi bir iş var: fermerlərin bazara birbaşa çıxışını təmin etmək.

“Fermerin bağından bazaradək məhsul bir neçə dəfə əl dəyişdirir, bu da bahalığa səbəb olur. Hökumətin işi qiymətə müdaxilə yox, fermerin bazara çıxışını təmin etməkdir. Bu halda nisbətən ucuzlaşmanın şahidi olacağıq”.

Yeri gəlmişkən, bazarda ən ucuz gilas 1 manat 70 qəpik idi. Onu satan məhsulu həyətyanı sahəsindən topladığını deyirdi: “Hələ ən insaflısı mənəm. Hər yerdə qiymət bahadır”.

O ki qaldı bu ilki bahalığı doğuran səbəblərə, Natiq Cəfərli də satıcılar kimi bunu iki amillə izah edir. İqtisadçı deyir ki, ilkin səbəb havanın yağışlı keçməsidir, ikincisi “Rusiya bazarına qapıların açılmasıdır”:

“Son zamanlar Rusiyanın bir çox ölkələrə embarqo qoyması Azərbaycanın məhsullarının o bazara girişini asanlaşdırdı. Rəsmi məlumata görə, ötən ilin uyğun dövrü ilə müqayisədə Rusiya bazarında Azərbaycan pomidorunun satışı 7 dəfə artıb. Bu da daxili bazarda məhsulun azalmasına və qiymətin artmasına səbəb olacaq”.

NAZİRLİK: “BİR HƏFTƏYƏ GİLAS UCUZLAŞACAQ”

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bizi əmin etməyə çalışır ki, bir həftəyə gilasın, əriyin qiyməti düşəcək:

– Bazar ərikdən, gilasdan ibarət deyil ki. Qarpız hazırda 30 qəpiyədir. Keçən il bu vaxt 1 manat, 1 manat 40 qəpik idi. Lobya, badımcan ötən illə müqayisədə çox ucuzdur. Özü də yerli istehsaldır. Fermerlərin meyvə-tərəvəzçiliyə marağı artıb. Məqsəd əhalinin tələbatını ödəməkdir. Həm istehsalın həcmi artıb, həm də ixracatın həcmi. Rusiyaya çıxarılan meyvə-tərəvəzin qiyməti bir neçə dəfə artıb. O ki qaldı bəzi meyvələrin qiymətinə, bir həftədən sonra qiymətdə kəskin enmə görəcəksiz.

– Amma bir həftəyə ərik, gilas mövsümü başa çatır.

– (Gülür) Bir həftə sonra danışarıq... Son vaxtlar havaların kəskin dəyişməsi də meyvənin toplanmasına, bazara çıxarılmasına təsir edib. Müvəqqətidir. Götürün lobyanı, 50-60 qəpikdir.

– Amma pomidor ucuzlaşmır.

– 10-15 günə o da ucuzlaşacaq. Şimal bölgəsindən məhsul çıxarılacaq deyə ucuzluq yaranacaq.

Siz nə deyirsiz, bir həftəyə bazarda meyvə ucuzlaşacaqmı?

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (21 iyun)

Harda açılıb o 1,5 milyon iş yeri?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (21 iyun)

Savchenko İlham Əliyevə çağırış etdi

Günün bütün mövzuları

XS
SM
MD
LG