Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:46

Baytarlıq məntəqəsinə sığındı və...


Foto illüstrasiya
Foto illüstrasiya

-

2-OTAQLI BİNA VƏ 27 SOT TORPAQ

Kamil Mirzəliyev təqaüddə olan polis zabitidir. 14 il Rusiya milisində, 21 il Azərbaycan polisində işləyib. Qarabağ müharibəsi veteranıdır. Sonuncu iş yeri Qəbələ rayon Polis Şöbəsi olub. Həyat yoldaşı da rayonun Böyük Pirəli kəndində 23 il müəllimə işləyib. Hazırda hər ikisi təqaüddədir. 1990-cı ildə ailəsi ilə kənddəki Axundov adına kolxozun sədrinin icazəsi ilə istifadəsiz baytarlıq məntəqəsinin 2-otaqlı binasına sığınıb. Yaşamaq üçün yararsız olan binanı tam təmir edib. Uzun illər aybaay kommunal xərcləri ödəyib.

1995-ci ildə kolxozun qərarı ilə ona elə binanın yerləşdiyi ərazidən 12 sot həyətyanı torpaq sahəsi ayrılıb. Torpaq islahatları keçirilərkən rayonun aqrar islahatlar komissiyasına müraciət edib. Komissiyanın qərarı ilə həyətyanı sahəyə bitişik 15 sot torpaq sahəsi də ona əlavə olaraq verilib. Beləliklə, kolxoza məxsus ərazidən Kamil Mirzəliyevə ümumilikdə 27 sot torpaq ayrılıb:

BİR AİLƏNİN TALEYİ HƏLL OLUNUB

«Bu günə qədər yaşadığım həmin binanı qoruyub saxlamışam, torpaq sahəsində əkin işləri görüb ailəmi saxlamışam. Yaşadığım binanı dəfələrlə təmir etdirmişəm. Bir sözlə, həmin mülkiyyət üzərində istifadə, sahiblik və sərəncam vermə hüquqlarını həyata keçirmişəm. 2009-cu ildə məhkəmə həmin torpağın üzərindəki əmlaka mülkiyyət hüququmu tanıyıb. 2010-cu ildə məhkəmənin qətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış da verilib. Üstündən 5 il keçəndən sonra rayonun baytarlıq xidməti idarəsinin rəisi Bəhman Abdurəhmanov məhkəmə qətnaməsindən apellyasiya şikayəti verib. Halbuki, iddia müddəti çoxdan ötüb. Məhkəmə iddianı qəbul etməməli idi. Ancaq Şəki Apellyasiya Məhkəməsi iddia ərizəsinə baxdı. Qəbələ rayon Məhkəməsinin 2009-cu il tarixli qətnaməsini ləğv etdi».

Beləcə, Kamil Mirzəliyevə 5 il əvvəl verilmiş çıxarış ləğv olunaraq etibarsız hesab edilib. Onun sözlərinə görə, baytarlıq idarəsinin rəisi bununla kifayətlənməyib. Həyat yoldaşı Bəyimxanım Mirzəliyevanın baytarlıq məntəqəsindən məcburi qaydada çıxarılması ilə bağlı iddia qaldırıb. Ötən ilin martında Qəbələ rayon Məhkəməsi iddianı təmin edib. Kamil Mirzəliyev deyir ki, Qəbələ rayon Məhkəməsinin hakimi qətnamə çıxararkən heç bir araşdırma aparmayıb. Bir baytarın sözü ilə bir ailənin taleyini «həll edib». Kamil Mirzəliyev də qətnamədən apellyasiya şikayəti verib. Şikayətində göstərib ki, 1990-cı ildən – yəni ailə məntəqəyə yerləşdiyi vaxtdan binada baytarlıq məntəqəsi heç bir fəaliyyət göstərməyib. Bina zəbt olunmayıb. Sənədlə, razılıqla onlara verilib. Sonradan onun tərəfindən mülkiyyət hüququ əldə olunub:

«ONLAR YERLİLƏRDİR»

«Məhkəmədə hakimə dedim ki, Xidmətin daha iki məntəqəsi də var ki, ailələr yaşayır. Niyə o ailələri çıxarmırlar? Hakim bildirdi ki, «onlar yerlilərdir, sizsə Ucardan gəlmisiz»».

Baytarlıq Xidmətindən «Qaynar xətt»ə bildiriblər ki, Kamil Mirzəliyev məntəqənin binasını zəbt edib. Sonradan saxta sənədlər təqdim etməklə öz mülkiyyət hüququnu təsdiqlətdirib: «Son qərar məhkəmənin idi. Məhkəmə də həmin sənədi ləğv edib».

Hüquqşünas Fuad Hüseynov deyir, Kamil Mirzəliyev apellyasiya məhkəməsində də onu qane etməyən qərarla üzləşibşə, Ali Məhkəməyə müraciət edə bilər. Hakimin hərəkətlərindən narazıdırsa, Məhkəmə-Hüquq Şurasına şikayət olunmalıdır.

XS
SM
MD
LG