Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:56

Yağışlı Bayraq günündə "icazəsiz" yürüş- [Fotolar]


►“Çoxu gəlməyə qorxurdu. Ancaq gəldilər”

Bakıda güclü yağış yağdığından küçələrdə seyrəklik idi. Nəinki bayram günləri, adi günlərdə də qələbəlik olan Bakı bulvarında da tək-tük adam gözə dəyirdi. Əlində üçrəngli bayraq olan üç kiçik qız isə bu seyrəkliyi birdən-birə doldurdu.

Balacalar çox şən idilər. Əllərində, gödəkçələrinin arxasında bayraq vardı. Üzlərinə də boya ilə bayraq həkk olunmuşdu. Anaları deyir ki, hava soyuq, yağışlı olsa da, dünəndən balacalara söz verdiyindən onları bulvara gəzməyə gətirib:

“Binəqədi qəsəbəsindən gəlirik. İkisi öz qızımdır, biri də bacımın qızıdır. Biz həmişə 28 May gününü, Bayraq Gününü qeyd edirik. Ona görə də bu gün onları gətirdim. Onlara bayraqdan, müstəqillikdən, azadlıqdan danışıram. Bu danışdıqlarımı çox sevirlər”.

Buna da bax: Araz Əlizadənin dairəsində qalmaqal böyüyür...

“Biz ananı da, bayrağı da çox sevirik”

Qızların böyüyü, 3-cü sinifdə oxuyan Aysu Yusifova deyir ki, anası onlara söz verdiyi üçün gəzməyə çıxıblar. Buna görə analarına “çox sağ ol” deyir:

Biz ananı da, bayrağı da çox sevirik.

“Bayrağı da bizə anam alıb. Üzümüzü də bayrağın rəngləriylə anam boyayıb. Çox sağ ol, ana. Biz ananı da, bayrağı da çox sevirik”.

4 yaşlı Duyğu və 7 yaşlı Səbinə də fəxrlə bayrağa sarılırlar.

Şəhərin kənarlarında gözə dəyməsə də, mərkəzi küçələrə bayraqlar vurulmuşdu. Əvvəlki illərdən fərqli olaraq, bu il daha çox yaşayış evindən bayraq asıldığını görmək olur. Qəzet köşklərində, dəftərxana ləvazimatı mağazalarında, suvenir dükanlarında da Azərbaycan bayraqları, bayrağa aid suvenirlər satılır. Suvenir dükanının satıcısı Arif Kərimov deyir ki, qiyməti 1, 2 manata olan bayraqlar əks olunan qolbaqlar daha çox satılır:

“İndi hava soyuqdur, yağışlıdır. Ona görə alıcı azdır. Ancaq bu gün kim bura baş çəkibsə, bayrağa aid nəsə alıb. Qiymətlər də baha deyil”.

Buna da bax: Rabitə Nazirliyində saxlananlar var

Bir dəstə bayraqlı gənc

Adamsız Bakı küçələrində ikinci dəfə bayraqlı adamlar gözə göründü. Əllərində, çiyinlərində Azərbaycan bayraqları olan bir dəstə gənc üzü Bayraq Meydanına tərəf yürüyürdü. Gənclər deyir ki, gələnlərin çoxu bir-birini tanımır, sosial şəbəkədə elan ediblər ki, yığışıb bayraq gününü qeyd etmək istəyirlər. Bir-birlərinə hay veriblər və bu gün təxminən 40 nəfər gənc bir yerə yığışa bilib.

Onlar müxtəlif ali məktəblərin tələbələridir. Nizami Əliyev deyir ki, gənclərin toplaşması çətin olmayıb:

“Bu haqda bir-birimizə yazdıq. Çoxu gəlməyə qorxurdu. Ancaq gəldilər. Bayraqlı yürüşümüz, deyəsən, alınacaq”.

Tural Məmmədovsa deyir ki, bu gün tanımadığı gənclərin bir yerə yığışması onu çox sevindirib:

“Demək ki, istəyəndə alınır. Təki həmişə önəmli günlərdə bir yerdə olaq”.

Əllərində bayraq tutan oğlanlar, qızlar Bayraq Meydanına yürüş etdilər. Arada dayanıb bayraq haqqında danışır, kənardan baxan adamları da məlumatlandırırdılar.

Bu gün ən çox sevinən isə üç qızcığaz idi. Hava yağışlı olsa da, istədikləri kimi gəzmişdilər, bayraq haqqında şeir oxumuşdular, şəkillər çəkdirmişdilər. Sevinclə “Bu bizim ən yaxşı, ən yadda qalan şəkillərimiz olacaq” deyirdilər.

XS
SM
MD
LG