Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:32

Bayraq Meydanının keçmiş rəisi yenidən məhkəmə qarşısında


Rəşad Məmmədov
Rəşad Məmmədov

Dövlət Bayrağı Meydanı Kompleksinin keçmiş rəisi Rəşad Məmmədov yenidən məhkəmə qarşısına çıxıb. Avqustun 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə onun işi üzrə ilkin baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə razılaşmayan və bəraət tələb edən Rəşad Məmmədov, eləcə də onun vəkili Akif Əlizadə işin məhkəmə baxışına verilməsinə etiraz etməyib. Məhkəmə baxışı avqustun 26-na təyin olunub.

Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov ötən ilin martında həbs olunmuşdu. Hər üç təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Rəşad Məmmədov əlavə olaraq, CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələri ilə də ittiham olunub.

R.Məmmədov cinayət işinin materiallarında əməkhaqqı adı altında 254 min 100 manat vəsaiti israf etməkdə günahlandırılırdı. Üstəlik, onun 6 milyonluq əmlak alıb həyat yoldaşının adına rəsmiləşdirdiyi bildirilirdi.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə əsasən, R.Məmmədova 1 il 1 ay 8 gün cəza verilib və həmin müddət başa çatdığına görə o, məhkəmə zalından azadlığa buraxılıb.

R.Məmmədovla yanaşı, İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədov da azadlığa çıxıb.

XS
SM
MD
LG