Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38

►62 min manat kompensasiya tələb edirdi, bundan təxminən 20 dəfə az – 3 min manat alıb

32 yaşlı Bayram Niyazov heç bir təqsiri olmadığı halda, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsilə 18 ay həbsdə saxlanılıb.

2 kiloqram 159.78 qram narkotik satışında ittiham olunan Bayram Niyazovun həbsinin qanunsuzluğu Azərbaycan məhkəmələrinin hökm və qərarları ilə də təsdiqlənib.

İSTƏDİYİNDƏN 20 DƏFƏ AZ

Bayram Niyazov il yarım günahsız həbsdə saxlanılmasına görə kompensasiya tələb edirdi. 62 min 200 manat kompensasiya tələbilə də məhkəməyə üz tutmuşdu - maddi ziyana görə 12 min 200, mənəvi ziyana görə isə 50 min manat.

Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev ona kompensasiya təyin eləsə də, məbləğ istədiyindən təxminən 20 dəfə az olub – 3 min manat.

Kompensasiyanın məbləği Bayram Niyazovu qane etmədiyindən o, apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsində də Tofiq Səmədovun sədrlik etdiyi hakimlər kollegiyası məbləği artırmağa ehtiyac görməyib - qərar qüvvədə saxlanılıb.

Bayram Niyazovun vəkili Ceyhun Yusifov bu qərardan da Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşır. Hesab edir ki, il yarım günahsız həbsə görə 3 min manatlıq kompensasiya qətiyyən adekvat deyil.

____________________________________________________________

Bunlara da bax:
REAL: 'Qanun'da axtarılan 'bomba' bu imiş
Sel Tovuzda 4 kəndlə əlaqəni kəsdi

____________________________________________________________

6 MİN BORCU QALIR?

"Hakimlər belə hesab edir ki, bir gün qanunsuz azadlıqdan mərhumetmənin qiyməti 5 manat 48 qəpikdir. Bilirsiniz maraqlı nədir? Rəsmi rəqəmlərdə dövlətin bir məhkumun saxlanılmasına çəkdiyi illik xərcin 6 min manat civarında olduğu qeyd edilir. Onda belə çıxır ki, Bayram Niyazov həbsdə saxlanıldığı 18 ay ərzində ona 9 min manat xərclənib. Əgər kompensasiya kimi müəyyən edilən 3 min manatı çıxsaq, belə çıxır ki, Bayram onlara hələ də 6 min borcu qalır", - vəkil bildirib.

Avropada xeyli vaxtdır belə bir praktika formalaşıb ki, şəxs təqsirsiz olduğu halda dəmir barmaqlıqlar arxasında keçirdiyi hər günə görə ona 40-90 avro kompensasiya hesablanır. ABŞ-ın özündə də istintaq səhvləri bir sıra hallarda dövlətə milyonlarla itki hesabına başa gəlir. Bir həftəlik həbsə görə adamların astronomik məbləğdə kompensasiya alması halları olub...

Yeri gəlmişkən, Azərbaycan Cinayət-Prosessual Məcəllənin 57-ci maddəsi bəraət almış şəxsə kompensasiya verilməsini nəzərdə tutur. Məcəllənin 58-ci maddəsində göstərilib ki, vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

“BİABIRÇILIQDIR”

Müzəffər Baxış

Müzəffər Baxış

"Hüquqi Dövlət" Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, Azərbaycan qanunvericiliyində qanunsuz həbslərə görə kompensasiya nəzərdə tutulsa da, konkret rəqəm yoxdur. Qanunsuz həbsə görə təzminat işin halları, şəxsin vəziyyəti və s. hallar nəzərə alınmaqla qiymətləndirilməklə hər kəsə fərdi şəkildə təyin olunur:

"Adamın aylıq əməkhaqqısı və digər gəlirləri, vəkilə ödənilmiş vəsait, həbsxanada olduğu müddətdə ona çəkilmiş xərclər, həmçinin mənəvi ziyan da nəzərə alınmaqla, ağlabatan məbləğ müəyyənləşdirilir".

Azərbaycanda 18 ay günahsız həbsə görə 3 min manat kompensasiya müəyyənləşdirilməsinə gəlincə, Müzəffər Baxışov bunu Azərbaycan məhkəmələrinin acınacaqlı durumda olmasıyla izah edir:

"Hətta kompensasiya məsələsində də ədalətli qərar çıxara bilmirlər. Qanunsuz həbsdə saxlanılan hər günə görə 5 manat 48 qəpik kompensasiya təyin olunması biabırçılıqdır".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG