Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:11

Bayram Məmmədova 10 il 6 ay iş istənildi- VIDEO


Mayın 10-da Heydər Əliyevin heykəlinə siyasi şüar yazandan sonra narkotik ittihamı ilə həbs olunan gənc fəal Bayram Məmmədovun işi üzrə məhkəmə istintaqı başa çatıb. Dekabrın 2-də prokuror gənc fəala 10 il 6 ay həbs cəzası istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasdan öncə B.Məmmədovun vəkili Elçin Sadıqov bir sıra sənədlərin sübutlar siyahısından çıxarılmasını istəyib. Deyib ki, protokolların bir neçəsində vəkilin imzası yoxdur, bu baxımdan, etibarlı sayıla bilməz. Maddi sübutların götürülməsi protokoluna şəkil əlavə olunmayıb.

«YENİ REKORD»

B.Məmmədov özü isə məhkəməni izləməyə gələnlərin hamısının zala buraxılmamasına etiraz edib. Məhkəmə prosesinə sədrlik edən Eynulla Vəliyev deyib ki, zala kimlərinsə buraxılması onun səlahiyyətinə aid məsələ deyil: «Mən bura heç kimi dəvət eləmirəm».

«Bəs necə olur, zaldan çıxarmaq sənin səlahiyyətində olur?», – deyən gənc fəal arxasını hakimlərə çevirməklə etirazını ifadə edib.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan olunub və dövlət ittihamçısı Ramin Nağdəliyev çıxış edib. B.Məmmədova verilmiş narkotik ittihamının məhkəmədə də sübuta yetirildiyini söyləyən prokuror ona 10 il 6 ay cəza kəsilməsini təklif edib.

Prokurorun bu çıxışına B.Məmmədov «yeni rekord» replikası ilə reaksiya verib.

Dekabrın 9-da keçiriləcək növbəti məhkəmə iclasında vəkil Elçin Sadıqov müdafiə nitqi ilə çıxış edəcək.

Elçin Sadıqov məhkəmədən sonra AzadlıqRadiosuna deyib ki, əslində, prokuror ittihamdan imtina etməli idi: «Məhkəmə istintaqı zamanı da sübuta yetirildi ki, o narkotikin Bayram Məmmədova aidiyyəti yoxdur. Bu halda, prokuror ittihamdan imtina etmək əvəzinə, 10 il 6 ay cəza istədi. Bayram Məmmədov özü də dəfələrlə məhkəmədə deyib ki, onun həbsinin səbəbi heykəli yazmasıdır. Narkotik ittihamı bunu pərdələməkdən ötrü qondarmadır».

XATIRLATMA

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Q.İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG