Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:35

‘Bəlkə də Bayrama Qiyasdan artıq iş kəsəcəklər’


Bayram Məmmədov
Bayram Məmmədov

“Atasına demişdi ki, gözləyirəm Qiyasın məhkəməsi olsun, ondan sonra bütün sözlərimi deyəcəyəm. O, Qiyas üçün ehtiyat edirdi, qorxurdu sərt danışar, nəsə ona ziyan dəyər. Deyirdi: “Ata, yaxşı ki, Qiyasın məhkəməsi birinci oldu, mən məhkəmədə bütün sözlərimi deyəcəyəm”.

“Bayram Qiyasdan da sərt danışacaq”

“Heykəl məhbusu kimi” tanınan, amma narkotik satmaqda və saxlamaqda ittiham olunan Qiyas İbrahimova 10 il həbs cəzası kəsildi. Noyabrın 1-də Bayram Məmmədovun məhkəməsi başlanacaq. Bayram da Qiyasla birgə keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə “Qul bayramınız mübarək” şüarını yazıb, amma narkotik ittihamı ilə həbs olunub.

Bayramın anası Sevinc Məmmədova AzadlıqRadiosu-na danışıb.

– Təcridxanada oğlunuza hər hansı təzyiq yoxdur? Qiyas İbrahimov məhkəmədə dedi ki, o təcridxanada təzyiq və təhqirlə üzləşib...

– Yox, vallah. Telefonla danışırıq onunla. Bizə o haqda heç nə deməyib. Olsa da, deyəsi deyil.

Buna da bax:​ Amnesty International: ‘22 yaşlı fəalın abidəyə qrafiti çəkdiyinə görə...’

– Qiyas İbrahimovla bağlı artıq məhkəmə hökm verdi. Siz bu hökmü necə qarşıladınız?

Bayramın anası: 'Mən eşidəndə, gözyaşımı saxlaya bilmədim. Bir anlığa Bayram gözümün qabağında durdu'
Gözlə

No media source currently available

0:00 0:06:03 0:00
Direct-ə keçid

– Hamı necə elə, biz də elə. Biz də Qiyasla bağlı hökmü eşidəndə çox hiddətləndik. Prokuror 9 il iş istədi, ancaq 10 il verildi. Mən eşidəndə, gözyaşımı saxlaya bilmədim. Bir anlığa Bayram gözümün qabağında durdu. Dünən bütün günü gözümün yaşını saxlaya bilməmişəm. Təkrar-təkrar onun çıxışına baxmışam, oxumuşam... Ya Bayram, ya o uşaq bizim üçün eynidir. Səhər Bayramı bəlkə də ondan artıq nələrsə gözləyir, bəlkə də Bayrama ondan da artıq iş kəsiləcək. Bilmirəm... Qiyas məğrur uşaqdır. Ona baxdıqca hər bir işinə, qorxmazlığına, igidliyinə valeh olduq. Sadəcə, heyf gəncliyinə, savadına... İnsan istəmir o uşaq ora düşsün. On il bir igidin ömrüdür. Nə bilim, baxırsan, heyf olur uşaqlar... O boyda da iş kəsməzlər. O boyda iş verilir, on il! Onun nə günahı var? İş verirsən, tutduğu işə görə ver. Nə olub? Çox pis olmuşuq, çox məyus olmuşuq. Elə bilirik Bayrama iş kəsilib. Elə atası da. Düzü, atası məhkəməyə getmək istəyirdi, amma həmin gün Bayrama “peredaça” aparırdıq deyə çatmadıq... Allah anasına səbir versin.

– Sizi nə daha çox sarsıtdı?

– Hakimin davranışı. Prokuror 9 il iş istəmişdisə, düşünürdük xalq hakimi az verməlidir. Bunun cılızlığı özünü göstərdi. Böyük nifrət qazandı. Bizim nifrətimizlə ona nə olasıdır ki?! Öyrəşib.

Buna da bax:​ Bayram Məmmədovun işi məhkəməyə göndərildi

– Bayramla bağlı hansı qərarı gözləyirsiniz?

– Bayramı tanıdığımıza görə, dünəndən atası da, mən də deyirik ki, vay-vay, Bayram Qiyasdan da sərt danışacaq. Biz hər dəfə onunla söhbət etdikcə görürük ki, o da öz sözündə, öz mövqeyində qalacaq. Görüşdə də gördük ki, ora düşəndən, orda haqsızlıqları dönə-dönə görəndən sonra geri çəkilən deyil. Nə demişik, fikrindən döndərə bilməmişik. Hələ atasının vəziyyətini bilə-bilə, yenə sərtdir. Atasına demişdi ki, mən gözləyirəm Qiyasın məhkəməsi olsun, ondan sonra mən bütün sözlərimi deyəcəyəm. O, Qiyas üçün ehtiyat edirdi, qorxurdu sərt danışar, nəsə ona ziyan dəyər. Deyirdi: “Ata, yaxşı ki, Qiyasın məhkəməsi birinci oldu, mən məhkəmədə bütün sözlərimi deyəcəyəm”.

– Sevinc xanım, yoldaşınızın səhhətində problem var?

– Bir neçə il öncə iflic keçirib. Onu həmişə deyir: “Bayram, bir dənə Allahdan səni gözləyə bilmək üçün möhlət istəyirəm. Bilmirəm, gözləyə biləcəyəm, ya yox”. Həyatdır, hər şey Allahın əlindədir. Allah hər ikisinin köməyi olsun. Özləri bilirlər hansı addımı atıblar, nəyin dalınca gediblər. Yəqin o addımı atanda onları nələrin gözlədiyini də biliblər.

Buna da bax: Heykələ yazı yazmış gəncə 10 il verən hakim kimdir?

– Qiyas İbrahimovun anası Şura xanımın hökmü soyuqqanlı qarşılamasına necə yanaşırsınız?

– Mən o qadını çox gözəl anladım. Asan iş deyildi. Övladına o qədər iş kəsilsin, sən də... Sadəcə, o, məğrurluğunu göstərdi. Bəyəndim onu. Özünü sındırmadı. Nə qədər daxilən çətin də olsa da, məğrurluğunu saxladı. Gözlərindəki qəm-qüssəni göstərməməyə çalışdı. Gülümsədi. Belə də lazım idi. Həm də uşağına dayaq oldu. Göstərdi ki, mən sənin arxandayam. Bu, çox gözəl hərəkət idi... Hər şeyi içində boğdu... Çətindir bu. Heç asan deyil. Ancaq sağ olsun, müsahibə verəndə də möhkəm tutdu özünü, sözünü də dedi. Ənvər Seyidova da, hər bir kəsə də sözünü çatdırdı...

XATIRLATMA

Qiyas İbrahimovla Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin Bakıdakı abidəsinə “Rədd olsun sistem!” və “Qul bayramınız mübarək!” şüarları yazandan sonra həbs olunublar.

Onlar istintaq zamanı onlara öz əməllərinə görə üzr istəmələri üçün işgəncə verildiyini biliriblər.

Gənclər bundan sonra hər birinin evinə 1 kq heroin qoyulduğunu iddia edirlər. Onlara Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax:​ Heykəl yazmağa görə 10 il?: Hüquqşünasların reaksiyaları

Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verib.

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Buna da bax:​

Qiyas İbrahimovun anası: "Ağlamıram, ağlamayacam da"- [video]
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG