Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:15

“Bizimlə bağlamaq istədikləri müqavilələrdə mülkiyyətçinin hüququ ilə bağlı bircə kəlmə də yazılmayıb”.

Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsinin sakinləri narahatdır. Bəxtiyar Aslanov deyir, bir müddətdir ki, məhəlləyə gələn "Bəhrə" MTK şirkətinin nümayəndələri tezliklə evlərin söküləcəyini deyərək sakinlərin buradan başqa yerə köçməsinə çalışırlar. Şirkət ərazidə 12 və 16 mərtəbəli binalar tikdikdən sonra onları həmin yeni binalara köçürəcəyini vəd etsə də, şərtlər sakinləri qane etmir:

“1 İLLİK KİRƏPULU AYRILIR”

“Ayırdıqları pul qaldığımız ərazinin yaxınlığında heç birotaqlı mənzil kirayələməyə də çatmır. Uzağa isə gedə bilmərik. Uşaqlarımız buradakı məktəblərdə oxuyur, bağçalara gedir. Hələ nəzərə alsaq ki, manat hər gün “ölüb-dirilir”, ümumiyyətlə, ayrılan məbləğlə və qeyd olunan şərtlə razılaşmaq mümkün deyil. Üstəlik də, yalnız 1 illik kirayəpulu ayrılır. Ancaq soruşanda ki, geri nə vaxt qayıdacağıq, deyirlər, 2-3 ildən sonra... Sonrakı illərin pulunu kim ödəyəcək, dəqiq bir söz demirlər”.

Buna da bax:​ Neft Şirkəti Bayılda söküntüləri davam etdirəcək

Eyni küçədə yaşayan Ümid Adıgözəlov deyir, qapı-qapı gəzən şirkət nümayəndələrinin ümumiyyətlə, heç bir sözü dəqiq deyil:

“Nə soruşuruq, deyirlər, “gedin icra hakimiyyətindən dəqiqləşdirin”. Biz də deyirik, “heç nə bilmirsizsə, qapıya niyə gəlmisiz? Qoy icra hakimiyyəti gəlsin”. Ümumiyyətlə, başa düşülən deyil, bu şirkət qapı-qapı niyə düşür? Adamlar toplaşmışdılar şirkət nümayəndəsinin başına, hərə bir sual verirdi, heç bir sualı cavablandıra bilmədilər. Məsələn, ölkədə demək olar ki, hər gün bir şirkət bağlanır, müflis olur və sair. Soruşuruq ki, sabah bu şirkət müflis oldu, binaları tikib təhvil verə bilmədi, aqibətimiz necə olacaq? Gözlərini döyə-döyə qalırlar”.

“OYUNCAQ DEYİL, ŞƏXSİ ƏMLAKDIR”

Eyni şirkətin nümayəndələri qonşuluqdakı Xanlar küçəsinə də baş çəkiblər. Burada sakinlər onlardan görəcəkləri işə görə dövlət təminatı ilə bağlı sənəd tələb ediblər. Sakinlərin deməsinə görə, nümayəndələr “şirkətin təminatı icra hakimiyyətinin başçısıdır” deyib.

Buna da bax:​ 'Bu pul ayrılıbsa, kimin cibindədir?'

Həmin küçənin sakini Mirhafiz Miriyev:

“Sabah bu şirkət öhdəlikləri yerinə yetirə bilməsə, kimin yaxasından yapışacağımızı bilmirik. Ona görə də gözləyirik, bir adam gəlsin, çoxlu suallarımız, bilmək istədiklərimiz var, yerli-yerində cavablandırsın, bizimlə normal müqavilə bağlansın, biz də işimizi bilək. Şəxsən nə mən, nə də qonşularım təqdim etdikləri müqaviləyə gözüyumulu imza atmayacağıq. Söhbət vətəndaşın əziyyətlə əldə edib göz bəbəyi kimi qoruduğu şəxsi əmlakdan gedir, hansısa oyuncaqdan yox... Ancaq bunların danışığından görünür ki, bizim üçün dəyərsiz olan əmlaklarımız onlardan ötrü oyuncaqdır”.

İCRA HAKİMİYYƏTİ NARAHATÇILIĞA ƏSAS GÖRMÜR

Sakinlər həm də şirkət nümayəndələrinin onlarla kobud davranışından narazılıq edirlər.

Buna da bax:​ Söküntü Qaraçuxura çatdı - sakinlər narazıdır

“Bəhrə” MTK ilə bağlı internet üzərindən məlumat axtarışı nəticə verməsə də, sakinlər bildirirlər ki, yeni yaradılmış şirkətlərdəndir.

Amma Səbail rayon icra hakimiyyəti sakinlərin narahatçılığında əsas görmür. Qurumdan AzadlıqRadiosu-na bildirilib ki, istismar müddəti başa çatmış yaşayış evlərinin sökülüb yerində yenisinin tikilməsi “Bakı şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin bu ilin əvvəlində qəbul olunmuş qərarına əsasən gerçəkləşdirilir. Qurum bu işlərə dövlət təminatının olduğunu qeyd edir və şirkətlə bağlı narahatçılığı əsassız sayır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG