Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:35

Qazaxıstanın baş naziri Karim Masimov «stajlı» Twitter istifadəçisi olsa da, göründüyünə görə, sosial mediada elə də güclü deyil.

O bu yaxınlarda yararlandığı 2 Twitter hesabından (biri ingilis, digəri qazax və rus dillərində) özünün minlərlə təqibçisinə üz tutaraq, onları ölkənin müstəqil olduğu 25 ildəki ən böyük nailiyyətlərini sadalamağa çağırıb.

Məqsəd, təbii ki,#25летНезависимости və #25KAZ həştəqlərindən istifadə edərək, ölkənin müstəqillik günü (16 dekabr) ərəfəsində müsbət rəy toplamaq idi.

ANCAQ HƏR ŞEY MASIMOV-UN GÖZLƏDİYİ KİMİ OLMADI…

İstifadəçilər həmin həştəqlərlə ölkədəki korrupsiya, qazax demokratiyasının durumu, polis və ümumiyyətlə, hökumətlə bağlı qəzəbli tvitlər paylaşmağa başladılar.

«Sağlam uşaq doğmaqdan ötrü doğum evində rüşvət verməlisiniz. Uşağı bağçaya düzəltməyə yenə rüşvət verməlisiniz. Məktəbə qoyanda - gerisini özünüz tapın», - Kairat Nyrmugambetov adlı istifadəçi belə yazıb.

«Karaqandada yüngülmotorlu təyyarələr buraxan zavod tikiblər. Bu zavod beş il ərzində bircə dənə də təyyarə buraxmayıb», - bu da Almatıdan Almiri Karpykov-un baş nazirin müraciətinə reaksiyasıdır.

«HEÇ VAXT BAŞQA PREZİDENT SEÇƏ BİLMƏMİŞİK»

Masimov-un çağırışına cavab kimi yazılan başqa bir tvitdə isə Qazaxıstanda heç vaxt demokratik prezident seçkisinin keçirilmədiyinə eyham vurulub: «Heç vaxt başqa prezident seçə bilməmişik!». Almatıdan Aidos Kapanov belə tvitləyib.

«Biz quldur və terrorçulardan daha çox polisdən qorxuruq», - M. Gustav-ın tvitində yazılıb.

@parfume_kz adlı istifadəçi isə şikayətlənib ki, «məktəblilərə pulsuz səhər yeməyi ləğv edilib».

DOST-AŞNA SOSİALİZMİ?

@sakesha isə yazıb ki, «Qazaxıstanda hökumət birgə əməyin deyil, qanuni soyğunçuluğun hesabına yaşayan dost-aşna sosializmi yaradıb».

Masimov-un təklif etdiyi həştəqlərlə paylaşılmış müsbət məzmunlu tvitlərin çoxu dövlət informasiya agentliyi (@kazinformkz) və ölkənin xaricdəki səfirliklərinə məxsusdur.

Məsələn, @kazinformkz Qazaxıstan atletlərinin Olimpiya uğurlarından və Masimov-un süd fermasına səfərindən yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG