Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:32

Ləğv edilmiş banklarda ən çox itirən kimlərdir?


Azercell Plaza
Azercell Plaza

Müflis elan edilən və bağlanan banklarda təkcə vətəndaşların əmanətləri batmayıb, həm də şirkətlər, sahibkarlar depozitlərindən məhrum olublar. Və bu depozitlərin ümumi həcmi yüz milyonlarla ölçülür.

Adının çəkilməsini istəməyən mənbə AzadlıqRadiosu-na deyir ki, ölkənin mobil bazarında ən iri şirkətlərdən birinin yenicə bağlanan bankların birində 60 milyon manatdan çox depoziti batıb.

“Bu vəsait sığortalanmır”

“Ləğv edilmiş banklarda daha çox itirən əhali deyil, iri-kiçik sahibkarlardır”, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov AzadlıqRadiosu-na deyir. Onun sözlərinə görə, hazırda bankların ləğvetmə prosesində şəffaflıq müşahidə olunmur: “Ölkənin banklarında həm sahibkarların, həm iri şirkətlərin depoziti var və bu məbləğ azı 5-6 rəqəmli məbləğlə ölçülür. İndi bu vəsait batıb. Ona görə “batıb” deyirəm ki, sahibkarların vəsaitləri sığortalanmır”.

Buna da bax:​ 'Yaxın bir ildə, ən azı, 10 bank bağlanacaq'

Ə. Həsənov söyləyir ki, bankın ləğvi ilə məşğul olan qurum bu prosesi kreditorlardan ötrü şəffaf aparmalıdır, yəni kreditorun hazırda bankın nə qədər aktivi qaldığı, onun vəsaitinin kimlərə borc verildiyini bilmək hüququ var. Ekspertin sözlərinə görə, bank müflis olduqdan sonra kreditorlar öz ümumi yığıncaqlarını yarada bilər, qanun buna imkan verir. Yalnız bundan ötrü Maliyyə Bazarına Nəzarət Palatasının icazəsi lazımdır.

“Kreditorun borcu 7-ci yerdədir”

Ekspert vurğulayır ki, qanunla müflis elan ediləndən sonra bankın yerdə qalan aktivləri hesabına kreditorlara borc ödənilməlidir: “Diqqət edirsinizsə, bank müflis elan olunandan sonra ona borcluların borcu bağlanmır, kredit borclusu öz faizini, borcunu ləğvedici orqanın müəyyənləşdirdiyi banka ödəyir. Həmin vəsaitdən isə ilk növbədə Əmanətlərin Sığortalanması Fondu öz xərcini çıxarır, bura əmanətçilər üçün ödədiyi sığorta pulu və ləğvetmə prosesi zamanı çəkilən xərclər daxildir. Bundan sonra qalan vəsaitdən vergilər və s. xərcləri ödənir. Yerdə vəsait qalacaqsa, bankın başqa öhdəlikləri qarşılanır. Kreditorlara borcun ödənilməsi 7-ci yerdədir. Yəni əgər bu mərhələyə qədər bankın aktivlərindən əldə vəsait qalacaqsa, o zaman kreditorun da borcu ödənəcək. Aydın məsələdir ki, 7-ci mərhələyə qədər ortada vəsait qalacağı inandırıcı görünmür”.

Buna da bax:​ Banklar bağlanır, işsizlər artır

Əkrəm Həsənov: 'Ləğvediciyə təklif oluna bilər ki, 200 minin müqabilində məhkəməni zəif aparıb uduzsun''
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00
Direct-ə keçid


Bununla belə, Ə. Həsənov düşünür ki, ləğvetmə prosesi şəffaf aparılmalı və kreditorlar bütün prosesdən xəbərdar olmalıdır. Onun fikrincə, məsələn, 1 milyon manat borc alan şəxs ləğvetməyə məsul şəxslərə, ya ləğvedici orqana təklif edə bilər ki, 200 min qeyri-rəsmi ödənişin müqabilində borcalana qarşı məhkəməni zəif aparıb “uduzsun”: “Belə hallar istisna edilmir, amma kreditorlar işin içində olanda məhkəmə qəsdən “uduzdurula” bilməyəcək, çünki kreditorlar öz hüquqşünasları vasitəsilə məhkəmədə təmsil olunacaqlar, məhkəmə prosesini nəzarətdə saxlayacaqlar”.

Hüquqşünas Avropa təcrübəsini yada salır, belə ki, müflis elan edilmiş bankların kreditorları ümumi yığıncaqlarını yaradırlar və ləğvedici orqan proseslə bağlı hər bir detalı onlara çatdırır, – yəni ləğvetmə zamanı bankın nə qədər aktivi vardı, nə qədər xərc çəkilir, proses zamanı nə qədər gəlir əldə edilir. Ancaq indi ləğvetmə prosesinə nəzarət edən ictimai qurum yoxdur.

Buna da bax:​ “Bankların sayı 20-yə qədər enəcək”

Kreditorlar 60 gün ərzində tələb qaldıra bilərlər

Məhkəmə yolu ilə müflis edilən banklara Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin olunur.

Fond bildirir ki, artıq müflis bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır, ancaq bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır, yəni banka borcu olanlar öz borclarını ödəməkdə davam edirlər.

Fondun saytında müflis banklarla bağlı deyilir ki, bu elanın dərcindən 60 gün ərzində kreditorlar banka qarşı tələblərini qeydiyyata aldırmalıdırlar. Bu zaman kreditorlar bəzi gərəkən sənəd və məlumatları ləğvedici orqana, yəni Əmanətlərin Sığortalanması Fonduna təqdim etməlidirlər. Bunlar tələbin əsas məbləğinə daxil faizlərin və digər haqların həcmi, tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində sənədlərdir.

Buna da bax:​ Banklarda batan pullar

Ləğvetmə zamanı nə qədər kreditor ləğvedici orqan qarşısında tələb qaldırıb və bu tələbin ümumi həcmi nə qədərdir? AzadlıqRadiosu bu və digər suallarına Əmanətlərin Sığortalanması Fondundan cavab ala bilməyib.

Bank Standard
Bank Standard

“Azercell” tələb qaldırıb

Müflis olmuş banklara görə nə qədər zərər çəkdiyini öyrənməkdən ötrü AzadlıqRadiosu bir neçə şirkətə sorğular göndərib. Ancaq cavablarda bildirilir ki, bəzi proseslər bitmədiyindən zərərin məbləği hələ konkretləşməyib.

“Azercell Telekom” MMC-dən AzadlıqRadiosu-na verilən cavabda deyilir ki, şirkətin ölkədəki bir çox banklar, o cümlədən də ləğvetmə prosesi bitmiş və hal-hazırda ləğvetmə prosesində olan banklarla əməkdaşlığı olub: “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada “Azercell” şirkəti kreditor qismində ləğvedici qarşısında tələblər qaldırıb. Müvafiq proseslər bitmədiyindən hər hansı zərər dəyməsi ilə bağlı mülahizə bildirilməsi isə mümkün deyil”.

Buna da bax:​ 'Bank Standard'ın əmanətləri ödənir, amma…

“Kreditorların iştirakı təmin ediləcək”

Maliyyə Bazarlarına Nəzarət Palatasından isə AzadlıqRadiosu-na bildiriblər ki, Palata kreditorlar yığıncağının yaradılması təşəbbüslərini dəstəkləyir: “Bizə bununla bağlı heç bir müraciət olmayıb. kreditorların ümumi yığıncağının təşkili üçün təşəbbüs kreditorlardan gəlməlidir”. Qurum qeyd edir ki, Palata kreditorların maraqları və şəffaflıq məqsədilə “Bank Standard”-ın ləğvetmə prosesində kreditorların iştirakını təmin edəcək. Hazırda kreditor tələblərinin qeydiyyatı gedir və bu il dekabrın 12-də vaxt bitəcək. Bundan sonra qeydə alınmış tələblər yoxlanılıb, kreditorların reyestrinin təsdiqlənməsi üçün məhkəməyə təqdim ediləcək və məhkəmənin qərarından asılı olaraq kreditorların ümumi yığıncağı keçiriləcək, Palatadan belə deyilir.

Qurum onu da əlavə edir ki, “Bank Standard”-ın ləğvetmə planının qanunauyğun və qabaqcıl təcrübəyə uyğun icrasından ötrü “BM Morrison” hüquq şirkəti məsləhətçi kimi cəlb edilib: “Bankın aktivləri, passivləri və balansdan kənar öhdəliklərinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsini və şəffaflığı təmin etmək məqsədilə isə ləğvetmə prosesinə KPMG beynəlxalq audit şirkəti cəlb olunub. Bu təcrübə gələcəkdə də davam edəcək”, Palatanın mətbuat xidməti vurğulayıb.

Buna da bax: Ləğv olunan 3 bankın qorunmayan əmanətləri də ödəniləcək

Palata bildirib ki, “Bank Standard”ın nümunəsində kreditorların ümumi toplantısının ilk iclası olacaq: “Bu toplantıda kreditorlar komitəsinin formalaşmasını təklif edirik. Bu proses ictimaiyyətə tam şəffaf keçiriləcək. Ləğvetmə prosesinə dair ictimaiyyətə davamlı hesabatlar açıqlanacaq”, qurum əmin edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG